Muəllif:

Bir dəli bir quyuya bir daş atdı…

Ankara

Harun ər-Rəşid həmişə Şeyx Bəhlulu məclisinə çağırtdırıb, onun hazırcavablığından zövqlənib əylənərmiş. Günlərin bir günü xəlifənin vəzirlərindən biri ələ salmaq məqsədilə Bəhlula deyir:
— Muştuluğumu ver, Bəhlul! Əmirəlmöminin səni öküz və eşşəklərə sərkərdə təyin etmişdir.
Bəhlul deyir:
— Deməli, sən də mənim rəiyyətlərimdən birisən. Elə isə əmrimdə müntəzir dur!
Yanvar ayında əsir düşən, ötən həftə isə Ermənistana qaytarılan 77 yaşlı Mamikon Xocayan özünü hələ də Azərbaycanda zənn edir. Bunu Xocayanın qızı deyib. Yeqina Vartazaryanın sözlərinə görə, atası hələ Ermənistana qayıtdığını dərk etmir.
Erməni qocanın halı hətta, öz oğlunu belə hirsləndirib. Bir çox erməni kimi çörək pulu arxasınca Rusiyada olan Hamlet Xocayan «yeddi uşaq böyüdəsən, sonda da qocalıqda belə hala düşəsən» deyib.
Qeyd edək ki, Ermənistan mətbuatı ötən gün qarşı tərəfə təhvil verilən əsir Mamikon Xocayanın görüntülərini yayıb. ANS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, erməni tərəfi əsirin Azərbaycanda olarkən işgəncələrə məruz qaldığını, zədələndiyini iddia edib. Bizim müdəfiə nazirliyimiz iddia edir ki, Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb. Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.
V.Dərgahlı deyib ki, erməni diversiya qrupunun bələdçisi olan M.Xocayan əsir düşərkən yaralı olub. Yerində tibbi yardım göstərildikdən sonra o, Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, qolundan güllə çıxarılıb, həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib.
«Əsir Mamikon Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb. Əsirlik müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə belə o, heç bir şikayət etməyib. Eləcə də, komitə tərəfindən ona qarşı işgəncə faktı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin bu iddiaları onların növbəti cəfəngiyyatıdır və heç bir əsası yoxdur», — deyə V. Dərgahlı vurğulayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, həmişə əsirlərə qarşı insani mövqedə dayanır. Belə ki, hazırda Azərbaycanda saxlanılan erməni əsir ailə nə öz ölkəsinə, nə də üçüncü ölkəyə getmək istəyir.
67 yaşlı Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.
Məndən yaşlı bir müdrik dostum var. O, siyasətçilərin müşavirlərini üç dərəcəyə bölür. Dostumun fikrincə, ən yaxşı müşavirlər problemin yaranmasını gözləmirlər. Onlar problemin yaranmasını önləyəcək məsləhətlər verirlər. Amma belələrini lap Bəhlul Danəndənin dediyi kimi, barmaqla saymaq olar. Belələrinin dəyəri yoxdur. Çünki belələri gələcəyə yönəlik strateji təhlil bacarığına malikdirlər. Onlar ilk nəzərdən bir-biri ilə heç bir əlaqəsi olmayan proseslər arasında məntiqi bağlılığı görə bilirlər.
Dostum problem yaranandan sonra, nəticələrini aradan qaldırmağa yönələn məsləhətlər verən müşavirləri ikinci dərəcəyə aid edir. Belələri də dəyərlidir və sayları o qədər də çox deyil. Belələri tam mənzərəni görmək bacarığında deyillər. Amma konkret bir istiqamətdə baş verənləri bütün incəliklərinə və xırdalıqlarına qədər gözlərinin önündə canlandıra bilirlər.
Dostum üçüncü dərəcəyə olmayan yerdə problem yaradan müşavirləri aid edir. Elələri nə strateji perspektiv təhdidləri öncədən görüb təhlükəni yaranmadan neytrallaşdıra, nə də artıq yaranmış problemlərin həlli yollarını bilirlər. Yəni pozitiv bir şey «istehsal» etməyə qadir deyillər. Amma susa da bilmirlər. Çünki sussalar, onların fərsizliyi xidmətində durduqları kişilərə faş olar. Dostum belələrini «təşəbbüskar axmaqlar» adlandırır. Belələrinin sayı-hesabı yoxdur. Ən dəhşətlisi odur ki, qərar verməli olan adamların ətrafında, söhbət daha çox siyasət alanından gedir, belələləri əksəriyyət təşkil edir. Hətta dəfələrlə olmayan yerdə problem yaradanları belə, əksər hallarda, qapıdan qovmurlar. Bunun isə yalnız iki səbəbi ola bilər: ya məsləhətə ehtiyacı olan kişi «təşəbbüskar axmağın» qurbanı olduğunu etiraf etmək istəmir, ya da özü müşavirlərindən heç nə ilə fərqlənmir.
İnanıram ki, bu 67 yaşlı erməniyə heç kim işgəncə verməyib. Özü də söhbət humanizm nümayişindən getmir. Əgər işgəncə versəydilər, jurnalistlərin qarşısına çıxıb «Kapital»ın müəllifi olduğunu belə etiraf edərdi. Əminəm ki, xüsusu xidmət orqanlarının nümayəndələri erməni diversant qrupunun «bələdçisi» ilə yaxından tanış olan kimi bu şəxsin ətrafında baş verən gerçəkliklərə adekvat reaksiya verə bilmədiyini anlamışlar.
Ermənilərin arasında da «təşəbbüskar axmaqlar» az deyil. Dünya gör-götür dünyasıdır. Biz də bir-birimizdən görüb götürürük. İndi onlar da bütün dünyanı inandırmaq istəyirlər ki, bu ağıldan kəm erməni Azərbaycan əsirliyində olmazın işgəncələrə məruz qalıb.
Amma məni heç vaxt cavabını ala bilməyəcəyim bir sualın cavabı maraqlandırır: birinci olaraq bu ağıldan kəm ermənini təxribat qrupunun «bələdçisi» elan edən və nəticə etibarı ilə bizim üçün olmayan yerdə problem yaradan «təşəbbüskar axmağın» adını bilmək istəyirəm. Çünki hər şey ondan başladı. Bax burada deyərlər ki, «bir dəli bir quyuya bir daş atdı…». Sözsüz ki, bu fikri ilk səsləndirən «təşəbbüskar axmaqdan» yuxarılara doğru gedən zəncirdə onun kimilər az deyil. Amma, əminəm ki, bu zəncirdə birinci və ikinci dərəcəyə aid ağıllılar da var. Hətta əminliklə deyə bilərəm ki, ikinci dərəcəyə aid edilə biləcək ağıllılar bir qədər keçəndən sonra bu «genişmiqyaslı təxribat» olayından «vaz keçməyi» məsləhət görüblər. Allah canlarını sağ etsin. Ziyanın yarısından qayıtmaq da xeyirdir.
Problem ağıldan kəm ermənidə deyil. Bu çox bəsit İQ testi idi. Bütün zəncir üçün. Və zəncir bu testdən üzü ağ çıxa bilmədi. Bir sözlə, işimiz çox fənadır. Çünki qarşıda bizi dəfələrlə mürəkkəb testlər gözləyir. Yazımı Bəhlul Danəndə ilə bitirmək istəyirəm. Günlərin bir günü Bəhlula deyirlər:
— Ey Bəhlul, Bəsrə divanələrini saya bilərsənmi?
Bəhlul deyir:
— Siz mənə müşkül iş buyurursunuz. Onları saymaqla qurtaran deyil. Desəniz ağıllıları say, bu başqa məsələ. Sayaram. Onlar siz deyən qədər də çox deyil.
Əlavə edəcək bir söz yox!!!
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 590