Bakı bu il bədii gimnastikanın Avropa paytaxtıdır
İyunun 13-15-də Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək. Avropa birinciliyinə hazırlıq məsələləri və yarışın loqotipinin təqdimatı çempionatın keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclasının diqqət mərkəzində olub. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Məlumatda deyilir: «BAKU 2014″ çempionatının rəsmi loqotipi yalnız tədbirin özünü deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın paytaxtını irəli çəkən markadır. Loqotipdə təsvir edilmiş halqa ilə qız çempionatın mahiyyətini əks etdirir və 2014-cü ildə bədii gimnastika üzrə Avropanın paytaxtı kimi Bakının statusunu möhkəmləndirir».
Qeyd olunur ki, dənizin rəngi Xəzər dənizinin sahilində Bakının coğrafi mövqeyinə görə markanın rəngi kimi seçilib.
Xatırladaq ki, Avropa çempionatı Bakıda metronun «Koroğlu» stansiyası yaxınlığında inşa edilən Milli Gimnastika Arenasında keçiriləcək. Bu müasir tikili Bakının idman sahəsində yeni diqqətəlayiq obyektləri ilə bir sıraya daxil olacaq. Hazırda Arenada tikinti işləri tamamlanma mərhələsindədir.
İştirakçı ölkələrin nümayəndə heyətləri (30-dan çox olacağı gözlənilir) 2015-ci il I Avropa Oyunları üçün yarışların keçiriləcəyi yerin bilavasitə yaxınlığında tikilmiş Olimpiya şəhərciyində yerləşdiriləcək.
Çempionatın proqramında həm yuxarı yaş qrupunun (çoxnövçülükdə fərdi final və qrup komandalarının tapşırığı), həm də aşağı yaş qrupunun (ayrı-ayrı növlərdə və komanda hesabında finallar) çıxışları nəzərdə tutulub. Ümumilikdə isə Bakıda gimnastlar 9 medal dəsti uğrunda mübarizə aparacaqlar.
Avropa çempionatını yerli, eləcə də xarici kütləvi informasiya vasitələri işıqlandıracaqlar. Mətbuat nümayəndələrinin özlərinə gəldikdə (TV, jurnalistlər, fotoqraflar, elektron KİV, bloqqerlər və başqaları), onlar aşağıdakı link vasitəsilə Avropa Gimnastika İttifaqının saytında onlayn qeydiyyatdan keçə bilərlər: fedintgym.com/mediamanager/.
Mətbuat üçün sifarişin verilməsinin son müddəti 28 may 2014-cü ildir.