Bakı şəhərinin 78%-i 24 saat keyfiyyətli su ilə təmin edilir?…
Oğuz -Bakı su kəməri layihəsi yüksək həssaslığı olan bir layihə idi. Bunu ərsəyə gətirən hökumət üçün siyasi baxımdan yaxşı təbliğat vasitəsi, paytaxt sakinlər üçün fasiləsiz və keyfiyyətli içməli su ilə təminata zəmanət idi. Suyun mənbəyindəki insanlar üçün də həm ekoloji, həm də iqtisadi baxımdan həssas məsələ idi. Oradakı su mənbələrinin tükənməsi və meşələrin quruması barədə iddialar vardı və qalır, kəmər keçən hissdəki torpaq sahələri əllərindən alınıb, amma əvəzi nə dərəcədə ədalətləödənib — bu da bir başqa məsələdir. Milyonlarla insanın marağına toxunan, azı 1 milyard manat büdcə pulunu aparan bir layihə ilə bağlı istənilən müzakirə və məqalənin dərhal diqqət cəlb eləməsi də təbiidir.
Bu günlərdə Azərsu rəsmiləri jurnalistlərdən birinin apardığı araşdıramada məlumatların səhih olmamasına etirazlarını bildiriblər. Söhbət hansı məlumatlardan gedir? Mətbuat yazıb ki, hökumət yeni kəmərin çəkildikdən sonra paytaxt sakinlərinin azı 75 faizinin içməli su ilə aramsız təmin olunacağına vəd vermişdi, amma kəmər 2010-cu ildən işə düşsə də, Oğuz suyu hələ nə paytaxtın çevrəsindəki kənd və qəsəbələr çatıb, nə də şəhərin mərkəzi hissələrinin fasiləsiz su təminatına kömək olub.
Azərsunun mövqeyi belədir: “Oğuz-Bakı kəməri ilə hazırda Bakı şəhərinə saniyədə 4,1 kubmetr su ötürülür və bu kəmərin imkanları sayəsində Bakı şəhərinin orta hesabla 78%-i 24 saat keyfiyyətli su ilə təmin edilir”.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, Azərsu internet üzərindən intensiv, tam və bol ictimai məlumatlandırma imkanları yaratmayacaqsa, media da, QHT-lər də doğru olmayan, gerçək mənzərəni təhrif edən informasiayalar içərisində itib batacaq. “Azərsu” nə etməlidir?
İqtisadçı hesab edir ki, birincisi, “Azərsu” saytlarında «Su təchizatı cədvəli» adı altında bir bölmə yaradılmalıdır. Bu bölmədə rayonlar və şəhərlər üzrə istehlakçıların neçə %-nin 24 saat, neçə saatının 18,16 və s. saat ərzində su aldığını cədvəlləşdirməli, müntəzəm olaraq da bu məlumat yenilənməlidir.
Məsələn, Gürcüstanın «Birləşmiş Su Təchizatı» Şirkəti öz təcrübəsində bu mexanizmdən uğurla istifadə edir. Misal üçün, gürcü şirkətninin cədvəlində belə bir məlumat var: Gori şəhərinin əhalisinin 90%-i gündə 24 saat, 10%-i gündə 4-6 saat intervalında su alır (digər şəhər və regionlarda eyni qaydada göstərilir). Gürcüstan təcrübəsinin linkini aşağıda qeyd etmişəm, maraqlananlar baxa bilər. Azərsu Bakı və Abşeron yarımadasındakı bütün rayon, şəhər, və qəsəbələr üzrə həmin məlumatları yerləşdirə bilər. Söhbət üst-üstə 100 ətrafında inzibati-ərazi vahidindən gedir. Məsələn, Buzovna qəsəbəsinin sakini sayta daxil olur, görür ki, belə bir məlumat var: qəsəbə sakinlərinin 50%-i 24 saat, 30%-i 16 saatadək, 20%-i isə 8 saatadək içməli su alır. Bu həm də ictimai nəzarət vasitəsidi: istər sakinlər, istərsə medianın bunu yerindəcə dəqiqləşdiməsi üçün cəmi bir neçə dəqiq lazım olacaq
İkincisi, Azərsu hər ayın sonunda su alan ərazilərin hər biri üzrə aylıq su istehlakının həcmi (özü də əhali və qeyri-əhali qrupları, büdcə və özəl sektor üzrə ayrıca) barədə məlumatları yerləşdirməlidir.
Üçüncüsü isə təkcə rayon və şəhərlər üzrə deyil, hər bir qəsəbə üzrə istehlakçıların sayı və il ərzində dəyişmə dinamikası göstərilməlidir.
Oğuz -Bakısu kəmərindən sonra Bakı və Bakıətrafında vəziyyətin necə dəyişdiyi ilə bağlı müzkirələr də təbiidir. Təxminən belə bir rəy var: milyard manatın müqabilində nə dəyişdi ki? İqtisadçı Ağayev hesab edir ki, qeyri-müəyyənlikləri və ictimaiyyət arasında bu layihəyə olan inamsızlığı aradan qaldırmaq üçün hökumət əvvəldən — layihəyə start veriləndə ərazinin mövcud su təminatı xəritəsini elan etməli idi. Həmin xəritədə bunlar bilinməli idi:
1. Böyük Bakının hansı hissəsi və həmin ərazidəki mövcud istehlakçıların neçə%-i 24 saat su alır, yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəiyişiliklər baş verəcək?
2. Böyük Bakının hansı hissəsi və həmin ərazidəki mövcud istehlakçıların neçə%-i fasilə ilə su alır və fasilə intervalları, suyin verilmə saatları necədir, yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəiyişiliklər baş verəcək?
3. Böyük Bakının hansı hissəsi ümumiyyətlə su almır və yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəiyişiliklər baş verəcək?
Araşdırmaları ilə həmişə diqqət çəkən Ağayev deyir ki, heç indi də gec deyil, Azərsu belə bir tutumlu hesabat təqdim edə bilər.
“Qaldı Oğuzdan Bakıya saniyədə 4.1 kub metr su gəlməsinə, bu məlumatın şübhəli olması üçün əsaslarım var. Saniyədə 4.1 kubmetr su sutkada 354 min kubmetr və ya 354 milyon litr su deməkdir. Hətta hesab etsək ki, Oğuz suyundan Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu da su alır, belə bir nəticə ortaya çıxır: əhalisi rəsmi məlumata görə, 2.7 milyon nəfər olan Abşeron yarımadasına Oğuz kəməri vasitəsilə, adambaşına orta hesabla sutkada 130 litr su verilir. Hökumətin qüvvədə olan standartına görə isə, əgər fasiləsiz su rejimi təmin olunsa, bir nəfər gündə 200 litr su istehlak edə bilir. Dünyada da 150-200 litr norma sayılır. İndi belə çıxır ki, Böyük Bakı ərazisində əhalinin su istehlakının azı 60%-ni Oğuz kəməri təmin edir? Sizə inandırıcı görünürmü? Nəzərə alın ki, yarımadaya Oğuz kəmərindən əlavə 5 müxtəlif mənbədən su gəlir. Hökumətin də dediyinə görə, həmin 5 mənbədən üst-üstə saniyədə 13 kub, gündə adambaşına azı 350 litr su daxil olur. Nəsə çox qarışıq rəqəmlərdir və bu cür informasiya xaosunu məhz yuxarıda təklif etdiyim informasiya açıqlığı təmin edə bilər.Yuxarıda Gürcüstandan nümunə gətirdim: Yaxşı örnək öyrənmək üçündü, pis örnək qaçıb can qurtarmaq.”