Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır
Azərbaycan Ukraynada sabitliyin bərpasına tərəfdardır. Bu barədə XİN rəhbəri Elmar Məmmədyarov martın 18-də əfqanıstanlı həmkarı Zarar Əhməd Osmanla danışıqlarından sonra keçirilən mətbuat konfransında Turan-ın müxbirinin rəsmi Bakının Krım referendumuna münasibəti barədə sualının cavabında bildirib.
“Biz Ukraynada bu məsələlərin həllini istəyirik. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Çünki Azərbaycan özü də ərazi bütövlüyünün posulması problemi ilə üzləşib”, — o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan Ukrayna ilə bağlı problemlərin həllini bu ölkənin konstitusiyası çərçivəsində görür.
Əfqanıstanlı nazir öz növbəsində bildirib ki, Kabil Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi üzrə qərarını dəstəkləyir.
O xatırladıb ki, Əfqanıstan başqasının ərazilərinin işğalını pisləyir. Sovet işğalı illərində əfqan xalqı 2 mln. adam itirib.
Qonaq ümidvar olduğunu bildirib ki, Rusiya və Ukrayna yaranmış problemləri dinc yolla həll edəcəklər.