Bakıda “Təbriz folklor örnəkləri” işıq üzü gördü
MEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan «Təbriz folklor örnəkləri» (I kitab) toplusunda Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb. Layihənin rəhbəri Azərbaycan MEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), toplayıcıları Kazım Abbasi («El bilimi» dərnəyinin üzvü), Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəməd Əlipur Muqəddəm, redaktoru fil.ü.f.d. Səkinə Qaybalıyevadır.
Girişdə «İnstitutdan» başlığı altında təqdim olunan yazıda bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin – folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri ilk növbədə həlli vacib məsələlərdəndir.
Bu zərurəti nəzərə alan Folklor İnstitutu əksəriyyəti öz doğma ata-baba yurdunda yaşayan soydaşlarımızın qoruyub günümüzədək saxladığı şifahi xalq ədəbiyyatı nümunələrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklər şəklində ardıcıl çap olunmasına böyük əhəmiyyət verir.
O da vurğulanır ki, Arazın o tayında yaşayan Azərbaycan türklərindən toplanmış folklor örnəklərinin yer aldığı topluların məhz bölgələr üzrə adlandırılması nəşr olunacaq növbəti cildlərdə regional xüsusiyyətlərin qorunub saxlanılması, bölgələrin daha geniş miqyasda əhatə olunması məqsədi daşıyır.