Bahalı maşınlar varlı və ortabab adamların statistikasını açıqlayır
Neft pulları Azərbaycanda 4-5 min ailəni ultramilyonçulara, 10-15 min ailəni milyonçuya, 25-30 min ailəni isə “pula-pul deməyən”, hər ay bir neçə mindən bir neçə on minədək pul qazanan ailələrə çevirdi. Söhbət ən yaxşı halda ölkədə mövcud olan 1.9 milyon ailənin təxminən 3%-dən– 50 min ailədən gedir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayevi bu nəticəyə gətirən sadədən çox sadə bir statistikadır– bahalı maşınların statistikası. Ekspertin fikirlərinin oxucularımız üçün maraqlı olacağına əminik:”İddia eləmirəm ki, hazırda bütün bahalı maşınları sürən ailələrin hamısı neft pulundan bəhrələnənlərdir. Uzaq diyarlarda (Rusiyada, Türkiyədə, Ukraynada, Çində) özlərinə min bir əziyyət bahasına biznes quran vətən övladlarımız burada yaşayan yaxınlarına bahalı maşınlar sürməyə şərait yaradıb. Bahalı maşına malik belə ailələrin ümimi yekunda payı heç 10-15% də olmaz. Elə burada- ölkəmizin içərisində öz halal zəhməti hesabına (məsələn, yayın istisini, qışın soyuğunu fermalarda keçirən, bir neçə yüz qoyun-malı olan fermerlər, vaxtında özünə dükan-mağaza qurmuş orta biznes təmsilçiləri) özünə bahalı maşın alan ailələr ola bilər. Amma belə insanlarımızın da qoy ümimi cəmdə payı 5-10% olsun. Yerdə qalan ən azı 70-75%-in qara neftin hesabına alındığına zərrəcə şübhəm yoxdur.”
O kiçik statistik analiz üzərində qurulan fikirlərdən nəticə çıxarmağı təklif edir.
Demokratik təsisatların oturuşmadığı, seçkili institutların yaranmadığı (və ya formal fəaliyyət göstərdiyi) təbii ehtiyatlarla zəngin ölkələrdə hakimiyyətin və cəmiyyətin davranışı «tanrı payı» adlandırılan havayı, heç bir zəhmət sərf etmədən qazanılmış pulların təsiri altında formalaşır. Ağlın, innovasiya və texnologiyaların, bir sözlə “bilik iqtisadiyyatı”nın da deyil, müftə qazanılmış resurs pullarının hökm etdiyi cəmiyyətlər üçün fərqləndirici davranış tüfeyli və dəbdəbəli istehlakın sürətlə genişlənməsidir.
Ağayev deyir ki, birdən-birə fontan vuran neft pulları əvvəl hakimiyyəti varlandırdı və hakimiyyət qazandığı pullardan əvvəlcə daha yaxın, sonra bir qədər uzaq çevrəsinə səpələdi. Nəticədə təxminən belə bir mənzərə yarandı. O qeyd edir ki, aşağıda təsvir etdiyim mənzərə və istifadə elədiyim rəqəmlər uzun illər apardığım müşahidələrin və analizlərin nəticəsidir:
1. Ölkədə 1.9 milyon ailədən 4-5 min ailə – bilavasitə hakimiyyətdə təmsil olunanlar ultramilyonçulara — pulları təqribən yüz milyondan milyardlaradək çatan təbəqədir.
2. Bu ailələrin biznesini yönəldən çox yaxın qohumlar (qardaş, yeznə, kürəkən, əmi, dayı, xala və s.) – təxminən 10-15 min ailə milyonçuya — pulları bir neçə milyondan yüz milyon manata çatan təbəqədir.
3. “Yaxın qohumlar”ın dost-tanışları, bu dost-tanışların yaxınları kimi bilavasitə qurduqları biznesdə konkret işləri görməyə cəlb olunan təxminən 25-30 min ailə isə hər ay bir neçə min manat (5-10 min manatdan 100 min manatdək pul qazanan təbəqə) qazana bilən imkanlı ailələrə çevrildilər.
Ağayed qeyd edir ki, hakimiyyətdə təmsil olunmayan, bilavasitə onların biznesində iştirak etməyən, amma neft pulları hesabına xırda milyonçulara çevrilən ailələr də oldu. Düzdü, onların sayı çox deyil və onun təxminlərinə görə, onların maddi və əmlak durumu aşağı-yuxarı bir neçə yüz mindən 5-10 milyonadək ola bilər. Özünü media maqnatı adlandıran şəxslər, ictimai əsaslarla formalaşan mərkəzlərin təmsilçiləri, gerçəkdə siyasi hakimiyyətin PR-na məsul olan qruplar bura aiddir.
Bəs neft hesabına varlanan bahalı ailələrin sayı barədə təxminlərini ortaya çıxaran statistika nə deyir? Varlıların ən çox sürdüyü markalar “Mercedes” və “BMW”dir. Rəsmi statistikaya görə, 2013-cü ilin əvvəlinə bu markadan olan minik avtomobillərinin sayı təxminən 170 min ədəd olub. Rəsmi məlumat olmasa da, peşəkar maşın satıcılarının dediyinə görə, ən yaxşı halda “Mercedes” və “BMW” parkının 25%-i təzə və bahalı maşınlardır – yəni söhbət 35-40 min varlının sürdüyü, qiyməti 70-80 min dollardan- 250-300 min dollaradək yüksələn “Mercedes” və “BMW”lərdən gedir. Digər bahalı markalar bunlardır: ”Lexus”, “Rolls-Royce ”, ”LANDROVER”, ”İnfiniti”, ” Audi”, “Lincoln”, “Jaguar”. Bu markalardan isə 2013-cü ilin əvvəlinə olan məlumata görə ölkədə cəmi 18 min maşın olub. Bu markaların qiyməti isə 70-80 min dollardan 700 min dollara qədər yüksəlir.
“İndi qalır əsas suala cavab: Bahalı maşınların əsasən neft pulu ilə alınması ilə bağlı gümanımızı təsdiqləyən bircə fakt varmı var? Var, özü də rəsmi statistikada. Azərbaycana böyük neft pulları 2005-ci ildə daxil olmağa başlayıb. Məhz 2005-ci ldən etibarən də Azərbaycana yuxarıda adını sadaladığım bahalı avtomobil markaları (söhbət yalnız minik maşınlarından gedir) gətirilməyə başlayıb”.
Belə ki, 2005-ci ilədək Azərbaycanda “Jaguar” olmayıb, məhz həmin il bu markadan 43 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 150 “Jaguar” markalı minik avtomobili var.
2006-ci ilədək Azərbaycanda “LANDROVER ” olmayıb, məhz həmin il bu markadan 577 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 3100 “LANDROVER” markalı minik avtomobili var.
2006-ci ilədək Azərbaycanda “İnfiniti” olmayıb, məhz həmin il bu markadan 130 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 1600 “İnfiniti” markalı minik avtomobili var.
2006-ci ilədək Azərbaycanda “Lexus” olmayıb, məhz həmin il bu markadan 470 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 6100 “Lexus” markalı minik avtomobili var.
2006-ci ilədək Azərbaycanda “Porsche” olmayıb, məhz həmin il bu markadan 2 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 958 “Porsche” markalı minik avtomobili var.
İqtisadçı bir daha vurğuladı ki, bahalı markalı maşınları öz halal pulu ilə alan insanlarımız da var. Amma böyük neft pulları ilə həmin markaların ölkəmizə sürətlə ayaq açması onu göstərir ki, bu prosesdə neft pullarının böyük rolu danılmazdır.