Birinci qrup əlillər 60 manat prezident təqaüdü də alacaqlar
Prezident İlham Əliyev “Əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb.
Sənədə görə, yuxarıda sadalanan səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlar 60 manat prezident təqaüdü alacaqlar.
“Müharibə əlillərinə Azərbaycan prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərmana görə, “Müharibə əlillərinə prezident təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilib.
Fərman aprelin 1-dən qüvvəyə minir.
Bundan başqa, müharibələrdə, döyüş əməliyyatlarında iştirak etməyən işçilərin müavinətləri 8 manat artırılıb. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sənədə görə, əmək pensiyası almaq hüququ olmayan və Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi illərində cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərin, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərin və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin sosial müavinətləri 45 manat müəyyən edilib.
Bundan öncə həmin şəxslərin sosial müavinətləri 37 manat idi.
Fərman aprelin 1-dən qüvvəyə minir.