Bakı buxtasında dəniz taksiləri işləyəcək
Yaxın gələcədə Bakı şəhərində dəniz taksiləri fəaliyyətə başlayayacaq. Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib ki, yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək: «Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək».
Bu taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılan Nargin adası ilə birləşdirəcək: «Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək».
Administrasiya rəhbəri qeyd edib ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək».
Bakı-Lənkəran reysi üzrə dəniz taksilərinin buraxılmasına gəldikdə isə, Qurbanov bildirib ki, belə bir marşrutun açılması maddi baxımdan sərfəli deyil: «Dəniz yolu ilə Lənkərana 5-6 saata çatmaq mümkündür. Bu, həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil».