Azərbaycan üçün 3 strateji məqsəd
İnanmıram ki, Ukrayna yaxın illərdə NATO-ya üzv olacaq. Ukraynanın çoxlu ağrılı nöqtələri var və bunlar ölkəni hələ uzun illər silkələyəcək. NATO da özlüyündə «Ukrayna yükü»nü daşımaq istəməyəcək və ya daşıya bilməz. Sözsüz ki, Alyans Ukraynanın yeni hakimiyyətinə siyasi dəstək göstərəcək (bu hakimiyyətin nə qədər qalması da maraqlı məsələdir). Amma Rusiyanın qısqanclığı tamamilə ciddidir. Kobud desək, Yer kürəsi Üçüncü Dünya müharibəsinə sürüklənməyə və ya bizim bəzi ekspertlərin sevərək dedikləri kimi, Ukraynaya açıq hərbi qarşıdurmanın statusunu verməyə hələlik hazır deyil, hətta nəzərə alsaq ki, həmin ekspertlərin sözlərinə görə, Üçüncü Dünya müharibəsi çoxdan gedir.
Azərbaycana gəldikdə isə, biz öz geosiyasi mövqeyimizin, zəngin ehtiyatlarımızın, postsovet keçmişimizin və dini mənsubiyyətimizin girovuyuq. Bir tərəfdən, əlbəttə, yaxşıdır ki, biz Qərb və Şərq arasında parlaq körpü rolunu oynayırıq, zəngin olmağımız, müstəqilliyimiz və müsəlman olmağımız bu mənada çox yaxşıdır.
Amma digər tərəfdən, geosiyasi, sadə dillə desək, çoğrafi mövqeyimizə görə bizə hər zaman təzyiq edirlər. Bizim varımıza özgələri göz dikib. Kimsə bizim müstəqilliyimizi müvəqqəti hesab edir, digərləri üçünsə bizim müsəlman olmağımız, əhalinin əksəriyyətinin şiə olması, sadəcə, dəhşətli faktdır.
Beləliklə, Azərbaycanımız çox maraqlıdır. Biz sanki hər bir yerdə özgəyik. Bu səbəbdən xarici balans siyasətini düzgün və əsaslandırılmış hesab edirəm. Millətimizin və dövlətimizin yaxın illər üçün əsas hədəfi dövləti qorumaq və möhkəmlətmək, işğal olunmuş torpaqları geri qaytarmaq və əhalinin sosial rifahını qaldırmaqdır. Xarici oyunçulardan heç biri nə birinci, nə ikinci, nə də üçüncüdə maraqlı deyil.
Nə NATO, nə də anti-NATO.
Bu səbəbdən hesab edirəm ki, göstərilən 3 strateji məqsəd üçün taktiki işlərdə manevr etmək lazımdır. Bu, yeganə düzgün yoldur. Bununla yanaşı Azərbaycanın Ukrayna, eləcə də Serbiya məsələsi, Gürcüstan, Əfqanıstan və başqaları ilə bağlı münasibəti göstərir ki, lazım olan anda Azərbaycan cəsarət göstərir, tərəfdaşlarını çətin durumda qoymur və heç bunu fikirləşmir.
Öz maraqlarını qoruyan kiçik, etibarlı ölkə — Azərbaycan üçün mənim xarakteristikam belədir. Biz hələlilk Qərbə, Şərqə, Şimal və Cənuba konkret «stavka» edə bilmərik, çünki onlardan heç biri göstərdiyim məqsədləri təmin edə bilməz.