Muəllif:

Belə məmləkətdə…

Birdən-birə göy şaqqıldadı, səhranı amiranə bir səs bürüdü:
— Ey bəni-insan, ayaq saxla!
Əlində əsa, başında çalma, çiynində xurcun, uzun əbasının ətəkləri yellənə-yellənə yol gedən insan övladı səhranı başına götürən bu zəhmli səsdən diksindi. Vahimə içində ətrafa boylandı və qumlu təpələrdən, hardasa xışıldayan sirkən kollarından başqa heç nə görməyəndə dilinə kəlmeyi-şəhadət gətirib yoluna davam etmək istədi. Amma ikicə addım atmamış zəhmli səs yenidən səhranı başına götürdü.
— Sənə dedim, ayaq saxla!
O, bu dəfə əsasını, çiynindəki xurcunu kənara atıb dizi üstə yerə döşəndi. Alnını quma sürtdü, sonra diz çöküb əllərini göyə qaldırdı.
— Ey yeri-göyü yaradan, mən nə günah işləmişəm?
— Kişi, ayağa dur.
İnsan övladı bir az sakitləşdi, ayağa qalxdı, əlini sinəsində çarpazlayıb qul kimi dayandı.
— Ey bəni-adəm, bu yol ilə düz gedərsən, yeddi səhra, yeddi bələn, yeddi çay keçərsən. Qabağına güllü-çiçəkli, bağ-bağatlı, axar-baxarlı bir diyar çıxacaq, orada dayanarsan. Səni həmin məmləkətə peyğəmbər təyin edirəm.
İnsan oğlu tir-tir əsdi, eşitdiklərinə inana bilmədi. Ona elə gəldi ki, axşamüstüdür, bu kimsəsiz səhrada onu qara basır. Dodaqlarını tərpədib dilinə kəlmeyi-şəhadət gətirmək istədi ki, şər qüvvələr başından dağılsın. Elə bu vaxt yenə həmin zəhmli səsi eşitdi:
— Niyə durmusan, yola düş, uğurun xeyirli olsun…
Kişi tələsik əsasını götürdü, xurcununu çiyninə aldı, vahimə içində, tez-tez dönüb geri baxa-baxa, ətəyi yellənə-yellənə yola düşdü. Yeddi bələn aşdı, yeddi çay adladı, yeddi səhradan keçdi, qırx gün-qırx gecə ayaq döyəndən sonra deyilən yerə gəlib çatdı. Nəfəsini dərib boylandı. Uzaqda solğun işıq gördü. İşığa üz tutdu. Gəlib bir dəyirmana çıxdı.
Dəyirmançı bayırda insan hənirtisi duyub qapını açdı. Başında çalma, əsa, çiynində xurcun, uzun əbasının ətəyi yellənən saç-saqqal basmış, dərvişanə kişini görəndə başa düşdü ki, qarşısında dayanan insan uzun yol yorğunudur, ayaq üstə güclə dayanır.
— Yolun hayanadır, qərib qardaş?
— Elə sizin diyara gəlmişəm. Gecələməyə yer verərsənmi?
— Buyur, buyur, qərib qardaş, bu nə sözdür, qonaq Allah qonağıdır. Qərib ikiqat əyilib qapıdan içəri keçdi. Alaqaranlıqda, evin ortasında xeyli dayandı. Gözü qaranlığa alışandan sonra gördü ki, evin pərənləri, kərdiləri ocaq hisindən qapqara qaralmışdır. Küncdə balaca bir taxt var, üstünə nimdaş kilim, yamaqlı mütəkkə, mitil yorğan-döşək atılmışdır. Qara aftafa hisli buxarıda qaynayır. Dəyirmançı onun altına döşəkcə atdı, mütəkkə gətirdi. Qərib əbasını çıxardıb ayağını soyundu. Mütəkkəyə dirsəklənib gərnəşdi, sümükləri şaqqıldadı. İndi başa düşdü ki, yaman yorulmuşdur. Ayaqları şişib və bütün bədəni gizildəyir.
Dəyirmançı qonaqdan heç nə soruşmadı. Çay gətirdi, su gətirdi. Ortaya yamaqlı süfrə saldı. Üstünə pendir-çörək, süzmə-qatıq qoydu.
Qonaq duzsuz dəyirman kömbəsindən, pendir-süzmədən iştahla yedi. Üstündən bir-iki cəm çay içdi, özünə gəldi. Elə bu vaxt qapı cırıldadı. Qıllı boz bir it qabaq ayaqlarının üstündə sürünə-sürünə içəri keçdi. Dəyirmançı dönüb ona tərs-tərs baxanda it zingildədi və qapının dalında büzüşüb yerini rahatladı.
Yatmazdan əvvəl qonaq bayıra çıxdı. Göyün üzü tərtəmiz idi. Ulduz ulduzu çağırırdı. Hava elə xoş, elə aydın idi ki, adam nəfəs almaqdan doymurdu. Dəyirmanın yeknəsək taqqıltısı, suların şırıltısı, qamışların xışıltısı, gecə böcəklərinin ciriltisi bir-birinə qarışmışdı. Haradansa anadillər səsləşirdi. Qonaq sinəsi dolusu nəfəs aldı. Gərnəşdi. İçəri, dəyirmanın tozlu-unlu havasına qayıtmaq istəmədi. Qərara aldı ki, içəridən palaz, yorğan-döşək gətirsin, elə damın üstündə, açıq havada yatsın. Fikrini dəyirmançıya söylədi, kişi razı olmadı. «Bu gecə qar yağacaq, — dedi, — içəridə yat». Qonaq göydə sayrışan ulduzları, ilıq havanı yada saldı, «belə havada qar yağmaz», — deyə etiraz etmək istədi, ancaq dinmədi. Sakitcə taxta yaxınlaşıb paltarını soyundu, dəyirmançının mitil yorğan-döşəyinin arasına girdi. Yatmazdan əvvəl dedi: «Mən yorğunam, yatıb yuxuya qalaram, ilkindi çağı məni oyat ki, səhər namazını vaxtında qıla bilim». Dəyirmançı başını tərpətdi. Qonaq yerin içində dirsəkləndi.
— Niyə soruşmursan, kiməm, hara gedirəm?
— Qonaqdan söz soruşmazlar. Lazım olsa, özü deyər.
— Elə isə qoy deyim: Xudavəndi-aləm məni sizin məmləkətə peyğəmbər göndərib.
Dəyirmançı gülümsəmək, bu qəribə qonağın sözlərinə inanmamaq istədi. Amma birdən «ey dili-qafil, özünü saxla» — deyib susdu.
Qonaq dərhal yuxuya getdi. Dəyirmançı isə yerinin içində xeyli eşələndi. Ev sahibi səhər tezdən qonağı qaldırdı. Qonaq dəstəmaz aldı, namazını qıldı və əbasını çiyninə salıb bayıra çıxdı. Gözlərinə inanmadı. Hər yeri qar basmışdı. Yollar, cığırlar itmiş, sular sır-sıra buz bağlamışdı. Qar adamın dizinə çıxırdı. Dinməz-söyləməz geri qayıtdı. Gözlərini dəyirmançının üzünə zillədi:
— Bu sirdən məni agah elə, ey Allahın bəndəsi. Burada məscid, münəzzim yoxdur, amma məni düz vaxtında qaldırdın, namazımı qıldım. Gecə göyün üzündə ulduz ulduzu çağırırdı. Sən dedin :»Qar yağacaq». Sözün düz çıxdı. Sən bunları hardan bilirsən?
Dəyirmançı gülümsündü:
— Burada elə bir sirr yoxdur. Axşam fikir verdinmi, it sürünə-sürünə içəri girdi. Onda bildim ki, gecə qar yağacaq. Səhər damın üstündə ulaşan çaqqalların səsini eşitdinmi?
— Eşitdim.
— Bax səhər-səhər çaqqallar damın üstündə ulaşanda bilirəm ki, namazın vaxtıdır.
Qonaq başını aşağı salıb xeyli fikrə getdi. Sonra sakitcə paltarını geyindi, xurcunu çiyninə, əsasını əlinə aldı. Dəyirmandan çıxıb gəldiyi yolla geri qayıtmağa başladı. Dəyirmançı yüyürüb onun yolunu kəsdi:
— Ay peyğəmbər, cəddinə qurban olum, hara gedirsən?
Qonaq köksünü ötürdü:
— Bir ölkədə ki, müəzzin çaqqal ola, münəccim də boz köpək, mən belə məmləkətdə peyğəmbərlik eləyə bilmərəm.
1985.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 3837