Bədii gimnastika üzrə Avropa çempionatının loqotipi təqdim olundu
İyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının loqotipi tədbirin Təşkilat Komitəsinin sonuncu iclasında təqdim olunub. Azərbaycan Gimnastika Federasiyasından yayılan bilgidə deyilir: «BAKU 2014″ çempionatının rəsmi loqotipi yalnız tədbirin özünü deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın paytaxtını irəli çəkən markadır. Loqotipdə təsvir edilmiş halqa ilə qız çempionatın mahiyyətini əks etdirir və 2014-cü ildə bədii gimnastika üzrə Avropanın paytaxtı kimi Bakının statusunu möhkəmləndirir».
Qeyd olunur ki, dənizin rəngi Xəzər dənizinin sahilində Bakının coğrafi mövqeyinə görə markanın rəngi kimi seçilib.
Avropa çempionatı hazırda tikinti işlərinin tamamlanma mərhələsində olduğu Milli Gimnastika Arenasında keçiriləcək.
İştirakçı ölkələrin gözlənildiyi kimi 30-dan çox olacaq nümayəndə heyəti 2015-ci il I Avropa Oyunları üçün yarışların keçiriləcəyi yerin qarşısında tikilmiş Olimpiya şəhərciyində yerləşdiriləcək.
Bütövlükdə Bakıda 9 mükafat dəsti oynanılacaq.