«Azərbaycanın NATO-ya inteqrasiyası azalacaq»
«Ordunun Aynası»nın budəfəki qonağı millət vəkili, MM Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucdur. Onunla müsahibəmiz geniş oldu. Qeyd edək ki, müsahibəni geniş şəkildə «Ordunun Aynası»nın Youtube kanalından izləyə bilərsiniz.
— Bu mayda Azərbaycanla NATO arasında Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığın 20 ili tamam olur. Siz bu dövrü qısaca necə qiymətləndirirsiniz?
— Şübhəsiz, soyuq müharibədən sonra SSRİ-nin dağılması və Varşava paktının varlığına son qoyulması ilə yeni müstəqillik qazanmış dövlətlər özləri üçün mühüm beynəlxalq tərəfdaşlar və yaxud da hər hansı hərbi-siyasi alyanslar axtarışındaydı və o dövr, çox yaxşı ki, NATO yeni müstəqillik qazanmış ölkələrə münasibətdə Sülh Naminə Tərəfdaşlıq proqramını ərsəyə gətirdi. 1994-cü ildə o zaman, baxmayaraq ki, Rusiyanın bu bölgədə maraqları yenə də qalırdı, amma hər halda bu prosesə maneçilik mümkün olmadı və bir çox dövlətlər o proqrama qoşuldu.
Azərbaycan həmin proqramın müxtəlif fazalarından keçdi, özünün müəyyənləşdirdiyi strateji hədəfə müvafiq Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramının artıq yeni bir fazasındayıq. Buna qədərki illəri Azərbaycanın NATO ilə əlaqələrinin inkişaf illəri kimi xarakterizə edə bilərik. Lakin eyni zamanda, itirilmiş imkanlar, bir sıra hədəflərə çatmamaq, NATO-nun bölgədə fəal rolunu istədiyimiz halda, buna adekvat olmayan addımlar və s. ilə özünü göstərmiş oldu. Lakin ən başlıcası, Azərbaycan bu illərdə müxtəlif proqramlarda, elm-texnika sahəsindən tutmuş ictimai həyatın müxtəlif sahələrini özündə ehtiva edən bəlkə də 1200 adlı proqrama qatılmaqla, bu prosesdə Cənubi Qafqazda Gürcüstan bəlkə də bizdən hansısa parametrlərə görə ön yerdə ola bilərdi, onları əhatə etməklə hərbi — Silahlı Qüvvələr sisteminin transformasiyasını həyata keçirməyə çalışdı və bu əməkdaşlıq siyasi cəhətdən də əhəmiyyətli oldu.
«NATO-nun siyasətindən çox ciddi xəyal qırıqlığı yaşadım»
— İtirilmiş imkanlar dedikdə nəyi nəzərdə tutursunuz? Təqsir Azərbaycan tərəfdədir, yoxsa NATO tərəfdə?
— Məni parlamentdə hər zaman NATO qrupunda yer alan bir insan kimi Şimali Avroatlantik məkanın dəyərlərini, prinsiplərini, yaşam modelini, ordu quruculuğu sistemlərini, planlaşdırmanı və s. qəbul edən, istəyən və buna önəm verən insanlardan saya bilərsiniz. Lakin açığı, bu illər ərzində NATO-nun bütün siyasətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, onu ehtiyatlılıq, özünü bölgə problemlərindən həddən artıq uzaq tutma və qeyri-adekvat yanaşmalar kimi adlandırıram. Burada çox mümkündür ki, Azərbaycanın siyasətini də nəzərə alsınlar. Yəni çox ehtimal ki, onlar da hərbi sahəni, ictimai həyatı, demokratikləşməni, idarəetmə sistemindəki bir sıra islahatların səviyyəsini görərək, həm də dövlətin mühüm qərarlarını alaraq buna uyğun yanaşdıqlarını göstərəcəklər. NATO siyasi elitası, generaliteti, yəqin ki, sizlərlə danışıqlarda deyəcəklər ki, Azərbaycan nəyi istəyibsə, biz onu vermişik. Ancaq düşünürəm ki, ən azı Şərqi Avropa ölkələrinin NATO-ya qoşulması, onun üzvlərinin 12-dən 28-ə çatdırılması və s. yönümdə atılan addımlarla Cənubi Qafqaz ölkələrinə münasibət eyni olmadı. Mən bu mənada son illərdə NATO-nun siyasətindən çox ciddi xəyal qırıqlığı yaşadığımı dəfələrlə onların tribunalarından söyləmişəm.
— Krım böhranından sonra yeni bir proses başlayıb. NATO tərəfi rəsmi olaraq bəyan etdi ki, bir sıra postsovet ölkələri, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna ilə əməkdaşlıq yenilənəcək, yeni əməkdaşlıq planları ortaya çıxacaq. Bildirildiyinə görə, bu istiqamətdə həmin ölkələrə mesaj göndərilib. Siz bu yenilənməni necə görürsünüz?
— Düşünürəm ki, biz bu məsələlərdə dövlət başçısının NATO ilə münasibətlərdə ardıcıl, sistemli olduğunu ilk öncə vurğulamalıyıq. Onun son səfəri də, Foqh Rasmussenlə son görüşləri də bu ilin əvvəllərinə təsadüf edib və regional proseslərin xarakteri onu deməyə əsas verirdi ki, bölgə dövlətlərinin maraqları nöqteyi-nəzərindən bu, az mürəkkəb bir şərait deyildi. Ancaq zənn edirəm ki, Krım hadisələrindən sonra NATO-nun adını çəkdiyiniz ölkələr üzrə siyasətinin intensivləşməsi nəyisə dəyişməyəcək. Artıq proseslər öz ağırlıq mərkəzini xeyli dərəcədə Rusiyanın xeyrinə dəyişib.
Məsuliyyətlə deyərdim ki, NATO bu bölgədə siyasi oyunu uduzdu. Bunu 2009-cu ildə Foqh Rasmussen yeni seçildiyi zaman, Şotlandiyada NATO Zirvə görüşündə sualla ona ünvanlamışdım və orada o zaman Britaniyanın xarici işlər naziri David Miliband da iştirak edirdi. Bildirmişdim ki, ötən əsrin əvvəllərində Britaniyanın hərbi qüvvələri və ticarət eskadrası Qafqazda lövbər salmışdı və Bakı neftinə çox aludə olmuşdular. Ancaq müəyyən bir zaman keçdi və müstəqilliyimiz müdafiə olunmadı. Ərazi bütövlüyümüzə çox da önəm verilmədi, yalnız neft maraqlarına əhəmiyyət verildi. Sonda SSRİ adlı bir imperiya yarandı və Qafqazlardan o qüvvələrin hamısını qovub çıxardılar. İndi də NATO-nun işləmədiyi məkanda Rusiya aktivləşdi və indiki bu çəkini aldı. Rusiya artıq beynəlxalq münasibətlər sisteminə yeni bir qüvvə kimi daxil olmaqdadır və siqnalını göndərib. Düşünürəm ki, Avropa bu siqnalı nə qədər həzm eləməsə də, alıb. Rusiya Hitlercəsinə dünyanın yenidən bölüşdürülməsi çağırışını ortaya qoyur. Onlar deyirlər ki, dünyanın hazırkı arxitekturası onların hazırkı baxışlarını və maraqlarını tamamlamır.
Ona görə NATO rəhbərliyinin, AB ilə sinxron işlədiklərindən, eyni zamanda, Avropa qurumlarını guya Azərbaycanın neft-qaz resurslarına münasibətdə və yaxud təhlükəsizliklə bağlı, hətta Qarabağ məsələsi ilə əlaqədar yeni addımlar atacaqlarını ortaya qoymalarına çox da inanmıram. Düşünürəm ki, artıq bölgədə siyasi qüvvələr nisbəti dəyişib və bu dövlətlər də onu hiss etməkdədir. Zənn edirəm ki, Azərbaycan prezidentinin Türkiyə və Gürcüstan rəhbərliyi ilə görüşləri də əslində bölgədə dəyişən şəraitə adekvat müəyyən çıxış yolları aramaq üçün idi. Ona görə də NATO bu dövlətlərin yanında yer almayıb. Bundan əvvəl NATO hərbi cəhətdən bu iki dövləti savaş meydanında tək qoyubdur. Bu da 90-cı illərdə həmin quruma olan çox böyük eyforiyaları dağıtdı. İndi artıq tamam fərqli reallıqdır.
«Günlərin birində Putin Xəzərdəki beynəlxalq neft şirkətlərini hədələyə bilər»
— Sizcə, bundan sonra Azərbaycanın NATO-ya inteqrasiyası artacaq, yoxsa azalacaq?
— Məncə, azalacaq. Çünki bundan sonrakı dönəmdə artıq Rusiya kabusu hamının başı üzərində dolaşır. Biz Gülüstan, Türkmənçay müqavilələrindən bu yana 200 illik dövrdə Rusiyanın bölgədəki rolunu qabartmaqla, 90-cı illər hadisələrindəki yerindən danışmaqla xeyir tapmayacağımızı görərəkdən artıq bu və digər formada xarici siyasətimizdə Rusiyanı ağırlaşdırmış olacağıq. Və bu, özlüyündə başqa dövlətlərin və ya qüvvələrin maraqlarının sıxışdırılması hesabına olacaqdır.
— Sizcə, bu, təhlükəsizlik maraqlarımıza uyğundurmu?
— Qəti şəkildə. Əmin edirəm ki, günün birində Xəzər akvatoriyasında hərbi təlimlərini genişləndirən Putin tankerlərlə, «Potyomkin» zirehli gəmiləri ilə beynəlxalq konsorsiumlara və neft kompaniyalarına hədələyici tonla mesajlarını göndərsə, hədələyici manevrlərini etsə və təlimlərini keçirsə, bu, dediyim ötən əsrin əvvəllərindəki hadisələrin təkrarı olacaq. Yəni Azərbaycan kimi ölkələrin gah demokratiya, daxili vəziyyət, idarəçilik durumu və sairəsini qabartdıqlarından, daha böyük fundamental məsələ ön yerə qoyulmadığından vəziyyət bu yerə çatıb. Yəni dediyim kimi, prinsip bütövlüyü olmalı idi, zamanında ABŞ səfirliyi bu bölgədəki siyasətlərində prioritetləri açıqlamış və ilk yerə ərazi bütövlüyü məsələsini qoymuşdu. İndi bunlar dərk edirlər ki, Qarabağ məsələsi üzərində əllərini qızdırmasaydılar, zamanında bu konfliktlər daha tez həll olunmuş olsaydı, bu gün həmin konfliktlərlə idarəetmə siyasətinə üstünlük verən bölgə dövlətlərinin təsir imkanları xeyli azalardı. Yəni bu münaqişələr nüfuz savaşı uğrunda müharibənin əsas elementidir. Ona görə də düşünürəm ki, Azərbaycan öz maraqlarına nə qədər uyğun olmasa belə, həmin dediyimiz ağırlaşdırmanı qəbul etməyə artıq məcbur olacaqdır.
— Dediniz ki, NATO ilə əlaqələrin azalması, əksinə, Rusiya ilə sıxlaşma milli təhlükəsizlik maraqlarımıza uyğun deyil. Belə olan halda Azərbaycan Rusiyadan gələcək təhlükəni önləmək üçün nə etməlidir?
— Azərbaycan ilk növbədə Rusiya ilə münasibətlərini bir az da sıxlaşdıracaq. Gördüyünüz kimi, cəmiyyətdən artıq daha çox çağırışlar var ki, siyasi müstəqilliyin müəyyən parametrlərindən geri durmaq şərtilə, hətta hərbi bazaların yerləşdirilməsi və yaxud digər hərbi münasibətlər, Gömrük Birliyində yer alma və s. gedilməsi mümkündür. Demək ki, ictimai şüurda buna bənzər fikirlər həddən artıq çoxluq təşkil edir…
— Siz də bu kimi ideyalara tərəfdarsınızmı?
— Qətiyyən. Bu məsələnin təklifini irəli sürən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri olub. Onun şəxsinə (Qüdrət Həsənquliyev — red.) çox böyük hörmətim var. Ancaq düşünürəm ki, Azərbaycanın bu dönəmdə siyasəti Rusiya ilə nə qədər istiləşməyə gedilsə də, beynəlxalq əlaqələrindən və maraqlarından imtina edilməməlidir. Çünki bizim iqtisadi əlaqələrimiz Qərblədir. Hərbi və siyasi cəhətdən Rusiya və İranla əlaqələrimiz qurulsa, konqlomerat bir şərait yaranar. Yəni ölkədə bu ağırlıq mərkəzləri bir balans, bir harmoniya təşkil etməlidir. Ola bilməz ki, sən iqtisadi cəhətdən Avropanın tərəfdaşı olasan, amma siyasi cəhətdən Rusiyanın. Dünyada belə modellər işləmir.
Hesab edirəm ki, bu dönəmdə Ukrayna hadisələri üzərindən çıxıb Rusiya ilə savaşmalı deyilik, ərazi bütövlüyü prinsipini nə qədər qoyuruqsa da, bundan irəli getmək çox təhlükəli olardı. Azərbaycan Türkiyə və bir sıra digər dövlətlər hesabına maraqlarının müdafiəsi üzərində düşünməlidir.
Lakin əminəm ki, bu, NATO olmamalıdır. Çünki indi sıxlaşdırılmış əlaqələr, intensivləşdirmə onsuz da ərazisinin 20 faizini itirmiş Azərbaycanı Şərq Tərəfdaşlığı proqramında üçüncü ölkə edəcək ki, daha çox ərazi itirmiş olsun. Mən hesab edirəm ki, əgər kimsə düşünürsə ki, həmin Yaxın Qonşuluq siyasəti müasir dövr üçün Marşal planı idi, 6 ölkəni Rusiyanın təsir zolağından çıxartmaq və Avropanın tərəfdaşına çevirmək və bu vasitə ilə Rusiyanın gücünü azaltmaq və onun yaxın periferiyasında özünə tərəfdaşlar qazanmaq məqsədi güdürdü, artıq bu, iflasa uğramış bir proqram adlana bilər. Mən ondan çıxmağı təklif etmirəm. Amma bir baxın. Gürcüstan həmin proqramın üzvü idi, de-yure də itirdiyi ortadadır: 17 ölkə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. İkinci ölkə artıq Ukraynadır: xəritə üzrə onun siyasi varlığına son verilməkdədir və indi artıq 236 min kvadrat kilometrə malik olan Odessanın davası gündəmə çıxmaqdadır. Beləliklə də, NATO, Qərbdən başlamış siyasət bu ölkələri Rusiya kimi mühüm bir dövlətlə toqquşduraraq əzdirməyə səbəb olursa, bu dövlətlər öz strateji xəttində dəyişiklik edə bilər. Bir daha deyirəm ki, sonuc olaraq bu, bizim tam maraqlarımızı ifadə etmir. Çünki Rusiya demokratik bir formatda, bu dövlətlərin hər birinin maraqlarını tanıyaraq, ərazi bütövlüyünün təminatına qol qoyaraq vahid bir iqtisadi, siyasi alyans formalaşdırmır. Daha artıq dərəcədə onun dominantlığını qəbul edəcək formatlar ortaya qoyur. Bu da xalqlar tərəfindən könüllü qəbul oluna bilməz. Ancaq buna süngü ilə çıxanlar da yoxdur.
— Bunun alternativini də görmürsünüz hazırkı məqamda…
— Hazırkı dönəmdə alternativ yalnız dediyimiz kimi Rusiyanın maraqlarına toxunmadan, onunla toqquşmalara getmədən daha çox fərdi xilaslardır. Kollektiv xilas yolu yoxdur. Çünki GUAM modeli, gördüyünüz kimi, son hadisələrdə də işləmir. Başqa alternativlər də olmayacaqdır. Əgər bizim söhbətimizin əsasını NATO ilə münasibətlər təşkil etməlidirsə, deməliyəm ki, bu sözləri, bu fikirləri hətta bir neçə ay öncə NATO toplantılarında mən söyləyəndə bir çoxları bunun günahını bizdə axtarmağa başlamışdılar ki, Səfər Əbiyev dönəmində ordu islahatları dərinə işləmədi, Azərbaycan çox da can atmadı. Mən onda deyirdim, 2003-cü ildə Şevardnadze demişdi ki, biz 2004-cü ildə NATO-nun qapısını döyəcəyik. 2004-də onun özünün qapısını döydülər, bütövlükdə siyasi hakimiyyətdən kənarlaşdırdılar. Ondan sonra Saakaşvili onun aqibətini yaşadı. Bu dönəmdə Moldova ilə Gürcüstanın AB ilə assosiativ sazişi imzaladıqlarına görə müstəqilliklərinin bundan sonrakı dövrdə tam qarantiyalı şəkildə qorunacağına mən inanmıram.
«Ordu quruculuğunda son dərəcə ağır bir prosesin başlanğıcındayıq»
— Ordu islahatlarını müzakirə edək. Sizcə, Silahlı Qüvvələrdə NATO standartlarının tətbiqi prosesi necə gedir?
— Əminəm ki, keçmiş zamanda hər hansı taborun yaradılması, təlimat sisteminin ona uyğunlaşdırılması, hətta qardaş Türkiyə generalitetinin ilk vaxtlarda bu sistemə cəlb olunması, bu işə yaxından töhfələr verməsi, o cümlədən Azərbaycanın da o beynəlxalq proqramlarda iştirak etməsi müəyyən bir məsafəni qət eləməyə şərait yaratdı. Açığı, NATO-dan hər zaman bizim bu quruma üzvlüyümüz istənilirdi, elə son olaraq da Cənubi Qafqaz üzrə nümayəndə Appaturay bunu açıq şəkildə dilə gətirib ki, siz bunu bizdən istəyin, proqramlar öz-özlüyündə ayrı cür verilə bilməz. Fərdi tərəfdaşlıqdan da bir qədər irəli gedəcək üzvlük üçün plan və s. işləməsi Azərbaycanın özünün dövlət olaraq seçimi içərisində olmalıdır. Düşünürəm ki, son regional proseslər bu islahatları azaltmamalıdır. Bayaqdan biz beynəlxalq tərəfdaşlar, NATO ilə münasibətlərdən danışırdıq. Amma islahatlar məsələsində NATO modelinin bərqərar olmasının alternativi yoxdur. Keçmiş sovet modelinə qayıdış və yaxud da ki, Rusiya sistemindən gələn, onun ordu quruculuğu modelinin kalka üsulu ilə köçürülməsi bizim marağımıza uyğun olmayacaq. Hesab edirəm ki, Zakir Həsənov peşəkar hərbçidir və onun NATO modelinə üstünlük verdiyini bilməkdəyik. Ordu, təbii ki, insanların kütləvi çalışdığı sahədir, çox çətin bir məkandır. Amma son vaxtlar hərbi mühitin dəyişdirilməsi, kadr dəyişikliyi aparılmasının formal deyil, qarşılarına qoyulan vəzifə olaraq fərqinə inanıram və çox ümid edirəm ki, Azərbaycan ordusu məhz NATO modelində qurulmaqda davam edəcək. Bu islahatların alternativi yoxdur.
— Zakir Həsənov 6 aydır müdafiə naziridir. Siz bu dövrdə Silahlı Qüvvələrdə hansı islahatları müşahidə etmisiniz?
— Elə hesab edirəm ki, islahatlara hazırlıq görülübdür. Təbii ki, analitik-ekspert dairələrinin qəbul etmədiyi məsələlər kimi də görünsə, hər bir halda istənilən islahatlar ilk növbədə kadrlarla aparılacaq. Düşünürəm ki, atılan addımlar hər hansı təmənna güdülmədən, çirkli maraqlara yol verilmədən edilən dəyişikliklərdir. Zabit heyətinin şərəf və ləyaqətini, onun əsgər üzərindəki mənəvi hakimiyyətini bərqərar edən addımlara gedilib. Bunu şübhə ilə qarşılamaq mümkün deyildir.
İkincisi, onların əmək haqlarının hesablanması, sosial təminat məsələlərinin fərqli qaydada qurulması prosesi gedir, eyni zamanda, mənzil təminatı ilə bağlı sistem dəyişdirilib. Hiss olunan odur ki, zabitlər xidmət etdikləri yerdə özlərinin gələcəklərinə inanırlar.
Üçüncüsü, hərbi hissələrə müddətdən artıq hərbi xidmət qulluqçularının dəvət olunması ilə bağlı verilən səlahiyyətlər qeyd oluna bilər. Əvvəllər bu, Müdafiə Nazirliyinin özünün səlahiyyətində idi. Baş Qərargahla bağlı müəyyən dəyişikliklər var, rütbələrin verilməsi məsələsi o qurumun kompetensiyasına yenidən qayıdıb.
Bütövlükdə hərbi mühitin dəyişdirilməsi üçün işlər görülməkdədir. Amma düşünürəm ki, ordu üzərində ictimai nəzarət, o cümlədən parlament nəzarəti, Baş Qərargahın səlahiyyətlərinin artırılması, orduya kollegial rəhbərlik, kadrların rotasiyası, əsgərlərin yerinin dəyişdirilməsindən tutmuş zabit heyətinin dislokasiyası prosesinə qədər bütün proseslərin insan amili ilə bağlı olmasına yönəlik tədbirlər həyata keçirilməlidir. O cümlədən dövlətin ordu quruculuğuna dair mühüm proqramı olmalıdır. Bu, fərqli, adlı proqram olmalıdır.
Zənn edirəm ki, dövlətin büdcə imkanları ona yol verir ki, ən azı 1 milyard manat vəsait səviyyəsində bütün zabitlərin xidməti və ya real mənzillə təminatı işi qarşıdakı dövrdə görülmüş olsun. Sadəcə, 20 il qüsursuz xidmət amili ilə hansısa insanları müəyyən adlı siyahılara daxil etmək məsələsində xeyli tənqid olunacaq məqamlar var. Bütün bunlar, o cümlədən ordunun təminatı, müəyyənləşmiş büdcə vəsaitlərinin bölgüsü ilə bağlı işlər görülməlidir. Büdcənin 26-27 faizinin əmək haqqı və s. kimi sosial məsələlərə yönəlməsi, yerdə qalanının texnika, resurs, texnologiyaya getməsi kimi balansı da tədricən dəyişmək lazımdır.
Hesab edirəm ki, qarşıdakı dönəmdə Zakir Həsənovun gücü və iradəsi çatacaq ki, ölkə başçısının, təbii ki, onun qarşısında qoyduğu tapşırıq bundan ibarətdir, Azərbaycanda ordunun sayı, baxmayaraq ki, mülki vəzifəli şəxslər qəbul olunmaqdadır, daha mötədil, daha ölçülüb-biçilmiş edilsin. Bildiyiniz kimi, hərbi hissələrin döyüş hazırlığının daim yaxşı səviyyədə saxlanılması üçün təlimlərin keçirilməsini nəzərdə tutan xüsusi əmr verilib. Naxçıvanda birləşmənin yaradılması ilə bağlı qərar verilib.
Yəni hiss olunan budur ki, son dərəcə ağır bir prosesin başlanğıcındayıq. Mən Səfər Əbiyev dönəminə yönəlik tənqidlərimi hər zaman söyləmişəm. Bunu parlamentdəki tribunadan da dilə gətirmişəm. İstəmirəm ki, onların üzərində dayanaq. Yalnız onu deyə bilərəm ki, Azərbaycan ordusunun güclü şəkildə formalaşması, sadəcə, hakimiyyətin, sadəcə, müxalifətin, sadəcə, orta qüvvələrin deyil, bütün xalqın gücünü artıran bir amildir.
Qeyd: Müsahibənin video versiyasında Z.Orucun aşağıdakı suallara da cavabları ilə tanış ola bilərsiniz:
— Səfər Əbiyev məsuliyyətə cəlb olunmalıdırmı?
— 26 iyunda hərbçilərin məvacibləri artırılacaqmı?
— Hərbçilərə dövlət qulluqçusu statusu veriləcəkmi?
— Zakir Həsənov parlament qarşısında hesabat verəcəkmi?
— Hərbi qulluqçulara 1998-2005-ci illərdə üçqat məvacib əvəzinə ikiqat məvacib verilməsi ilə bağlı yaranmış problem necə həll olunacaq?
— Əsgər ölümlərinin sayı necə azaldılacaq?
— Xəstə əsgərlərin hərbi xidmətə çağırılmasının qarşısı necə alınmalıdır?
— Orduda çavuş idarəetməsi nəyə görə vacibdir?
— Orduda korrupsiyanın və yeyintilərin səviyyəsi necədir?
— Orduya nəzarətdə parlamentin, QHT və medianın rolu necə olmalıdır? Müdafiə Nazirliyində QHT-lərlə memorandum imzalana bilərmi?
— Azərbaycan NATO-nun korrupsiyaya qarşı mübarizə ilə bağlı təklifinə (Building Integrity Program) nə cavab verəcək?
— NATO Azərbaycana silah və hərbi texnika satmalıdırmı?
— Orduda xidmət etməyənlər dövlət qulluqçusu ola biləcəklərmi?
— Müdafiə Nazirliyindəki hərbi təhqiqat idarəsinin fəaliyyəti necədir?
https://www.youtube.com/ArmyMirror