Azərbaycanlı sahibkarlarla italyan iş adamlarının birgə görüşü keçirilib
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Four Seasons otelində azərbaycanlı sahibkarlarla italyan iş adamlarının görüşünü keçirib. Görüşdə italyan iş adamları ilə yanaşı, əsasən tikinti, inşaat, mebel, topdan və pərakəndə satış, turizm və sənaye sektorlarında fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı iş adamı iştirak edib.
Tədbiri giriş sözü ilə açan ASK prezidenti Məmməd Musayev qonaqları salamlayaraq bildirib ki, İtaliyanın məhşur “MADE S.p.A.” şirkətinin əməkdaşları ilə Azərbaycan sahibkarlarının bu günki görüşü hər iki ölkənin işgüzar əlaqələrinini inkişafında mühüm əhəmiyyət kəsb edir. Musayev qeyd edib ki, “MADE S.p.A.” şirkəti 40 ildən artıq mülki, sənaye və kommersiya obyektlərinin tikintisində geniş təcrübəsi olan qurumdur. Şirkət binaların, o cümlədən memarlıq özəlliyi olan abidələrin bərpası, rekonstruksiyası, habelə yolların, avtobanların salınması, hidrotexniki qurğuların tikintisi üzrə dünyada tanınmışdır.
Musayev daha sonra Azərbaycan –İtaliya arasında mövcud iqtisadi vəziyyətlə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan ı Sahibkarlar Konfederasiyasının təşəbbüs və təşkilatçılığı ilə dəfələrlə Azərbaycan və İtaliya iş adamlarının görüşləri keçirilmiş, bu görüşlərdə tikinti-inşaat, memarlıq, mebel istehsalı, enerji sistemləri, turizm kimi mühüm məsələlər üzrə əməkdaşlıq və investisiya məsələləri müzakirə olunub.
Daha sonra ASK nəzdində fəaliyyət göstərən “ASK Biznes Konsaltinq” MMC-nin təqdimatı keçirilib. Bildirilib ki, 18.10.2013 tarixində qeydiyyatdan keçən “ASK Biznes Konsaltinq” MMC hazırda İtaliya, İspaniya, Moldova, Türkiyə və s. ölkələrdəki tərəfdaş təşkilatlarla perspektiv əməkdaşlıq müqavilələri bağlanmışdır. Onun əsas fəaliyyəti biznes forumlar, sərgilər, B2B görüşlərinin təşkil edilməsindən, yerli və xarici sahibkarlar arasında konkret biznes-layihələrin reallaşmasından, biznes əlaqələrin qurulmasından, promotion fəaliyyətinin həyata keçirilməsindən, strateji biznes planlaşdırma, hüquqi və digər konsaltinq xidmətlərinin təqdim edilməsindən ibarətdir. İtalyan iş adamları ilə təşkil edilən bu görüş də “ASK Biznes Konsaltinq”in imza atdığı əməkdaşlıq müqaviləsinin bəhrəsdir.
İtaliyada tikinti, tarixi abidələrin bərpası üzrə fəaliyyət göstərən “Made Florence” Səhmdar Cəmiyyətinin Baş İcraçı Direktoru və prezidenti Giuseppe Massascusa bildirib ki, uzun müddətdir onlar Azərbaycanla əməkdaşlıq edirlər. Bu əlaqələr sayəsində hər iki ölkə arasında musiqi sahəsi üzrə münasibətlər daha da dərinləşmiş, nəticədə Florensiya və Bakıda ötən aylarda bir neçə konsertlər təşkil olunmuşdur. Bu zaman italyan və azərbaycanlı musiqiçiləri ilk dəfə UNESCO-nun qeyri-maddi mədəniyyəti siyahısına daxil edilmiş Azərbaycan muğamını birgə ifa ediblər. Giuseppe Massascusa onu da deyib ki, Azərbaycanın iş dünyasını təmsil edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə biznes fəaliyyəti qurmaq, Azərbaycan kimi inkişaf etməkdə olan ölkə ilə əməkdaşlıq etmək onlar üçün böyük şərəfdir və bu əməkdaşlıq Azərbaycan və İtaliya qarşılıqlı əlaqələrinə təkan verəcək.
Beghelli Qrupun Prezidenti Can Pietro Beghelli isə sonra qeyd edib ki, rəhbərlik etdiyi şirkət haqqında tədbir iştirakçılarını məlumat verib. Beghelli Qrup enerjiyə qənaət etməklə bütün hallarda işıqlandırma, ev elektronikası, sənaye və yaşayış məntəqələrində təhlükəsizlik və mühafizə sistemləri və fotovoltaik sistemlər sahəsində fəaliyyət göstərən İtalyan şirkətidir. Onun real imkanları Almaniya, ABŞ, Kanada, Çexiya Respublikası, Meksika, Çin və Honkonqdakı filialları tərəfindən təmsil olunur. Beghellinin məhsulları dünyanın 60 ölkəsində satılır.
Tədbir iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatmışdır.