Böyük yanlışlıqlar kitabı
İxtiralar, kəşflər, elmi dəyərləndirmələr
Polyak yazıçı və tənqidçi Karol İjikovskinin bir aforizmi var: «Nəyisə ixtira etmək azdır, gərək bu ixtiranı qiymətləndirən, heç olmazsa, onu oğurlayan olsun».
Tarixdə başqalarının adına çıxılmış ixtiralar, yaxud vaxtında qiymətləndirilməmiş kəşflər, əsrlər sonra uzun axtarışlar nəticəsində yenidən üstü açılmış təbiət sirləri çoxdur. Desək ki, Edison lampasını Edison icad etməyib, XVIII əsrdə sənaye inqilabının əsasını qoymuş buxar mühərriki isə eramızın birinci yüzilliyində kəşf olunub, əksəriyyət inanmaz. Amma bilin ki, bu, belədir. Telefonun əsl ixtiraçısı Antonio Meuççi həyatının son 13 ilini onun kəşfini mənimsəyərək milyonlar qazananlara qarşı məhkəmə proseslərində keçirib və ömrünü səfalət içində başa vurub. İlk kino aparatını Lümyer qardaşlarından 7 il əvvəl yaratmış Lui de Prins ixtirası ilə birgə gecə qatarından müəmmalı şəkildə yoxa çıxıb və tezliklə unudulub.
Avtomat qələmlə yazırıq, həyatımızı telefonsuz, radiosuz, kinosuz təsəvvür etmirik, saatlarla kompüterin qarşısından qalxmırıq. Düşünmürük ki, bunları kim, necə icad edib, adi məişət qurğu və əşyalarına çevrilmiş bu möcüzələrin ixtiraçılarının adını bəzən heç düz deyə də bilmirik. Təkcə ona görə yox ki, maraqlanmamışıq, bir sıra hallarda həm də ona görə ki, bizə yanlış məlumat veriblər və bu yanlışlıqları kitabdan kitaba, lüğətdən lüğətə köçürə-köçürə növbəti nəsillərə ötürməkdə davam edirik.
Gəlin bu səhvləri düzəltməyə, ömrünü həyatımızı yüngülləşdirməyə və insanların rifahını yüksəltməyə sərf edənlərin haqqını özlərinə qaytarmağa cəhd göstərək.
7. Kinonu və kino aparatını kim ixtira edib?
Əgər 1890-cı il sentyabrın 16-da fransız əsilli ingilis fotoqraf Lui Le Prins müəmmalı surətdə yoxa çıxmasaydı, indi dünya kinematoqrafiyasının paytaxtı Parisin Kapusinlər bulvarı yox, Lids şəhəri yaxınlığındakı Raundhey qəsəbəsi sayılırdı.
Buna baxmayaraq, təkzibolunmaz faktlar əsasında deyə bilərik ki, tarixdə ilk kino aparatının ixtiraçısı və ilk filmin müəllifi, dərsliklərdə yazıldığı kimi, parisli Lümyer qardaşları deyil, məhz Lui de Prinsdir.
Hərəkət edən şəkillər çəkmək və nümayiş etdirmək imkanı verən aparat yaratmağa XIX əsrin 30-cu illərindən başlayaraq çoxları cəhd göstərirdi. 1870-ci illərin sonlarında isə xəbər yayıldı ki, amerikalı fotoqraf Edvard Meybric, nəhayət, bu işin öhdəsindən gəlib. İki nəfərin mübahisəsini həll etmək üçün o, xüsusi qurğu fikirləşib. Kaliforniya ştatının qubernatoru deyirmiş ki, at qaçanda dörd ayağını da eyni vaxtda yerdən qoparır, mərc kəsən digər tərəfsə atın ayaqlarından ən azı birinin həmişə yerdə qaldığını iddia edirmiş. Meybric qubernatorun puluna xüsusi meydança — «fotodrom» hazırlayır və sahənin kənarında bir-birinə yaxın məsafədə çoxlu sayda fotokamera yerləşdirir. Onlar ardıcıl olaraq işə düşür, atın qaçış fazalarını qeydə alırlar. Sonra isə Meybric özünün icad etdiyi və zoopraksiskop adlandırdığı proyektorda şəkilləri hərəkətə gətirir, qaçan atın ani də olsa bütün ayaqlarını yerdən qopardığını sübuta yetirir.
Bu, əlbəttə, film deyildi, ardıcıl olaraq işə salınan fotokameraları da kinoaparat adlandırmaq olmazdı. Amma Meybricin eksperimenti 1881-ci ildə ABŞ-a köçmüş Le Prinsə ideya verdi və o, burada özünün ilk 16 linzalı aparatını yaratdı. Aparat işə yaramadı: linzalar obyekti 16 fərqli rakursdan qeydə alırdı, ona görə də kadrlarda obyektin hərəkəti daha çox sıçrayışa bənzəyirdi.
1887-ci ildə Le Prins həyat yoldaşını Amerikada qoyub İngiltərənin Lids şəhərinə qayıtdı, burada təklinzalı kinoaparat üzərində işini yekunlaşdırdı və ixtirasını patentləşdirdi. Patentdə saniyədə 20 kadr çəkən və canlı şəkilləri nümayiş etdirən aparat, həmçinin metodun müəllifliyinin təsdiq olunduğu göstərilirdi.
1888-ci il oktyabr ayının 14-də Lui tarixdə ilk olaraq «Raundhey bağında səhnə», ardınca «Lids körpüsündə nəqliyyatın hərəkəti» və «Akkordeon çalan» filmlərini yaratdı. Fotoemulsiya örtüklü kağız lent üzərində çəkilmiş filmlərdən birincisi təxminən iki saniyə, ikincisi 3 saniyəyə yaxın, sonuncusu 7 saniyə davam edirdi. Aktyorlar Le Prinsin ailə üzvləri və qohumları idilər. (Filmlərə aşağıdakı linklərdən istifadə etməklə Youtube-da baxa bilərsiniz: http://www.youtube.com/watch?v=F1i40rnpOsA; http://www.youtube.com/watch?v=L7saH58usq4; http://www.youtube.com/watch?v=jwQcY1-XM6U, Le Prensin kinoaparatı isə hazırda Böyük Britaniyanın Milli Media muzeyində saxlanılır).
1890-cı ildə Le Prins Amerikada yaşayan ailəsinin yanına qayıtmağa qərar verdi. ABŞ-da o, öz ixtirasından yaxşı qazanc əldə edə bilərdi. Luinin həyat yoldaşı Nyu-Yorkdakı evlərində kinoseanslar təşkil etmək üçün xüsusi zal da hazırlayırdı. Amma əvvəlcə Le Prins vətəni Fransada bəzi işləri yoluna qoymalı idi. Sentyabrın 16-da gecə saat 3-ə yaxın qardaşı Albert onu Dijon stansiyasından Parisə yola saldı. Le Prins kinoaparat, proyektor, çertyojlar da daxil, bütün yükünü özü ilə götürmüşdü. Parisdən Nyu-Yorka gedəcəkdi. Lakin həmin gecə ixtiraçı yükü ilə birlikdə qatardan yoxa çıxdı. Onu bir daha görən olmadı. İllərlə davam edən axtarış heç bir nəticə vermədi.
Le Prins yoxa çıxandan beş il sonra Fransalı Lui Jan və Oqyust Lümyer qardaşları «kinematoqraf» adı verdikləri yeni aparat və proyektor ixtira etdilər. 1895-ci ilin dekabr ayının 28-də Kapusinlər bulvarındakı «Qran-kafe»də ilk pullu kino seansı təşkil olundu. Lümyer qardaşları bu seansda hər biri 40-50 saniyə davam edən 10 film nümayiş etdirdilər. Növbəti ildə isə dünya turnesinə çıxdılar və adlarını kino aparatının ixtiraçıları, ilk filmin müəllifləri kimi tarixə yazdılar.
Cəmi 2 il yarımdan sonra — 1898-ci ilin avqust ayının 2-də Bakıda da Vasilyev-Vyatskinin teatr-sirkində ilk kino seansı keçirildi. Onu 1884-cü ildən Bakıya köçmüş ukraynalı fotoqraf Aleksandr Mişon təşkil etdi. Mişon özünün istehsal etdiyi qısametrajlı sənədli filmləri («İyulun 27-də Bibiheybətdə neft fontanı yanğını», «Şəhər bağında xalq gəzintisi», «Qafqaz rəqsi» və s.), «İlişdin» adlı bir dəqiqəlik bədii kino süjetini tamaşaçılara təqdim etdi. Həmin tarix hazırda Azərbaycanda Kino günü kimi qeyd olunur.