Muəllif:

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu: Mangistau investisiyalar üçün açıqdır

 Bu gün Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib. APA-Economicsin məlumatına görə, forum Qazaxıstanın Mangistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində olub. Tədbir Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən danışıb, Azərbaycanın tərəfinin ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini, ölkələr arasında əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu bildirib.

O deyib ki, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində Azərbaycanla Qazaxıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətli rol oynayır: «Bugünkü biznes forum yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək».

Qazaxıstanın Magistau vilayətinin akimi Aydarbayev bildirib ki, Qazaxıstan Azərbaycanla qonşudur və Xəzər dənizi hər iki ölkəni birləşdirir: «Qazaxıstan Xəzər dənizi ilə öz məhsullarını Azərbaycana, oradan da Qara dəniz və Avropa ölkələrinə çıxarmaqda maraqlıdır. İki ölkəni bir çox əlaqələr birləşdirir. Bu tarixi yaxınlıq ikitərəfli əlaqələri genişləndirməyə imkan yaradır. Biz iki ölkənin potensialını nəzərə alaraq əlaqələrin hazırkı vəziyyətindən narazıyıq və bunun dəfələrlə artırılmasında olduqca maraqlıyıq».

Akim deyib ki, Mangistau vilayəti Qazaxıstanın unikal tranzit qovşağıdır: «Bu vilayət yol və hava nəqliyyatı, dəniz yolu vasitəsilə Orta Asiya ölkəsi üçün çox önəmlidir. Mangistau investisiyalar üçün açıqdır».

Azpromo-nun rəhbəri Rüfət Məmmədov isə bildirib ki, Azərbaycan Qazaxıstandan əsasən taxıl idxal edir: «Ancaq biz bu ölkəyə öz istehsalımız olan məhsullarımızı ixrac etməkdə maraqlıyıq. Bu gün biz neft məhsulları ixrac edirik. Ancaq bu ölkəyə müxtəlif növ içkilər də ixrac etmək istərdik. Bu səbəbdən də Azərbaycan Mangistau vilayətinin Aktau şəhərində logistika mərkəzi tikir. Bu logistika mərkəzi Azərbaycana kənd təsərrüfatı, neft-kimya məhsullarını ixrac etməyə imkan yaradacaq».

R.Məmmədov bildirib ki, Azərbaycan Qazaxıstanla turizm əlaqələrini də genişləndirmək, iki ölkə arasında vətəndaşların gediş-gəlişini artırmaq niyyətindədir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 198