Beyin dərisinin altında yerləşən media
Bayramlardan sonra ilk iş günü saytlarda xəbərlərə baxdım və heyrətdən dondum. Yazırdılar ki, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bir neçə gün əvvəl beynindən əməliyyat olunub. Bir yerdə hətta oxudum ki, şişini kəsib götürüblər və Yadigar özü bunu təsdiq edib! Hər xəbərin böyründə də təşkilat sədrinin gülən yerdə şəklini verirdilər.
Əvvəl Yadigarın gülüşündən şübhələndim. Beyinlə belə zarafat etməzlər axı?! Sonra yadıma düşdü ki, mən onunla srağagün telefonla danışmışam, heç dili də topuq vurmurdu. Tez nömrəsini yığdım, məşğul idi. Bir neçə dəfə ardıcıl zəng etdim, düşə bilmədim. Yəqin, mənim kimilərdi, fikirləşdim, hal-əhval tutmaq üçün növbəyə düzülüblər.
Axır, Yadigarın özü zəng etdi. Soruşdum, nə məsələdir? Dedi, ciddi heç nə yoxdur, baş tərəfdə dərinin altında balaca piy tuluğu varmış, onu çıxartdırıb. Bir-iki günə tikişi də sökdürəcək, vəssalam. Jurnalistlər özləri bəzəyiblər.
Ağlıma gəldi ki, nə yaxşı, Yadigarın qoca anası Masallıda sayt-qəzet oxumur!
Şəxsi telefon söhbətimizi mətbuata çıxardığım üçün Yadigar Məmmədlidən üzr istərdim. Amma məsələni «yüksək ictimai maraq doğuran» mövzuya yönəltməyim məni məsuliyyətdən azad edir. Axı «beyin əməliyyatı» barədə məlumat yayan KİV-lərin əksəriyyəti heç xəbəri dəqiqləşdirməyə də cəhd göstərməyib. Cəhd edənlərin isə ürəyi də tıppıldamayıb ki, ey dili-qafil, axı beyin, sadəcə, dərinin altında yerləşmir! Bu «sirlər qutusu»na müdaxilə olsaydı, Yadigar belə gümrah izahat verməzdi. Yox, əgər xəbəri, «zərərçəkən» demiş, qəsdən bəzəyiblərsə, bu, lap pis!
Bizə jurnalistika öyrədən müəllimlərimiz deyirdilər ki, materialda adi hərf səhvi də oxucunun mətbuata inamını azaldır. İndi dərinin altı ilə beyni səhv salan mediaya inamın azalmasına təəccüblənmək olarmı? Tanınmış bir şəxs, öz həmkarları haqqında çox həssas mövzuda məlumata bu dərəcədə məsuliyyətsiz yanaşan jurnalistlərin tanımadıqları, sıravi adamlar barədə xəbərləri necə «bəzədiklərini» təsəvvür etmək çətindirmi?
Başqa bir tanınmış jurnalist, Qabil Abbasoğlu danışır ki, bir dəfə redaksiya dəhlizində hay-küy eşidib, otaqdan çıxdım:»İki nəfər ortalıqda durub qışqırışır, əməkdaşlarımız onları heç cür sakitləşdirə bilmirdi. Nə baş verdiyini soruşdum. «Basqınçılardan» biri dedi ki, dünən bir nəfərin qonşusunu öldürdüyü barədə məlumat dərc etmisiniz, ünvanı, «qatil»in də, onun «qurbanı»nın da adlarını göstərmisiniz. Bax, mən həmin «öldürən» adamam, gəlmişəm, biləsiniz ki, xəbər başdan-ayağa yalandır və məni el içində rüsvay etdiyiniz üçün sizdən haqq-hesab soruşum. Üzrxahlıq etmək, xəbəri agentliklərin birindən götürdüyümüzü, məsələni araşdırıb, təkzib verməyə hazır olduğumuzu demək istəyirdim, gələnin yanındakı balacaboy kişi qoymurdu, üstümə «qatil»dən bərk çığırırdı. Axır, ona tərəf dönüb soruşdum ki, əşşi, sən nə istəyirsən, bu kişinin dərdini başa düşdük, sən niyə çığırırsan? Dedi, bəs mən də bunun «öldürdüyü» adamam da! Sizə görə mərəkəyə çıxa bilmirəm. Elə baxırlar, elə bil xortlayıb qəbirdən qalxmışam».
[email protected]