Muəllif:

Azərbaycanın xarici siyasət prioritetlərinə baxış:

(Ardı. Əvvəli ötən sayımızda)
Azərbaycan Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyib. Bununla yanaşı, 2004-cü ildə Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının Brüsseldə keçirilmiş toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə cəlb olunmasına dair tövsiyəsi təsdiq olunub. Avropa Qonşuluq Siyasəti isə Azərbaycan üçün siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq imkanı, paralel olaraq, vətəndaşların, əmtəənin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşdırma proseslərini, eləcə də Aİ ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s. reallaşdırmaq imkanı yaradır.
Eyni zamanda, Aİ TACİS proqramı çərçivəsində də müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir. TACİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri TRACECA və İNOGATE-dir. TRACECA-nın məqsədi siyasi və iqtisadi müstəqilliyi dəstəkləməklə, onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və üzv dövlətlər arasında regional əməkdaşlığı stimullaşdırmaqdır. İNOGATE isə Aİ-nin yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional təşəbbüsdür. 1999-cu ilin iyulunda 15 dövlətin iştirakı ilə imzalanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Çərçivə Sazişi İNOGATE-in əsas hüquqi bazasını təşkil edir.
Bütövlükdə, Azərbaycan Aİ ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində də əlaqələr saxlayır, hətta, son prezident seçkilərinə qədər Avronest Parlament Assambleyasında da fəal iştirak edib. Lakin Avronest PA da DTİHB Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair qərəzli mövqedən çıxış etməsi rəsmi Bakını bu beynəlxalq siyasi institutda iştirakına yenidən baxmağa vadar edib. Qeyd edək ki, adlarını çəkdiyimiz təşkilatlarla Azərbaycanın münasibətlərinin intensivləşməsi son illər ərzində daha da sürətlənib. Çünki, həm Azərbaycanın artan siyasi-iqtisadi imkanları, həm də ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolu qurulan münasibətləri daha da möhkəmləndirir. Bunun nəticəsidir ki, təşkilat dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ciddi sənədlər qəbul edib, eləcə də Aİ-nin III «Şərq tərəfdaşlığı» Sammitində Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalanıb (4).
Azərbaycanın münasibətlərini genişləndirdiyi və dərinləşdirdiyi təşkilatlardan birini də İslam Konfransı Təşkilatı (İKT) təşkil edir. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatına üzv olması beynəlxalq aləmdə ölkəmizin qarşısında yeni üfüqlər açıb. Çünki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail olub və ilkin vaxtlarda İKT Baş katibliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında kəsərli qətnamələr qəbul edib. Bu qətnamələrdə isə münaqişə birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirilib. Sonuncu dəfə isə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası (İƏT XİNŞ) Xocalı faciəsini soyqırım aktı kimi tanıyan növbəti sənəd qəbul edib.
Sözügedən qətnamədə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən «Xocalıya Ədalət» kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Bu bəndə əsasən, İƏT XİNŞ «Xocalıya Ədalət» beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırım aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır.
Qeyd edək ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, eyni zamanda, ölkəmizə müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilib.
Azərbaycan İKT çərçivəsində İslam dünyası üçün də mədəni-humanitar xarakterli fəaliyyət sərgiləyib və öz töhfəsini verib. Əlbəttə, qürurverici haldır ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb (5).
Azərbaycanın təmsil olunduğu ən mühüm beynəlxalq təşkilatlardan biri də BMT-dir. Azərbaycan və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra qurulub. Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilib və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
BMT ilə əməkdaşlığın ilk günündən, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb. Bunun nəticəsində də 1993-cü il ərzində BMT TŞ münaqişəyə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Hər bir qətnamə isə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalını qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilmir.
Azərbaycan milli maraqlarını müdafiə etmək və ölkə ilə bağlı həqiqətlərin dünyanın ən ali kürsüsündən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün təşkilatla sıx əlaqə saxlayır. Ölkəmiz BMT çərçivəsində mühüm proseslərdə iştirak edib, əsasən, sülh və əməkdaşlığın tərəfdarı kimi ciddi dəstək alıb. Elə bu prosesin nəticəsi idi ki, Azərbaycan 2011-ci ildə BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ötən iki il ərzində isə Azərbaycan dünyanın son dərəcədə əhəmiyyətli hadisələri ilə bağlı BMT TŞ iclaslarına sədrlik edib, müvafiq qərarların qəbulunda iştirak edib.
Bununla yanaşı, Azərbaycan BMT daxilində bir çox xüsusi qurum və orqanlar ilə səmərəli əməkdaşlıq edir. Burada Azərbaycan-YUNESKO arasındakı əlaqələri xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun YUNESKO ilə qurduğu əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Azərbaycan-YUNESKO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban Əliyevanın böyük əməyi var. Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına töhfələri, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb.
Azərbaycan eləcə də, beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Ölkəmizin təşkilatdakı heyəti öz təşəbbüsü ilə bəzi qətnamələr irəli sürüb.
Azərbaycanının BMT çərçivəsində görülən işlərə töhfələri sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca qeyd edilməlidir. Bu baxımdan ölkəmiz BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, bu Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rolunu qəbul edir. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.
Qeyd edək ki, Azərbaycan xarici siyasət prioritetlərindən irəli gələrək, dünyada beynəlxalq hüquq normalarına əsaslanan sivil birgə yaşayış normalarının bərqərar olması, dövlətlərin beynəlxalq hüquqlarının qorunması üçün təsirli tədbirlərin görülməsi NATO, MDB, GUAM, QDİƏT, İƏT, TÜRKPA, Qoşulmamaq Hərəkatı və digər beynəlxalq və regional təşkilatlar daxilində dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında daha yaxından iştirak edir. Təbii ki, bu iştirakçılıq Azərbaycan dövlətinə dünya miqyasında mövqelərini daha da möhkəmləndirməyə və milli maraqlarını müdafiə etməyə imkan yaradır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 205