Baş Prokurorluğun “Mur-Ay”ilə bağlı apellyasiya protesti təmin olunmayıb
Bakı Apelyasiya Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin apelyasiya şikayəti və Baş Prokurorluğun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Apellyassiya şikayəti və apellyasiya protesti təmin edilməyib.
Qeyd edək ki, Baş Prokurorluq apellyasiya protesti verərək zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini tələb edib.
İttihama görə, “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyriləri qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməli törədiblər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli, “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Hüseynov 15 il , Qalib Məmmədbəyli 10 il, Novruz Muxtarov 11 il, Vaqif Söhbətov 12 il, Səhriyar Ağayev 11 il, Seyfəddin Səfərov 10 il, Bəybala Sultanov 13 il müddətinə azadlıqdan məhrum edilib.