Muəllif:

Böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq

 Heydər Əliyev Mərkəzində çağdaş dünya  incəsənətinin görkəmli təmsiçisi, böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq.  Mərkəzin Toni Kreqq Studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunan və aprelin 9-dan avqustun 31-dək davam edən ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək, deyə APA xəbər verir.

Toni Kreqq 1949-cu il aprelin 9-da Liverpulda doğulub. 1966-68-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləyib. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Toni Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək, Almaniyanın Vuppertal şəhərinə köçüb və sərgilərlə çıxış etməyə başlayıb. O, hazırda Düsseldorf İncəsənət Akademiyasının rektorudur.

Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Toni Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.

Fərqli ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində ünlü Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 198