Muəllif:

Azərbaycanda vətəndaş cəmiyyəti

Son zamanların ən çox işlədilən söz birləşmələrindən biri də «vətəndaş cəmiyyəti» ifadəsidir desək, yəqin ki, yanılmarıq. Azərbaycanda hələ də cizgiləri hamı tərfindən aydınlıqla qavranıla bilməyən bu anlayış, əslində, öz mahiyyəti etibarilə çox böyük tutuma malikdir. Elə bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Bəri başdan onu demək lazımdır ki, avtoritar, totalitar rejimlər üçün vətəndaş cəmiyyətinin formalaşması xas deyil. Deməli, vətəndaş cəmiyyətinin quruculuğundan söhbət gedirsə, demokratik dəyərlərin mövcudluğundan danışılır.
Elmi ədəbiyyatda bu ifadə adı altında cəmiyyətin tipinin, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətinin, inkşaf və yetkinlik səviyyəsinin ifadə edildiyi göstərilir. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da cəmiyyətin inkişafında daha yüksək pillədir. Baxmayaraq ki, onu müxtəlif cür mənalandırır və başa düşürlər. Tarixi araşdırmalar da göstərir ki, vətəndaş cəmiyyəti adı altında münasibətlərin — başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi — formalaşması və idarə olunması durur ki, bütün bunlar da dövlətdən ayrı, vətəndaş münasibətləri çərçivəsində müstəqil şəkildə tənzimlənir. Və təbii ki, burada hakimiyyətin şəxsiyyətin, vətəndaşın işinə, insanların şəxsi həyatına müdaxiləyə yol verməmək əsas məsələdir.
Deməli, belə bir nəticə əldə etmək mümkündür ki, fəal vətəndaş cəmiyyətinin formalaşması və mexanizmlərinin hərəkətə gəlməsi, yəni cəmiyyəti maraqlandıran və düşündürən müxtəlif aspektli məsələlərin cəmiyyətdə müzakirəsi anti-demokratik rejimlərdə mövcud ola bilməz. Yəni rejim vətəndaşların müstəqil olaraq hər hansı məsələ ilə bağlı qərar vermək, onun icrasını təmin etmək yönümündə hərəkətləri ilə barışmaz. Elə vətəndaş cəmiyyətinə verilən çoxsaylı təriflərdən də bunu görmək olar. Bu təriflərdən birində deyilir ki, vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən, onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdırılan özünümüdafiə sferasıdır. Elə buradan çıxış edib Azərbaycanı şəxsi, qrup, geopolitik, geostrateji, enerji və s. maraqlarının həyata keçirilməsi naminə azadlıqların məhdudlaşdırıldığı ölkələr kateqoriyasına daxil edən beynəlxalq və yerli təşkilatlara, birliklərə obyektivlik göstərmək, çağırışı etmək olar. Çünki vətəndaş cəmiyyətinə verilən tərifin özündə ehtiva etdiyi elementləri bizim cəmiyyətdə müşahidə etməmək mümkün deyil. Təbii ki, onlar respublikada vətəndaş cəmiyətinin parametrlərini görməmiş deyillər, lakin görünür, hansısa istəklər və maraqlar bunun əksini deməyə vadar edir. Əslində biz demokratik dəyərlərin səviyyəsi ilə bağlı hansısa ölkələrlə yalnız müqayisə aparıb, mübahisə edə bilərik, çünki onun olduğunu sübut etməyə cəhd göstərməyə ehtiyac yoxdur. Ən azı o səbəbdən ki, mövcud olanı görməzliyə vuranların mütləq hansısa marağı var və onu inandırmağa cəhdlər səmərə verə bilməz. Üstəlik və ən əsası isə onlar bunu sadəcə görmək istəmirlər. Bu cür qərəzliliyi yalnız geniş ictimai qınaqla zərərsizləşdirmək mümkündür. Təəssüf ki, ölkəmiz müstəqilliyini yaxın tarixdə bərpa etdiyindən, dövlətçilik ənənələri tam formalaşmadığından daxili ictimai birlik xaricin şirnikləndirici vədlərinə uduzur. Milli maraqları, daxılı ictimai sabitliyi müdafiə edən QHT-lər, fəal iştimaiyətçilər hökumətin satın aldığı qruplar kimi, xaricilərin əlinə oynayanlar isə demokratiya carçılarıtək təqdim edilir. Yaltaqlarla millət, vətən təəssübkeşləri eyniləşdirilir, həqiqətlə yalan bir-birinə qarışıdırılır, obrazlı desək, düzlə əyrini seçmək olmur. Deməli, artıq zaman yetişib ki, başqa alternativlər tapılsın. Xaricdən gələn «böyük oyun qaydaları»nın önünə fundamental şəkildə işlənmiş və strateji hədəfləri müdafiə edən konsepsiyalar qoyulmalıdır.
Onu da qeyd etmək lazımdır ki, insan, xüsusilə toplum mahiyyəti etibarilə, daim yeniliyə can atdığından psixoloji baxımdan əlində olanı qurban verməyə hazırdır ki, daha xoş və təsirli sözlərlə təqdim edilən yeni olana çatsın. Əli çatdıqda isə bu «yeni olan» artıq maraqsız olur, bəzən işə yaramır, yaxud həm fərdə, həm də ümumiyə ziyan vurur. Bu zaman əvvələ qayıtmaq mümkün olmur, irəliyə getmək isə təlatümlərdən keçir, çünki bu ssenarilər başqa yerlərdə yazılıb. Ona görə də biz inkişafın milli ssenarisinin yazılmasının və onun reallaşmasının tərəfdarı olmaqla vətəndaş cəmiyyətinin formalaşmasında milli QHT-lərin proyektlərinə daha çox diqqət yetirmək gerçəkliyi ilə barışmalıyıq. İndiki hökuməti və iqtidarı da buna təşviq etməli və həvəsləndirməliyik. Elə bununla da vətəndaş cəmiyyətinin struktur elementlərini — şəxsiyyət, ailə-məktəb, məscid, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər və s. — mühafizə etməklə milli inkişaf proqramını reallaşdıra bilərik.
Bəzən yeniliyə o qədər də həvəsli görünməyən Azərbaycan hökumətinin mövqeyi bu məsələyə yanaşmada təəccüb doğurur. Bununla belə, hökumətin gələcəkdə ona ciddi alternativlər yetişdirə biləcək bu sahəyə dəstək verməsi, son zamanlar intensivləşib. 2012-ci ildə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu» mövzusunda keçirilən tədbirdəki çıxışında deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir:
«Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik».
Siyasi partiyalara o qədər də xoş münasibət göstərməyən hökumət bundan fərqli olaraq vətəndaş cəmiyyəti resurslarına, QHT-lərə ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institut kimi baxdığını gizlətmir. Həsənov bununla bağlı hökumətin mövqeyini belə ifadə edib:
«QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır, bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni, həyatın müxtəlif sahələri, eyni zamanda, dövlət siyasətinin prioritetlərini təşkil edir».
Bəzən hökumətin belə bir mövqeyinə QHT-ləri ələ almaq istəyi kimi baxılır. Əslində QHT-lərin müstəqilliyi ilə «əlaltı» rolu oynaması arasında çox nazik bir pərdə var. Əgər QHT-lər «Aktiv vətəndaş cəmiyyəti» anlayışını formalaşdıra bilməyiblərsə, yəni cəmiyyətin həyatında fəal iştirak etmirlərsə, bu onların fəaliyyətinin formallığına işarədir. Əgər bunun əksinə olan ictimai fikir hakimdirsə, o zaman onların müstəqilliyi haqqında danışmaq olar. Çünki bu, siyasi aktiv vətəndaşların cəmiyyəti deməkdir. Burada hər kəs siyasətin subyekti, ictimai həyatın aktivi olmağa can atır, saxtakarlığı, riyakarlığı qəbul etmir. Əgər tərəfində çıxış etdiyi qüvvələr uduzursa, onunla razılaşır, məsuliyyətini hiss edir.
Ona görə də bütün bu nyüansları nəzərə alaraq, «sənə qrant verirlər və sən hakimiyyətə xidmət edirsən» deyimini, «sənə qrant verirlər, sən dövlətə xidmət edirsən» ifadəsi, fikri və düşüncəsi əvəzləməlidir.
Yeri gəlmişkən, qrant məsələsində bütün tərəfləri az qala razı sala biləcək, dövlətin vətəndaş cəmiyyətinin qurulması siyasətini bacarıqla icra edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin xidmətlərini qeyd etməmək mümkün deyil. Doğrudur, pul olan yerdə həmişə narazılıq, dedi-qodu, şər-böhtan olub və yəqin ki, bundan sonra da olacaq. Amma bu qurumun fəaliyyətində şəffaflığa göstərilən cəhdlər təqdirəlayiqdir. Onu ittiham edənlərin iddiaları da anlaşılandır. Çünki xarici donorlar kimi daha iri məbləğdə layihələri maliyyələşdirmir. Şəxsən məndə belə qənaət hakimdir ki, xarici vətəndaş, yaxud təşkilat bizim milli mənafelərimiz naminə qrant verməz. Bunun arxasında ya siyasi maraqlar var, ya da daha böyük iqtisadi mənafelər durur. Bu fikrimlə xaricdən qrant alan təşkilatları ittiham etməkdən uzağam. Onların əksəriyyəti səmimi olaraq qəbul etdikləri dəyərlərə sadiqdir və uzaq hədəflərə yönəlmiş oyunlardan yəqin ki, bixəbərdirlər. Əgər həm qrant alır, həm də cəmiyyətimizin maraqlarını qoruya bilirlərsə, bu alqışa layiqdir və hörmət doğurur.
Sonda onu qeyd etmək lazımdır ki, demokratik dəyərləri mənimsəmiş ölkələrdə vətəndaş cəmiyyətinin fəal quruculuğu hökumətə imkan vermir ki, o, insanların inandığı yeganə quruma çevrilsin. Məncə, indi hamımız Azərbaycanda bunu müşahidə edirik və nisbətin vətəndaş cəmiyyətinin xeyirinə dəyişməsini arzulayaraq buna çalışırıq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 7,00 из 10)
Oxunma sayı: 2521