Muəllif:

«Azərbaycanın xarici siyasəti sual doğurur»

«Ordunun Aynası» əlavəsinin bu dəfəki müsahibi mülki-hərbi məsələlər üzrə ekspert Elxan Mehdiyevdir. Mehdiyev son zamanlar daha çox mülki-hərbi münasibətlər və təhlükəsizlik sektorunda islahatlar məsələsi ilə məşğul olur. Həm tədqiqatlar aparır, həm də beynəlxalq konfranslarda, görüşlərdə iştirak edərək Azərbaycanda və ümumilikdə Qafqazda təhlükəsizlik sektorundakı islahatlarla bağlı çıxışlar edir, məqalələr, təhlillər dərc edir.
— Ümumilikdə bu gün Azərbaycanın xarici təhlükəsizlik strategiyasını necə qiymətləndirirsiniz?
— Bu sual çox verilir. Fikrimcə, buna ümumi xarici siyasət konteknstində yanaşmaq daha düzgün olardı. Azərbaycan tərəfinin rəsmi yanaşması bütün qonşularla yaxşı münasibətlər qurulmasını əks etdirir. Rəsmi Bakı bəyan edir ki, onun siyasəti Rusiya, Türkiyə, İran, Amerika və NATO ilə əməkdaşlıq münasibətində olmaq siyasətidir. Amma Azərbaycan «Qoşulmayanlar Hərəkatı»na qoşulandan sonra qeyd edilən siyasət də sual doğurur. Çünki, misal üçün, əgər əvvəllər Azərbaycan NATO ilə inteqrasiyalı məsələlərdən söhbət açırdısa, «Qoşulmayanlar Hərəkatı»na girməyin anlamı nə idi? Bu suala mən cavab verə bilmirəm.
— Son hadisələr göstərir ki, Azərbaycan özünün xarici siyasətində müəyyən düzəlişlər etməyə məcburdur. Çünki Rusiyanın Krımı işğal etməsindən sonra artıq NATO tərəfi bəyan etdi ki, bir sıra postsovet ölkələrinə, o cümlədən Azərbaycan, Ermənistan və Moldovaya əməkdaşlığın yeniləşdirilməsi istiqamətində bir mesaj göndərilib. Sizdə bu istiqamətdə nə məlumatlar var və gözləntiləriniz nədən ibarətdir?
— Düşünürəm ki, NATO bu cür bəyanat versə də Azərbaycanın siyasi rəhbərliyi ona biganə yanaşacaq. Çünki əksinə Krım hadisələrindən sonra Azərbaycan siyasi rəhbərliyinin də Rusiyadan ehtiyatlılığı və sərt desək, qorxusu daha da artacaq. O baxımdan mən düşünmürəm ki, bundan sonra NATO ilə daha da inteqrasiyalı münasibətlər qurulsun.
— Bu ilin sentyabrında NATO-nun növbəti Uels sammiti olacaq və bir sıra məlumatlara görə, NATO bu sammitdə tərəfdaşlarla xüsusi münasibətlərin qürulmasına dair proqram qəbul edəcək və hazırda bununla bağlı danışıqlar gedir. Sizcə tərəfdaşlarla necə əməkdaşlıq qurulmalıdır ki, həm onların silahlı qüvvələri inkişaf etsin, eyni zamanda, onların təhlükəsizliyinə təminat verilsin?
— NATO bu cür təkliflər verə bilər. Biz NATO-nun özündə də çox oluruq, onun nümayəndələri ilə görüşürük. Nəticə budur ki, bu, ikitərəfli olmalıdır. Yəni, əgər Azərbaycan tərəfi istəmirsə o zaman NATO-nun ortaya qoyduğu təkliflər də kağız üzərində qalacaq. Bu baxımdan gərək Azərbaycan siyasi rəhbərliyi NATO ilə münasibətlərdə konkretlik ortaya qoysun. Mən düşünürəm ki, burada konkretlik yoxdur. Sadəcə «NATO ilə münasibətlər olsun, davam etsin» siyasəti var. NATO ilə onun proqramları çərçivəsində daha yaxın əməkdaşlıq etmək və yaxud NATO-ya daxil olmaq siyasəti ortada deyil.
Rusiya ilə NATO və Qərb ölkələri arasındakı gərginlik kontekstində Azərbaycan tərəfi alyansla daha da yaxın münasibətlərə getməyəcək. Digər tərəfdən isə, NATO Uels sammitində Azərbaycanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyü, suverenliyini daha da qətiyyətlə dəstəkləyəcək. Bizim üçün həyati əhəmiyyətli erməni işğalı məsələsidir. Bunu aradan qaldırmaq üçün Azərbaycan ilk dəfə NATO-ya üz tutmuşdu. 1994-cü ildə atəşkəs protokolu imzalanandan dərhal sonra Heydər Əliyev Brüsselə getdi və Sülh Naminə Tərəfdaşlıq Proqramını imzaladı. Bu da NATO ilə yeni münasibətlər qurmaq arzusundan və iradəsindən irəli gəlirdi. Bundan sonra Heydər Əliyev İstanbuldakı NATO xarici işlər nazirlərinin görüşündə də iştirak etdi və ABŞ dövlət katibi Uorren Kristoferlə görüşdü. O zaman Azərbaycanın hədəfində NATO ilə daha yaxın inteqrasiyalı münasibətlərin qurulması vardı. Hələ 2003-cü ilin aprel ayında «Azərbaycan NATO-ya girmək istəyir, amma başqaları kimi hay-küy salmır» kimi bəyanat verildi və baş nazirin müavini xüsusi olaraq yaradılmış NATO — Azərbaycan münasibətlər komissiyasının sədri təyin edildi ki, alyansla əməkdaşlıq irəliləsin. Amma oğul Əliyev gələndən sonra bu siyasəti faktik olaraq dəyişdi. İndi də NATO ilə bağlı qeyri-müəyyən siyasət yürüdülür. Amma münasibətlər heç də soyudulmur, davam edir. Amma NATO dairələri də bildirir ki, onlar daha çox inteqrasiyaya getməyə həvəs göstərir, layihələr irəli sürürlər, amma Azərbaycan tərəfi həvəs göstərmir.
— Bu ilin mayında Azərbaycanla NATO arasında Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığın 20 yaşı tamam olacaq. Siz bu 20 illik dövrü necə qiymətləndirirsiniz? Azərbaycan NATO ilə əməkdaşlıqdan nə əldə etdi?
— Böyük bir şey əldə etdiyini düşünmürəm. Çünki erməni işğalı olduğu kimi qalır. NATO bu illər ərzində sadəcə olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan tərəfi isə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əsgərlərini, zabitlərini Avropadakı, Amerikadakı kurslara göndərib, beynəlxalq təcrübə öyrənib, beynəlxalq sülhməramlı qüvvələrdə iştirak edib. Deyə bilmərik ki, 20 il ərzində böyük irəliləyiş olub. Çünki Azərbaycan tərəfi bu işə hər zaman soyuq yanaşıb və o, NATO-nun imkanlarından geniş istifadə etməyib. Bizim üçün ən önəmlisi bizim ordunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə olmasıdır. Bununla bağlı NATO ölkələri ilə lap ikitərəfli olsun, önəmli əməkdaşlığımız yoxdur. Təkcə Türkiyə ilə 1997-ci ildən sonra çox artan istiqamətdə intensiv hərbi əməkdaşlıq oldu, amma bu əməkdaşlıq son illər sıfra doğru azalıb.
— Rusiyanın Krımı işğal etməsi Azərbaycan — NATO və Azərbaycan — Rusiya münasibətlərinə necə təsir edəcək?
— Təsir edəcək. Çünki dediyim kimi, Rusiya görsə ki, Azərbaycan NATO ilə daha yaxın münasibətlər qurmağa cəhd edir, üzvlüyə hazırlaşır, o zaman, Azərbaycana dərin təpkiləri olacaq. Amma onu Azərbaycan tərəfi birmənalı olaraq etməyəcək. Mənim proqnozum belədir ki, Azərbaycanın NATO ilə münasibətləri davam edəcək, lakin bu münasibətləri ictimailəşdirməyə çalışmayacaq. Rusiya iləsə yenə də MDB strukturları çərçivəsində münasibətlərini davam etdirəcək.
— Azərbaycan əhalisinin NATO-ya münasibəti necədir? İctimai şüur NATO-nu necə qəbul edir?
— Azərbaycan cəmiyyətində NATO mövzusu ilə bağlı diskussiyalar, müzakirələr yoxdur. Ona görə də cəmiyyətin münasibətini qiymətləndirmək çox çətindir.
— Sizcə bu 20 ildə cəmiyyətdə NATO-nun müsbət obrazının formalaşdırılması prosesi gedibmi? Yoxsa NATO sovet dövründə olan təsirlərin altındadır?
— Qeyd etdiyiniz proses gedib. Çünki həm biz — qeyri-hökumət təşkilatları, misal üçün Azərbaycan Atlantik Assosiasiyası olaraq çoxlu tədbirlər keçirmişik, radiolarda, televiziya kanallarında, qəzetlərdə olduqca çoxlu müsahibələrimiz gedib. Müxtəlif yerlərdə seminarlarımız baş tutub. Digər tərəfdən hökumət özü də Xarici İşlər Nazirliyi səviyyəsində ilbəil NATO günləri keçirir. Hökumət təbliğatı birtərəfli olmasına baxmayaraq heç vaxt NATO əleyhinə təbliğat aparmır. Ona görə də, cəmiyyətdə NATO-nun mənfi deyil, müsbət imici formalaşır. Düşünmürəm ki, Azərbaycan xalqı da NATO-ya sovet prizmasından yanaşır.
— Azərbaycan bir neçə il bundan öncə «Qoşulmayanlar Hərəkatına» üzv oldu. Sizcə bu təşkilat Azərbaycana nə verdi?
— Düşünmürəm ki, bu təşkilat nəsə verib, əksinə Azərbaycana qarşı Qərb strukturlarında çoxlu şübhələr, inamsızlıq yaratdı. Amma Azərbaycanın da öz siyasəti var, yəqin ki bu, rejimin siyasətindən doğan siyasətdi. Onlar bununla NATO-ya demək istədilər ki, biz Rusiyanın dominant olduğu strukturlara, misal üçün, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ya Putinin irəli sürdüyü digər strukturlara girmək istəmirik. Rusiyaya da bildirmək istədilər ki, biz NATO-ya girmək istəmirik. Məncə həmin siyasətin əsasında bu dururdu.
— 2014-cü ilin sonunda Əfqanıstandakı təhlükəsizlik qüvvələri bu ölkəni tərk etməlidirlər. Düzdür, bu müddətin uzadıldığına dair məlumatlar var. Bu istiqamətdə Azərbaycanın rolunun böyük olduğu qeyd edilir, həm tranzit baxımından, həm də qüvvələr baxımından. Azərbaycan sülhməramlı qüvvələrinin 2014-cü ildən sonrakı dövrdə də Əfqanıstanda qalacağı bildirilir. Sizin bu məsələlərə münasibətiniz necədir?
— İndiki dönəmdə Azərbaycanın tranzit rolu daha da artacaq. NATO qüvvələrinin əksəriyyəti Rusiyanın hava və quru ərazisi vasitəsilə Orta Asiyadan keçərək Əfqanıstana və geri aparılırdı. Amma indi NATO və Rusiya arasındakı münasibətlər kontekstində bu yol da qapanacaq və Azərbaycanın önəmi artacaq. Qüvvələrin Türkmənistan və Azərbaycandan keçərək Türkiyəyə getməsi, Qara dənizə çıxması daha çox gündəmdədir. Bu, Azərbaycanın önəmini artıracaq. Digər tərəfdən Azərbaycanın Əfqanıstanda olması NATO-nun, Amerikanın yanında olması deməkdir. Azərbaycan Əfqanıstan təhlükəsizlik qüvvələrinin hazırlığı üçün nəzərdə tutulan Etimad Fonduna bir milyon avro civarında vəsait ayırıb ki, bu da NATO tərəfindən qiymətləndirilir. Ümumilikdə, bu işlərdə Azərbaycan bir dövlət kimi yaxşı imic qazanıb.
— Bu günlərdə NATO rəsmi dairələri postsovet məkanındakı münasişələrdə Rusiyanın rolunun olmasına dair fikirlər səsləndirdilər. Sizə elə gəlmir ki, NATO yaxın perspektivdə hər hansı bir formada bu münaqişələrin nizamlanma prosesinə müdaxilə edə bilər?
— Ümumiyyətlə, NATO-nun Azərbaycan — Ermənistan münaqişəsinə müdaxilə üzrə çox məhdud imkanları var. Hər zaman bu münaqişənin davam etməsində Rusiyanın rolu barədə danışmışıq. Azərbaycan hökuməti də eləcə. Amma həmişə də, NATO tərəfindən yanaşma belə olub ki, tərəflər danışıqlara gedib münaqişəni dinc yolla həll etməlidirlər. Lakin Krım hadisələrindən sonra NATO-nun, Avropanın, Amerikanın dili tamamilə fərqlidir və onlar bu cür birmənalı olaraq başqa ölkənin ərazisini işğal etmək, tutmaq, özünə birləşdirməyi qəbuledilməz olduğunu bildirirlər və hər zaman ərazi bütövlüyü və suverenliyi vurğulayırlar. Bunu Azərbaycana proyeksiyalayanda NATO nə deyəcək? Təbii, NATO Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Mən NATO-dakı görüşlərdə, çıxışlarda həmişə bildirmişəm ki, düzdür, NATO Azərbaycanın ərazi bütövlüyünü hər yerdə dəstəkləyib, amma heç vaxt açıq surətdə erməni təcavüzünü, erməni işğalını pisləməyib. Heç bir zaman bunu açıq şəkildə söyləmir. Gürcüstanın işğalını açıq surətdə bildirir, amma erməni işğalını açıq surətdə bildirmir. Belə çıxır ki, NATO Rusiyadan qorxmur, amma Ermənistandan qorxur. Bunu onlara deyəndə də heç bir cavab almırıq. Bundan sonra nə cavab olacağını NATO özü müəyyən etməlidir. Çünki bu cür yanaşma olacaqsa, o zaman nəticə də olmayacaq.
Beləliklə, düşünürəm ki, NATO-nun bu münaqişəyə müdaxiləsi mümkün deyil. Çünki erməni tərəfi razılıq verməyəcək, bundan öncə isə Rusiya razı olmayacaq. Azərbaycan isə israr edərsə, o zaman Rusiya Azərbaycana qarşı cəza tədbiri görə bilər.
— Sizin tərcümə və redaktə etdiyiniz kitab «Müdafiə sektorunda dürüstlüyün təmin edilməsi və korrupsiyanın azaldılması. Ən yaxşı təcrübələrin toplusu» adlanır. Çox maraqlı kitabdır. Siz orada Azərbaycana tətbiq oluna biləcək hansı təcrübələri gördünüz?
— Bu kitabda daha çox keçmiş Varşava Müqaviləsi dövlətlərinin təcrübəsindən, eyni zamanda, Ukrayna və Gürcüstandan danışıldığı üçün, bizim də güc strukturları eyni cür qurulduğundan, ordunun işi, ordu biznesinin qurulması, idarə edilməsi, köhnə silahlar, onların ləğvi və xeyli sayda bu kimi məsələlər Azərbaycana tətbiq oluna bilər. O baxımdan Azərbaycan hərbçiləri və güc strukturları onlarla tanış olsalar, öyrənsələr bir dərslik kimi faydası ola bilər. Bildirim ki, NATO Parlament Assambleyası iyun ayında Bakıda parlament və güc strukturları üçün konfrans keçirəcək və kitabların təqdimatı həmin zaman olacaq.
— Sizcə bu gün Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda korrupsiyanın səviyyəsi necədir? Yüksəkdirmi? Yoxsa…
— Bu barədə danışmaq bir qədər çətindir. Çünki mən bilavasitə onları araşdırmamışam. Amma ümumi eşitdiyimiz budur ki, orduda korrupsiya var, amma bu sahəni araşdırmadığım üçün əlimdə faktım yoxdur.
— Bəs mülki-hərbi münasibətləri necə qiymətləndirirsiniz?
— Bizdə mülki-hərbi münasibətlər çox aşağı səviyyədədir. Bu münasibətlər əslində çox məsələləri əhatə edir. Üzvü olduğumuz vətəndaş cəmiyyəti təşkilatlarının ordu ilə heç bir münasibəti yoxdur və ordu rəsmiləri bizdən qaçır. Sadəcə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi jurnalistlərə cavab verir. Amma mülki-hərbi münasibətlər sadəcə vətəndaş cəmiyyəti ilə ordu arasındakı münasibətlər deyil. Bu, onun ən son pilləsidir. Bu münasibətlərdən biri kimi parlamentlə ordu arasındakı münasibətdir. Azərbaycanda parlamentlə ordu arasında hansı münasibət var? Azərbaycan parlamentinin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvlərinin hansı səlahiyyətləri var? Onların ordu və güc strukturları üzərində hansı nəzarət funksiyaları var? İnkişaf etmiş ölkələrdə ordu və güc strukturları bilavasitə parlament qarşısında cavabdehlik daşıyırlar. Digər məsələ, hökumətlə Müdafiə Nazirliyi arasındakı münasibətlərdə hansı şəffaflıq var? Və yaxud Maliyyə və Müdafiə Nazirlikləri arasındakı münasibətlərdə hansı qaydalar var? O biri tərəfdən bizimlə — ekspertlər, alimlərlə Müdafiə Nazirliyi arasında münasibətlər yoxdur. O baxımdan bizdə ordunu sovet hökumətində olduğu hala salıblar.
Düşünürlər ki, müharibə şəraitində olduğumuz üçün ordudan informasiya çıxması yolverilməzdir. Biz də təbii ki, ordudan sirli informasiyanın çıxmasının tərəfdarı deyilik. Biz istəyirik ki, ordumuz daha güclü olsun. Amma orduda həm iqtisadi korrupsiya, həm silah alışı ilə bağlı, həm əsgərlərin, həm zabitlərin vəziyyəti ilə bağlı çox məsələlər var. Ən əsaslardan da biri qeyd etdiyim kimi silah alışı məsələsidir. Bu silah alışı ilə bağlı verilən qərar hansı dairələrdən keçir, çünki bu, milyardlarla ölçülən bir məbləğdir, amma bu məsələdə heç bir şəffaflıq yoxdur. Demokratik ölkələrdə silah alma məsələsi hökumət içərisində süzülərək son nöqtəyə çatır və sonra da bir neçə ölkənin tenderə qatılması vasitəsilə həll olunur. Biz hərbi büdcəmizin çox böyük olması ilə fəxr edirik amma müasir silahlara sərf olunan büdcədən nə ictimaiyyətin, nə parlamentin, nə də hökumət dairələrinin xəbəri var. Ola bilər ki, Müdafiə Nazirliyinin rəhbərliyinin, ali-siyasi rəhbərliyin ən yüksək nümayəndələrinin xəbəri olsun…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 337