Böyük Britaniya XİN Məmmədov və Yaqublu barəsində hökmü «siyasi motivli» sayır
Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanda müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmə prosesinin gedişindən və çıxarılmış hökmdən dərin narahatlığını ifadə edir. Britaniya XİN düşünür ki, REAL hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya çıxaılan hökm Azərbaycanda məhkəmələrin müstəqilliyi və özünü müdafiə haqqının effektiv həyata keçirilməsi məsələləri ilə bağlı ciddi suallar doğurur.
Nazirliyin sözçüsü deyib ki, nazir özü 2013-cü ilin dekabrında Bakıda səfərdə olarkən sözügedən şəxslərlə bağlı məsələni qaldırmışdı. Bakıdakı Britaniya səfirliyinin əməkdaşları da məhkəməni yaxından izləmişdilər: “Biz məhkəmə gedişatının bir sıra aspektlərindən narahatıq. Həmin aspektlər hökmün siyasi motivli olması təəssüratını gücləndirir. ”
İlqar Məmmədov (7 illik həbs cəzası) və Tofiq Yaqublu (5 illik cəza) keçən il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə saxlanıb, ictimai asayişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunublar (Turan).