Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə reytinqi verildi
ABŞ Federal Mülki Aviasiya İdarəsinin qiymətləndirməsinə əsasən, Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə reytinqi verilmişdir, ABŞ-ın Azərbaycan Səfirliyindən bildirilir ki, Beynəlxalq Aviasiya Təhlükəsizliyinin Qiymətləndirilməsindən sonra ABŞ Federal Mülki Aviasiya İdarəsi (FMAİ) tərəfindən aviasiya təhlükəsizliyi sahəsində Azərbaycana 1-ci dərəcə verilmişdir. Bu təsnifat Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcəkdir və bu, ölkələrimiz arasında turizmin və yük ticarətinin inkişafını dəstəkləyəcəkdir.
FMAİ müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv ölkə olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə yetirir. Bu, FMAİ-in Texniki Təhlil missiyası tərəfindən 2013-cü ilin oktyabrında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA tərəfindən əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi məqsədilə ARDMAA ilə birlikdə 2013-cü ilin dekabrında və 2014-cü ilin yanvarında aparılmış hərtərəfli texniki müzakirələrdən sonra müəyyən edilmişdir.
Deyilir ki, ABŞ Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində təkmilləşdirilmələrin həyata keçirilməsində ARDMAA-ın fəaliyyətinə töhfə verməkdən məmnundur. Xüsusilə aviasiya sahəsində texniki yardımın iki mərhələsini maliyyələşdirməklə ABŞ Hökuməti aviasiya sisteminə nəzarət sahəsində beynəlxalq standartların tələblərinə cavab verilməsində ARDMAA-ya köməklik göstərməkdə maraqlı olduğunu nümayiş etdirmişdir.
Qeyd olunur ki, ABŞ Hökuməti mülki aviasiya sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcəyinə ümid edir.