BP Azərbaycan iri dəniz yatağındakı yeni platformada hasilata başlayıb
Azəri-Çıraq -Günəşli dəniz yataqları blokunun işlənməsi layihəsinin operatoru BP şirkəti yanvarın 29-da Qərbi Çıraq platformasını istifadəyə verib və neft hasilatına başlayıb. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə bildirib.
Qeyd edək ki, yeni platformanın tikintisi AÇG blokunda neft hasilatının artırılmasını nəzərdə tutan Chirag oil project layihəsi çərçivəsində aparılıb.
Platforma dənizin 170 metr dərinliyində artıq oarada fəaliyyət göstərən Çıraq və Günəşli hasilat platformalarının arasında quraşdırılıb. Chirag oil project altı milyard dollar həcmində investisiyanı nəzərdə tutur.
AÇG-də neft hasilatının artırılması çərçivəsində tikiləcək yeni platformadan Azeri Light növlü neftin hasilatının planlaşdırılan sutkalıq həcmi 183 min barel təşkil edəcək. Yeni platformadan səmt qazının gözlənilən sutkalıq həcmi 6,5 milyon kubmetri ötəcək. Layihənin həyata keçirilməsi çərçivəsində 300 milyon barel neft hasilatı planlaşdırılır.
Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator — 35,78 faiz iştirak payı), Chevron (11,27 faiz), AzACG (11,65 faiz), INPEX (10,96 faiz), Statoil (8,56 faiz), ExxonMobil (8 faiz), TPAO (6,75 faiz), Itochu (4,3 faiz), Delta Hess (2,72 faiz).