Muəllif:

Azərbaycanın xarici siyasət prioritetlərinə baxış:

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması da əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə, bu kimi nailiyyətlərin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Balanslaşdırılmış xarici siyasət strategiyası kimi rəsmiləşdirilmiş bu kursun əsasını qoyan isə Ümummilli lider Heydər Əliyevdir.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etməsinə və qlobal miqyasda müşahidə edilmiş «Soyuq müharibə»nin başa çatmasından sonra cərəyan edən qloballaşma tendensiyalarının ilk elementlərini görməsinə baxmayaraq, hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alaraq, müvafiq xarici siyasət kursu işləyə bilmədi. 1992-1993-cü illərdə Azərbaycan rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Səslənmiş bəzi bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üz-üzə qoydu. Beləliklə, xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, Ermənistanın bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilmədiyi və s. kimi məsələlər dövlətçiliyimiz üçün mürəkkəb anlar yaşatdı.
Bu mənada dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda Azərbaycanın bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli, Qərbə, Şərqə, yoxsa Rusiyaya və keçmiş SSRİ məkanında mövcud olan dövlətlərin birliyinə inteqrasiya xətti seçilməli, ölkənin təhlükəsizliyi hansısa mövcud beynəlxalq təhlükəsizlik sistemləri ilə əlaqədə, yoxsa, müstəqil, bitərəf şəkildə təmin olunması kimi məsələlər həllini tapmalı idi. Bütün bu məsələlər ətrafında isə operativ, lakin düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş qərarlar qəbul edilməli idi. Çünki, istiqlaliyyət əldə etmiş hər bir dövlət özünün suveren hüquqlarını qorumaq, dövlət müstəqilliyini möhkəmləndirmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və meydana çıxmış münaqişələri həll etmək üçün ardıcıl və prinsipial xarici siyasət yeridərək, qonşu ölkələr və dünyanın nüfuzlu dövlətləri ilə yanaşı, onların təmsil olunduğu bütün beynəlxalq və regional təşkilatlarla da geniş əməkdaşlıq əlaqələri qurmağa ehtiyac duyur. Bu səbəbdən hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunması tələbləri beynəlxalq və regional mübahisələrin dinc yolla nizamlanması üçün geniş tədbirlər sistemini nəzərdə tutan hüquqi-normativ bazaya əsaslanan, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında beynəlxalq hüquq normalarına söykənən və bu normaların təminatçısı rolunu yerinə yetirən beynəlxalq təşkilatlarla sıx əlaqələrin yaradılması zəruriliyini təsdiq edir. Məhz buna görə də, dünya birliyinə tamhüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk kövrək addımlarını atan və Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq və məhəlli təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi başlıca istiqamətlərdən birini təşkil edir.
Beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin intensiv inkişaf etdirilməsi isə həm digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, elmi-mədəni və humanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə, həm də ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına əsaslı təsir göstərmək imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
1993-1994-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə xarici siyasətin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyin strateji və cari vəzifələri, xarici aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Eyni zamanda, beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü və reallaşdıracağı siyasət təhlil edildi.
Bundan sonra Azərbaycan dövləti qarşıya çıxan mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə məqsədilə qısa müddət ərzində BMT, ATƏT, İKT, Türk Dövlətləri Birliyi, MDB, BVF, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, AB, AŞ, Avropa Parlamenti, NATO və b. beynəlxalq və regional qurumlarla səmərəli əlaqələr yaratdı.
Azərbaycanın sıx əlaqələri olduğu təşkilatlardan biri ATƏT-dir. Ölkəmiz ATƏT-in üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub və qeyd edək ki, ATƏT Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. Təşkilatla Azərbaycan arasında qısa müddət ərzində aparılmış intensiv əməkdaşlıq nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ciddi sənədlər qəbul edilib, Minsk qrupu yaradılıb. Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında da sıx əməkdaşlıq münasibətləri olub. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının Hökuməti ilə fəal əməkdaşlıq aparıb və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirib. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edib. Lakin Azərbaycanda keçirilmiş son prezident seçkilərindən sonra qərəzli və qeyri-obyektiv hesabatla çıxış edən DTİHB uzun illər ərzində qurulmuş münasibətlərə kölgə saldı və etibarını tükətdi. Bununla yanaşı, ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. Eyni zamanda, ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan təşkilatın Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə də əlaqələr yaradıb.
ATƏT Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikası Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulub və ATƏT PA-da təmsil olunan Azərbaycanlı deputatlar hər il PA iclaslarında iştirak edirlər. Təşkilatla Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün ATƏT-in Bakı Ofisinin yaradılması haqqında da qərar qəbul olunub. Lakin bu ofis rəsmi səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanın ictimai-siyasi həyatında fərqli — qərəzli mövqe nümayiş etdirməsi nəticəsində Bakı Ofisinin statusuna yenidən baxılması haqqında qərar qəbul edilib. Ümumiyyətlə, ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı ölkəmiz üçün əhəmiyyət kəsb etdiyindən, xüsusi olaraq bu məqsədlə Azərbaycanda ATƏT-in Dostları Qrupu da yaradılıb.
Azərbaycanın intensiv əməkdaşlıq əlaqələri qurduğu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. Azərbaycan 1992-ci ildə «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət edib. Həmin ildən başlayaraq, təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirən Azərbaycan 2001-ci ilin 17 yanvar tarixində tamhüquqlu üzv qəbul edilib. Ötən müddət ərzində Azərbaycan həm qanunvericilik sahəsində, həm də demokratikləşmə kursu üzrə əhəmiyyətli addımlar atdı, ölüm hökmü ləğv edildi, siyasi və ictimai əhəmiyyətli qanunlar qəbul edildi. Azərbaycanın AŞPA çərçivəsində həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması da reallaşdırılmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycan AŞPA iclaslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ciddi sənədlərin qəbul edilməsinə nail olub.
Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nin üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır. Aİ öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərib və Azərbaycan Aİ-də öz Daimi Nümayəndəliyini 2000-ci ildə açıb.
(Ardı gələn sayımızda)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 490