Bakı və ətrafına dair 3 illik Dövlət Proqramı nələr vəd edir?
Son illərdə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəli dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlər irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratmışdır. Bu proqramların icrası ilə Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
Qeyd olunur ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam etdirmək məqsədi ilə «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» təsdiq edilsin.
Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən tədbirlər görmək, İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.