Muəllif:

Baş Qərargah Rəisləri Komitəsi qarşıdakı 6-7 ilin işlərini müzakirə edir

Bu gün Bakıda Four Seasons otelində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun rəhbərliyi ilə MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin  iclası açılıb.

İclasda beş il müddətinə  tərəfdaşlıq münasibətləri konsepsiyasının təsdiqlənməsi planlaşdırılır. Komitə üzvləri yeni çağırışlara və təhdidlərə praktiki reaksiya məsələsinə, həmçinin müdafiə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi məsələsinə daha çox diqqət yetirəcəklər.

İclasda altı ölkə: Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan iştirak edir. Bakı iclası Ukrayna və Ermənistanın iştirakı olmadan keçiriləcək. Ukrayna Rusiyanın təcavüzü ilə əlaqədar MDB-də sədrliyi dayandırıb və bu təşkilatdan çıxmaq məsələsinə baxır.

MDB SQ Qərargah Rəisləri Komitəsi 1996-cı il martın 27-də yaradılıb. Məqsəd MDB Baş qərargahlarının aktual hərbi əməkdaşlıq məsələləri üzrə fəaliyyətinin koordinasiyasıdır. Fəaliyyət üzrə ümumi rəhbərliyi MDB Müdafiə Nazirləri Şurası həyata keçirir.

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Nəcməddin Sadıqov iclasda bildirib ki, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün bütün imkanlardan istifadə edir. Baxmayaraq ki,  dünya birliyi Azərbaycan ərazilərinin işğal olunması ilə bağlı seyrçi mövqe tutur.

Baş Qərargah rəisinin sözlərinə görə, beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi “uzun müddət Azərbaycan ərazilərinin işğalda olmasının cəzasız qalmasına xidmət edir”.

Bununla yanaşı o deyib ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə Azərbaycan Silahlı Qüvvələri də möhkəmlənir. Azərbaycanın hərbi büdcəsi ilbəil artır və bu tendensiya davam etdiriləcək.

Sadıqovun sözlərinə görə, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasına tərəfdardır və bundan ötrü şanslar qalır, lakin ölkə ərazilərinin işğalının sonsuzadək davam etməsi ilə barışmayacaq.

“Ermənistanın işğalçı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapan tələblərə əməl etməli və Azərbaycan ərazilərini tərk etməlidir. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır, ikili standartlar olmamalıdır. Heç kim müstəsna hüquqa malik olmamalıdır”, — N.Sadıqov vurğulayıb.

O qeyd edib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bakı beynəlxalq hüququn müddəalarına əməl olunmasını tələb etməlidir.

“Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüquqla nəzərdə tutulan bütün vasitələrdən istifadə edəcək”, — N.Sadıqov bildirib.

Baş Qərargah rəislərinin iclasında 2020-ci ilədək olan dövrdə hərbi sahədə qarşılıqlı fəaliyyəti müzakirə ediblər. HHM sisteminin və vahid radiolokasiya tanıtma sisteminin inkişafı da müzakirə olunub. Bu barədə RF Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, rabitə və idarəetmənin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, Komitə 2015-ci ilədək MDB ölkələri Silahlı Qüvvələrinin birgə tədbirlərinin planını razılaşdırıb.

Gerasimov qeyd edib ki, iclasda humanitar minatəmizləmə, geoməkan informasiya mübadiləsi və hərbi təyinatlı peyk rabitəsi sistemindən istifadəyə dair sazişlər təqdir edilib.

Bununla yanaşı Komitə üzvləri MDB ölkələrində HHM-in təminatı sahəsində elmi araşdırmalar mövzusuna, vahid radiolokasiya tanıtma sisteminin inkişaf konsepsiyasının inkişafına  toxunublar.

Həmçinin Birləşmiş nəzarət sisteminin inkişafı, MDB ölkələri Müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji durumunun qiymətləndirilməsi məsələləri müzakirə edilib.

V.Gerasimovun fikrincə, Bakı iclası “MDB ölkələri Silahlı Qüvvələri Baş qərargahları arasında hərbi əməkdaşlığın genişləndirilməsi, inamın və qarşılıqlı anlaşmanın artırılması yolunda daha bir konkret addım oldu”.

İclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndə heyətləri iştirak ediblər (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102