Birimiz İstanbulda ölürük, birimiz Bakıda…
«Bir ölkənin hansı vəziyyətdə olduğunu öyrənmək istəyirsənsə, insanının necə ölməyinə diqqət yetir»
Alber Kamyu
Xərçəngdən əziyyət çəkən, 1 aydır ki, sosial şəbəkələrdən ümidli gözləri ilə üzümüzə gülən Nərmin Hüseynli dünyasını dəyişdi. Nərminin sağalması üçün qəpik-qəpik pul toplayan, kitabını satışa çıxaran dostların da ümidləri Nərminlə bərabər dəfn olundu. Soruşa bilərsiniz: Hansı ümid?
Yaşamağa, gəncliyin yaşamağına, gəncliyin sabahına olan ümidlər. Çünki bu ölkənin ən yorğunu, ən əzgini-bezgini, həyatdan küskünü məhz gənclikdir. Uşaqlığı və yeniyetməliyi müharibənin fəsadları ilə məhv olmuş, uşaqlıq yaşamamış, yetkinliyi ilə gəncliyinin arasında bircə gün məsafə olan «gənclik».
Nə vaxtsa öz ölkəmizdə müalicə üçün mümkün vasitələrimizin olması haqda ümidlər. Sağalmaq üçün dostlarımızı qapı-qapı pul yığmaq üçün salmayacağımız, tibbi sığortamızın olacağı ümid…
Mənim az-çox ümidim qalıb. Ümid edirəm ki, Nərminin yaşamaq eşqi ilə yanan gözləri neçə-neçə ömrə son qoyan, düzgün diaqnoz qoya bilməyən, saxta firma dərmanları satan, xəstənin qohumlarını xəstə dünyasını dəyişənə qədər dəfələrlə öldürən həkimlərin yuxusuna girəcək. Nərmin öz ölkəsində müalicə ala bilmədi. Həyatı başlamadan yarıda qaldı. Halbuki səhiyyəsi inkişaf etmiş Almaniyanın xərçəng xəstəsi ən azı 10-15 il, hətta daha çox yaşaya bilir. Biz Nərmini yaşada bilmədik.
Türkiyə gündəmi, yaşantısı ilə həyatımızın bir parçasıdır. Orda baş verən hər şeyi bəlkə də onlardan daha yaxşı hiss edirik, görə bilirik. Türkiyə və Azərbaycanla bağlı bütün pafoslu cümlələr deyilib qurtarıb. Bircə onu deyə bilərəm ki, Türkiyənin ağrısını, alt-üst olmasını ürəyimin başında hiss edirəm. İstanbullunun üstünə su şırnaqları töküləndə mən Bakıda donuram.
9 ay öncə evindən çörək almaq üçün çıxan, polisin qaz fişəngindən xəsarət alan Bərkin Əlvanın ölüm xəbəri yayıldı. Bərkin Əlvan «Gəzi» hadisələri zamanı xəsarət almışdı. Onun cəmi 14 yaşı var idi. Əlinə heç vaxt silah və ya partlayıcı dəyməmişdi. Havaya fişəng atan yaşı idi. O, havaya sevinc fişəngləri ata bilməsə də, başına qaz fişəngi dəydi. Anası onu çörək almağa göndərmişdi. O gündən 9 ay keçsə də, nə anası, nə də Bərkin çörək yeyə bilməmişdi. Bərkin aylar idi ki, xəstə yatağında ölümlə həyat arasında çarpışırdı. Çəkisi 45kq-dan 16-ya düşmüşdü. Səhər erkəndən, İstanbul gözünü açmadan ruhunu zəif çiyinlərinə alıb uzaqlara apardı. Getdiyi yerlərdə qaz fişəngi, bomba, su şırnağı olmayacaq. Bərkin bir də çörək yeməyəcək, anası Bərkini bir də çörək almaq üçün dükana göndərməyəcək. Dünən Nərmin, bu gün Bərkin…
Həyatın ətəklərindən sallaşıb yaşamaq istədikcə, həyat ətəklərini qaz fişəngləri, xərçənglə kəsib bizdən uzaqlaşır. Nərminlər xərçəngdən Bakıda, Bərkinlər qaz fişənglərindən İstanbulda gözlərini yumur. Birimiz İstanbulda ölürük, birimiz Bakıda…
Nərminlə Bərkinin ölümü arasında fərq odur ki, «Gəzi» olayları hadisələrində qaz bombalarından, su şırnağından istifadə edilməsinə, polisin şiddət göstərməsinə baş nazir «mən əmr verdim» deyə münasibət bildirmişdi. Beləliklə, «Gəzi»də ölən və yaralananların məsuliyyətini öz üzərinə götürmüşdü. Nərminin isə ölümünün məsuliyyətini heç kim üzərinə götürmür.
Həyat, bunun adı vurub qaçmaq deyilsə, bəs nədir?