Azərbaycanda «nurçu» nağılları
Ölkədə yenə düşmən axtarırlar. Yaxşı ki, 37-ci il deyil, hərçənd bəzən havada həmin illərin havası duyulur: sadəcə bir az janr dəyişib, yəni faciədən komediyaya keçid hiss olunur. Hədəfdə isə heç kimin haqqında düz-əməlli bilgisi olmayan «nurçuluq» deyilən təriqətdir. Sən demə, onlar məmləkətimizdə açıq fəaliyyət göstərirmiş və az qala uca dövlətimizi yıxacaqlarmış. Ona görə indi «nurçu» ovu başladılıb. Dirijorlar qaranlıqda gizlənib, «vətənpərvərlər» meydan sulayır, üzdə olan adamlara partapart «nurçu» damğası yapışdırılır. «Agent» və «erməni» söhbətləri yalan olub. Türkiyədəki korrupsiya qasırğasından sonra Azərbaycanda da qaranlıqda qara pişik axtarmaq həvəskarlarının meydanı genişlənib. Kimin-kimdə qisası varsa, fürsəti əldən vermir. Haqq-hesab çürütmə əməliyyatlarında bəzi media qurumları da həvəslə (və sifarişlə) iştirak edir. Gündəmin belə mənasız mövzularla zəbt olunması ölkə içində və yaxın xaricdə baş verən önəmli hadisələri az qala, arxa plana keçirib.
***
Əlbəttə, dövlət üçün hər hansı təhlükə varsa, qarşısı mütləq alınmalıdır. Amma «təhlükə» adı altında vicdanlı insanlara hücumun da bir həddi olmalıdır. İndi «nurçu» deyib üzərlərinə hücum çəkilən, ünvanlarına ağlasığmaz ittihamlar yağdırılan bu adamlarla zaman-zaman ünsiyyətim olub. Ağıllı, əxlaqlı, imanlı insanlardır, özlərini «hizmət hərəkatı» adlandırırlar. Dünyanın müxtəlif ölkələrində təhsil, biznes və dialoq təşkilatları qurur, çalışdıqları cəmiyyətlərlə qaynayıb qarışmağa çalışırlar. Azərbaycanda keyfiyyətli təhsil üçün zəhmətini əsirgəməyən bu dürüst insanlara rəğbətimi gizlətmirəm. Liderləri F.Güləndən neçə illər qabaq müsahibə də almışdım.
İndi bu adamlar onda ittiham olunurlar ki, «siz təhsil verib bizim uşaqlarımızı yoldan çıxarır, öz adamlarınızı müxtəlif qurumlarda yerləşdirməklə gələcəkdə dövləti ələ keçirməyə çalışırsınız». Çox cazibədar ittihamdır və bu məntiqlə ölkədə təhsil verən bütün orta və ali məktəbləri məşhər ayağına çəkmək mümkündür. Amma adamın təkcə qulağı yox, həm də gözü var, eşitdiklərinə yox, gördüklərinə inanır. Anlamaq olmur ki, millətin övladlarına təhsil vermək, onların inkişafını izləmək, öz məzunları ilə daim maraqlanmaq niyə belə qorxuludur? Bu ölkədə çalışan bir qurumun cəmiyyətin tanınmış simaları ilə ünsiyyət qurmasında nə qəbahət var ki? Təhsil kimi geniş bir sferada aparıcı olan bir təşkilatın, ölkənin rəsmiləri, parlament üzvləri ilə yaxşı münasibət yaratmağa çalışması, bu əlaqələrdən özlərinin fəaliyyəti üçün əlverişli mühit yaratmaq istəməsi niyə kimdəsə qıcıq yaratmalıdır ki? Burda hansı siyasi məqsəd güdülə bilər ki?
Mənim qənaətimə görə, əslində Gülən camaatı siyasi fəaliyyətlə deyil, ağılla düşünülmüş bizneslə məşğuldur. Təbii ki, təhsili də pulsuz vermirlər, amma bu biznesdə yüksək texnologiya, vicdan, əxlaq, ağıl və insaf var. Onların fəaliyyəti məmurları və medianı tovlamaq üçün adını piar qoyub, aşkar şəkildə ələalma kampaniyası aparan bəzi talançı biznes təşkilatlarından çox fərqlənir.
Təbii ki, Türkiyədə avtoritarizmə meyillənən Ərdoğanın vaxtilə dostluq etdiyi Gülən camaatına savaş açması üzücü hadisədir. Bundan istifadə edib Azərbaycandakı camaatı sıxışdırmaq, bizneslərinə əl uzatmaq, onları şişirdib bizim cəmiyyət üçün təhlükəli güc kimi göstərmək ondan da üzücüdür. Dövlət təhlükəsizliyi üçün səmimi narahatlıq keçirənləri anlamaq olur, amma «ifşa əməliyyatlarının» arxasında tamam başqa niyyət dayanır. Kim inanar ki, bütün varlığı ilə bu hakimiyyətə və dövlətə sadiq olan Rəbiyyət Aslanova kimi nüfuzlu ictimai xadim hansısa uydurma təriqətə qoşula bilər. Yaxud Qənirə Paşayeva kimi tükü-tükdən seçən, hər halda milli düşüncə sahibi olan bir xanım böyük ideyalardan xırda maraqlara necə eniş edə bilər? Onların təhsil və barış məsələlərində Azərbaycana can yandıran insanlara epizodik dəstək vermələri yalnız milli duyğulardan qaynaqlana bilər. Bu, dürüst adamlara çamur atmaqdır. Bu baxımdan F.Məmmədov, F.Hacıyev, E.Aslanov kimi istedadlı gənclərin hədəfə alınması da komediyadan başqa bir şey deyil.
İttihamların, təhlükə barədə bağırtıların arxasında fakt əvəzinə saxta məktublar çap etmək köhnə metoddur, adamların bir-birinə münasibətini falçı kimi yozmaq da işə yaramır, fərziyyələrdə məntiq tapmaq isə çox çətindir. Deyəndə ki, bu adamlar yeni seçilmiş Müdafiə nazirini hansı məqsədlə təbrik ediblər, istər-istəməz adamın ağlına sual gəlir ki, görəsən Mozambik lideri seçkilərdən sonra Azərbaycan prezidentini hansı məqsədlə təbrik edib?
Əlbəttə, bu gün Azərbaycanın bir çox sahələrdə ciddi problemləri var. Həmin problemləri həll etmək üçün cəmiyyətin mənəvi birliyi və dövlətin təhlükəsizliyi çox vacibdir. Bunun üçün təhlükələrin də, problemlərin də səbəbini, mənbəyini dəqiq bilmək önəmlidir. Yanlış qənaətlər adamı həmişə, yanlış yola aparır. Ona görə də indiki halda «nurçuluq» qorxusundan danışmaq, saqqal darağının təhlükəsi haqqında bəhs etmək kimi bir şeydir…
***
P.S. Yazını tamamlayıb «Ayna»ya göndərməyə hazırlaşırdım ki, yaxın dostlarımdan birinin zəngi gəldi. Kefi kök idi, səsi də çox şaqraq gəlirdi:
— Gözün aydın, hansısa reket saytı səni də «nurçu» çıxarıb. Bəs sən bunu bizdən niyə gizlətmisən? — dedi və şaqqanaq çəkib ucadan güldü.
Onun dediyi «xəbərə» reaksiya verməyə imkan tapmamış dostum ənənəvi təklifini etdi:
— Uşaqlarla danışmışıq, toplaşırıq, elə orada sənin bu təzə xəbərini də yuyarıq…
[email protected]