Muəllif:

Bakı dünyanın boks mərkəzlərindən birinə çevrilir

 Bu gün Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının iclası öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, tədbirə AİBA prezidenti Çinq-Kuo Vu, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və beynəlxalq qurumda təmsil olunan federasiyaların rəsmiləri qatılıblar.

İclasda öncə toplantının gündəliyi barədə məlumat verilib. Bildirilib ki, burada 7 komissiya ayrı-ayrılıqda bir araya gəlib müəyyən fikir mübadiləsi aparacaqlar. Ardınca isə həmin məsələlər İcraiyyə Komitəsində müzakirə olunacaq.

AİBA prezidentinin sözlərinə görə, əsas hədəf boks idman növünü daha da populyarlaşdırmaq, kütləviləşdirmək və gələcək yarışlar barədə müzakirələr aparmaqdır.

Ardınca 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya kvotaları komissiyaların müzakirəsinə verilib. Burada WSB liqasından 17, AİBA-nın tərkibində olan peşəkar boksdan  20 vəsiqənin də verilməsi nəzərdə tutulub.

“2011-ci ildə Bakıda keçirilən dünya çempionatından indiyədək boks Azərbaycanda sürətlə inkişaf edir. Biz bunu görürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu deyib.

O, rəhbərlik etdiyi AİBA-nın komissiyalarının Bakıda keçirilən iclası ilə bağlı fikirlərini açıqlayıb: “Bütün bu şəraiti yaratdığına görə Azərbaycan dövlətinə, həmçinin Azərbaycan Boks Federasiyasına, şəxsən Kəmaləddin Heydərova təşəkkür edirik”.

AİBA prezidenti 3 gün davam edəcək iclasın gündəliyinə də toxunub: “Burada hər bir komissiyanın özünün müzakirə mövzusu var. Onlar ayrı-ayrılıqda müzakirələr aparacaq və komissiya sədri gəlib, ümumi iclasda bizə məlumat verəcək. Toplanan məlumatların hamısı AİBA-nın İcraiyyə Komitəsinə yönəldiləcək. Burada isə bir daha müzakirələr aparıldıqdan sonra qərarlar qəbul ediləcək”.

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov bildirib ki, beynəlxalq idman yarışları və tədbirlərini ölkəmizdə keçirmək artıq xoş ənənəyə çevrilib: “Bununla bağlı bir çox yarışları qeyd etmək olar. Mən ölkəmizdə ilk dəfə keçiriləcək 2015-ci il I Avropa Oyunlarını xüsusilə qeyd etmək istərdim. Avropa Olimpiya Komitəsi Azərbaycanın təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, bu mötəbər yarışı bizə həvalə etdi. Həmçinin, hamınıza yaxşı məlumdur ki, Bakı boks üzrə bir çox tədbir və yarışlara ev sahibliyi edib. Ümidvaram ki, 2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatının xoş xatirələri hələ də yaddaşlarınızdan silinməyib”.

K.Heydərov qeyd edib ki, 3 il öncə paytaxtımızda keçirilən dünya çempionatının Azərbaycanda boksun inkişafında dönüş nöqtəsi olub və Bakı boks mərkəzlərindən birinə çevrilib: “AİBA bizə bir daha şərait yaratdı. Boks üzrə AİBA komissiyalarının iclasını Bakı şəhərində təşkil edilməsi bu inkişafın bariz nümunəsidir. AİBA rəhbərliyinə, prezidentinə, bütün AİBA ailəsinə təşəkkür edirəm. Əminəm ki, burda olduğunuz müddətdə sürətlə inkişaf edən Bakının yeni gözəllikləri ilə tanış olacaqsınız. Bakıya xoş gəlmisiniz”.

İclas 3 gün davam edəcək. İlk 2 gündə komissiyalar ayrı-ayrılıqda, yanvarın 23-də isə birgə müzakirələr aparacaqlar. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 281