Biz kimik?
Dünən 1991-ci ilin yanvarından Ukrayna Vaadı, yəni Ukrayna yəhudi təşkilat və cəmiyyətləri qurumu tərəfindən nəşr olunan «Xadaşot» qəzetində Kiyev Maydanının özünümüdafiə dəstələrindən birinə rəhbərlik edən yəhudinin müsahibəsini oxudum. Ukraynadakı proseslərə daha bir münasibətlə tanış olmaq baxımından xeyli maraqlı yazıdır. Məni həmin müsahibədə iki məqam silkələdi — İsrail ordusunda qulluq etmiş bu adamın indi yaşadığı Ukraynaya bir ölkə kimi verdiyi qiymət və oradakı azərbaycanlılar haqqında söylədikləri…
Müsahibənin qəhrəmanı Ukrayna və oradakı insanlara «Bu ölkədə, tək elə bir Maydanı görməkçün yaşamağa dəyərmiş», — deyərək qiymət verir. Bilmirəm, onun bu söylədiklərinin şərhə ehtiyacı varmı? Düşünmürəm, hər halda onun nə demək istədiyini ancaq bilənlər bilər.
Yəqin ki, hörmətli oxucunu bu məqamdan daha çox, onun azərbaycanlılar haqda nə dediyi maraqlandırır. Xeyr, düz tapmadınız. Bizimkiləri aşağılamır, əksinə, onların əksəriyyətinin Ukrayna bazarlarında alver edənlər olduğunu qeyd etsə də, hamı kimi barrikadalarda olduqlarını və çox yüksək nizam-intizam nümayiş etdirdiklərini bildirir. Qəribədir, deyilmi?
Bizimkilərin Ukrayna maydanlarında barrikadalara nədən çıxdıqları barədə düşünürkən son zamanlar cəmiyyətdə ən kəskin müzakirə mövzusuna çevrilmiş bir məqam da yadıma düşdü — yenə də bizimkilərin Suriya və Əfqanıstandakı döyüşlərdə iştirakı…
Elə bu günlərdəcə prezident dəftərxanasının ideoloji yükünün qübbəsi altına girib bir Atlant kimi onu çiynində saxlayanlardan biri və bəlkə də ən birincisi olan Əli Həsənov da dilə gəlib və deyib ki, həmvətənlərimizin digər ölkələrdəki münaqişələrə qatılması, kimlərinsə ideyaları uğrunda savaşması bizi narahat etməyə bilməz, çünki onlar bizim vətəndaşlarımızdır və dövlət onların taleyinə biganə qala bilməz. Qızıl kimi sözlərdir, amma bizimkilərin nədən öz vətənləri dura-dura özgə ölkələrdə döyüşməyə hazır olduqları məndə böyük və acı bir sual doğurur. Sualın acılığı isə, yəqin ki, onun özündə deyil, cavabındadır…
Bu yaxınlarda ANS-dən olan həmkarlarım məni Suriyada döyüşən və həlak olan soydaşlarımıza həsr edilmiş söhbətə dəvət etmişdilər. Sağ olsunlar ki, bu problemə biganə qalmırlar, amma… Bilirsiniz amması nədədir? Veriliş efirə gedəndə bu məsələnin düşündürə biləcəyi və qərar qəbul etmək səlahiyyəti olan insanların böyük əksəriyyətinin həmin vaxt işdə olmasında! Televiziyada «prime-time» anlayışı var, yəni «ən baxımlı zaman». Günün-günorta çağında isə televizora ya təqaüdçülər, ya da evdar qadınlar baxır. «Prime-time»da isə, ifadəmə görə hörmətli oxucudan dəfələrlə üzr istəyirəm, ya qəhrəmanları manıslar olan diringi şoular, ya da onlardan heç nə ilə fərqlənməyən siyasətbazların məntiqsiz tok-şouları gedir. Televiziya barədə daha danışmayacam. Bunu elə bu nömrədəcə daha peşəkarcasına Qulu Məhərrəmli edib.
Lev Qumilyova görə, hansısa bir məqsədə çatmaq üçün canından belə keçməyə hazır olan insanlar passionarlığın daşıyıcılarıdırlar. Amma MƏQSƏD İDEYAsız olmur. Deməli, bizim bir ideyamız yoxdur, yəni MİLLİ İDEYA deyə bir MƏQSƏDİMİZ də yoxdur. Bəlkə elə buna görədir ki, vətəndaşlarımızın bir qismi passionar təbiətli olduqlarından radikallaşaraq Dinə tapınır və Suriya, Əfqanıstan kimi ölkələrə şəhid olub Cənnətə düşmək üçün döyüşə gedir, digərlərisə Ukrayna maydanlarındakı barrikadalara çıxırlar?! Mən hələ xaricdə əla təhsil almış gənclərimizin qürbət ölkələrdə gözəl mütəxəssis kimi özlərinə iş tapdıqları və yad cəmiyyətə xeyir verə bildikləri halda, VƏTƏNDƏ heç kimə lazım olmadıqlarını demirəm. Tək TƏPƏRLİ və CİYƏRLİ deyil, BEYNİ, TƏFƏKKÜRÜ və AĞLI olanlar da qürbətə KÖÇ edirlər. KÖÇdən sonra isə yerdə ancaq inzibati ərazi qalır, VƏTƏN ÖLÜR!
***
Kiyevli yəhudinin bugünkü Ukrayna haqqında dediklərinə diqqətinizi bir daha çəkirəm: «Bu ölkədə, tək elə bir Maydanı görməkçün yaşamağa dəyərmiş». Və nə qədər ki, hər birimiz özümüz-özümüzə Azərbaycan haqqında «BU ÖLKƏDƏ YAŞAMAĞA VƏ ONUN UĞRUNDA ÖLMƏYƏ DƏYƏR» deyəcəyiksə, bu TORPAQ VƏTƏN olacaq. Və onda heç birimiz BİR QARIN ÇÖRƏK, FİRAVAN HƏYAT və nəhayət, ƏDALƏT axtarışında dağa-daşa düşməyəcəyik.
***
ANS-dəki verilişdə auditoriyaya bir sual verdim, elə özüm də onu cavablandırdım. Soruşdum ki, biz kimik? Yəni «türk, azərbaycanlı, müsəlman» məfhumlarını sıralamağımızdan asılı olaraq buna cavab verməliyik. Şəxsən mən özümü AZƏRBAYCANLI, TÜRK və daha sonra MÜSƏLMAN kimi qavrayıram. Bəs siz?
[email protected]