Borc üstündə 26 yaşlı gənci öldürənlərə hökm oxundu
Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala rayon sakinləri – Fizuli İsmayılov, Vaqif İsmayılov, Qeysər Əlizadənin cinayət işi üzrə məhkəmə başa çatıb. Ittihama görə, 36 yaşlı Fizuli İsmayılov, 31 yaşlı Vaqif İsmayılov və 33 yaşlı Qeysər Əlizadə Zaqatala rayonun Yuxarı Tala kəndində fəaliyyət göstərən yeməkxanalardan birinin qarşısında 26 yaşlı İbrahim Həsənov ilə mübahisə ediblər. Mübahisə zamanı Fizuli İsmayılov İbrahim Həsənova çoxsaylı bıçaq zərbələri vurub. İbrahim Həsənov hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İbrahim Həsənovu öldürən 34 yaşlı Fizuli İsmayılov saxlanılıb. Ev alqı-satqısı ilə məşğul olan Fizulinin mərhum Ibrahim Həsənova borcu olub. Borc üstündə yaranan mübahisə sonuncunun ölümü ilə nəticələnib. Fizuli Ismayilov cinayəti törətdikdən sonra Azərbaycanı tərk etmək istəsə də, hüquq mühafizə orqanlarının sayıqlıqı nəticəsində o tutulub. Onun ifadəsi əsasında digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb edilib.
Məhkəmənin hökmü ilə Fizuli İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. Vaqif İsmayılov 1 il, Qeysər Əlizadə 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin həbsdə olduqları gün hesablanaraq, həbsdə saxlanma müddətləri başa çatıb. Buna görə də onlar məhkəmə zalından azadlığa buraxılıblar.