Azərbaycanın vətəndaş cəmiyyətindən kəskin reaksiya
Çərşənbə axşamı Ukraynanın Bakı səfirliyinə böyük bir qrup vətəndaş cəmiyyəti təşkilatları adından ölkənin ərazi bütövlüyünə dəstək bəyanatı daxil olub. “Azərbaycanın vətəndaş cəmiyyəti və QHT-ləri Ukraynada hadisələrin inkişafını diqqətlə və dərin narahatlıqla izləyir. Krım yarımadası ətrafında siyasi hiylələr və hərbi təxribatlar və bu ərazidə keçirilən “müqəddəratın həll edilməsi haqqında referendum” xüsusi narazılıq və qəzəb doğurur”, deyə bəyanatda bildirilir.
Rusiyanın Krım və Ukraynanın şərq vilayətləri ətrafında yaratdığı ajiotaj yaxşı qonşuluq prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun deyil, deyə bəyanatda bildirilir.
Azərbaycan xalqı çoxdan, hələ 1990-cı illərin əvvəllərində bu vəziyyətin amansızlığın hiss edib.
1990-cı ilin yanvarında Azərbaycana xəbərdarlıqsız və qadağan edilmiş silah növlərindən istifadə ilə Sovet Ordusu qoşunları yeridilib. Bakıda və rayonlarda 131 nəfər mülki şəxs, o cümlədən uşaqlar, qadınlar, yaşlılar, təcili yardım həkimləri xüsusi amansızlıqla qətlə yetirilib.
1980-ci illərin sonlarında – 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda separatçılar sovet qoşunlarının dəstəyi ilə referendumlar keçirib, gah Ermənistana, gah birbaşa SSRİ-yə qoşulma haqqında özbaşına qərarlar qəbul ediblər, yəni hazırda Krımda baş verənlərə bənzər əməllər törədilib.
Azərbaycan ictimaiyyəti suveren dövlətin ərazisinə hərbi birləşmələrin yeridilməsini və Ukraynanın hamı tərəfindən qəbul edilmiş sərhədlərinin və ərazi toxunulmazlığının pozulmasını təcavüz hesab edir.
Azərbaycan ictimaiyyəti qəsbi və Putin rejimi tərəfindən bu qəsbin dövlət siyasəti səviyyəsinə çıxarılmasını, Moskvanın keçmiş SSRİ ərazisində sovet rejimini bərpa etmək üzrə sonsuz cəhdlərini pisləyir.
Bu, bir daha sübut edir ki, hazırki Rusiya özünü Sovet İttifaqının “mülkünün” varisi hesab edə bilər, deyə bəyanatda bildirilir.
Azərbaycan ictimaiyyəti Ukrayna dövlətini və onun xalqını Azərbaycan xalqının təbii tərəfdaşı hesab edir və həmişə Ukraynanın yanında olacaq, hərtərəfli kömək və dəstək göstərəcək.
Bəyanatı Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (40 təşkilat), Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumu Milli Platforması (52 təşkilat), Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə İctimai Şura (30 ekspert) və Helsinki Vətəndaş Assambleyası Azərbaycan Komitəsi imzalayıblar.
Müraciət vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən səfirliyə təqdim edilib.
Səfirlik nümayəndələri dəstəyə görə təşəkkürlərini bildiriblər (Turan).