Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır
…Hər səhər Bakıda azan səsi ucalır, kilsə zəngi çalınır, sinaqoqda, katolik məbədində isə yeni başlanan günun uğurlu olması üçün dualar edilir. Bütün bunlar Bakıda baş verir. Tolerantlıq nümunəsi sayılan şəhərimizdə.. Azərbaycan Respublikası çoxmillətli və müxtəlif dinlərə etiqad edən insanların birgə yaşadığı ölkədir. Ta qədim dövrlərdən bəri ölkəmizin siyasi-ictimai və mədəni tarixi müxtəlif milli, dini mənsubiyyətləri olan xalqların vahid tarixinə şahidlik edir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Azərbaycanda heç vaxt milli və dini ayrı-seçkiliklə bağlı Avropa tarixində olduğu kimi özündə dəhşətli və utancverici izini qoymuş «qara səhifəsi» olmayıb. Burada tarixin bütün çağlarında fərqli milli kökü və dini baxışı olan insanlar bir yerdə mehriban yaşayıb və bu gün də qarşılıqlı hörmət və vahid dövlətin eyni hüquqlu vətəndaşı kimi yaşayırlar. Bu məkan sivilizasiyaların dialoq və qarşılıqlı hörmət əsasında ömür sürdüyü məkanıdır. Bu, bu gün də belədir, dünən də belə olub.
Azərbaycanın tolerantlığı Avropa üçün mayak ola bilər
Tarix boyu yəhudi xalqının ciddi təqiblərə məruz qaldığı heç kimə sirr deyil. Orta əsrlər Avropasında və 20-ci əsrin əvvəllərində bu xalqın başına gətirilən müsibətlər xalqın acı yaddaş səhifəsidir. Azərbaycan yəhudi xalqının təqiblərdən qaçaraq pənah gətirdiyi ölkələr siyahısında birinci gəlməlidir. Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşıblar. İsraildən kənarda mövcud olan hansı ölkədə e.ə. 586-cı ildə dağıdılmış Birinci Məbəddən kökü gələn və tamamilə yəhudilərdən təşkil olunan icma var? Bu ölkə Azərbaycandır. Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri məhz Azərbaycan torpağında özlərinə sığınacaq tapıb. Tarixin bütün dövlərində, müxtəlif siyasi idarəçilik formalarına baxmayaraq yəhudilər həmişə azərbaycanlıların onlara isti münasibətinin şahidi olublar. Yəhudi xalqı bu torpaqlarda öz inancını da qoruyub, xalqla da qaynayıb qarışıb. 300 il əvvəl Quba xanı Fətəli xan yəhudilərə öz icmalarını yaratmaq və sərbəst hərəkət etmə ilə bağlı icazə verib. Həmin dövrdə isə Avropada dini ayrı-seçkilik tüğyan edir, «bidətçi» adı ilə insanlar tonqallarda alovlanırdılar. Dinc həyat yaşayan yəhudilər üçünsə bu torpaqlarda imanına görə hər hansı təqib faktları belə yoxdur. Bu gün Qubadakı «Qırmızı Qəsəbə»də 4000 yəhudi yaşayır. Bu, İsraildən kənarda formalaşmış ən böyük dağ yəhudi icmasıdır. Orada 3 sinaqoq mövcuddur. Sovet hökumətindən əvvəl isə bu sinaqoqların sayı 13 olub. Əksəriyyətini sovetlər bağlamışdılar. 20-ci əsrin əvvəllərində Rusiya imperiyasının şəhərlərində yəhudi sinaqoqlarının tikilməsinə icazə verilməyəndə Bakının müsəlman icması öz pulu ilə torpaq alaraq onu yəhudi icmasına hədiyyə edib. Bu gün ölkəmizdə 7 yəhudi dini icması dövlət qeydiyyatına alınıb. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilib. Yəhudi və digər xalqların nümayəndələrinə siyasi idarəetmədə də mühüm postlar etibar olunub. 1918-ci ildən elan olunumuş Azərbaycan Xalq Cumhuriyyətinin ilk parlamentinin tərkibində 10 rus, 1 alman, 1 yəhudi deputat təmsil olunub. Bu ənənə həmişə davamlı olub.
Eramızın birinci yüzilliyinin ortalarında Azərbaycana gələn xristianlığın ilk ardıcılları sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoyub. Onların xələfləri bu gün də öz ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınıb. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. 2006-cı ilin may ayında isə Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsi açılıb. İslam dininin Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin mühüm tezisi olan «dində məcburiyyət yoxdur» ayəsi təşkil edir. Tarixi faktlar göstərir ki, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərib. İnancına görə insanların kütləvi qətli ilə bağlı heç bir fakta rast gəlmək mümkün deyil. Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Tarixi Böyük İpək yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada tolerantlıq ənənələrinin yaradılmasında mühüm rol oynayıb. Bu baxımdan Azərbaycanın tolerantlığı Avropa üçün mayak ola bilər. Ölkəmiz antisemitizmin tüğyan elədiyi digər müsəlman ölkələri ilə müqayisədə tamamilə tolerant ideyalar daşıyıcısı olduğunu subut edib.
İrqi və milli ayrı-seçkilik streotiplərinə etiraz edən Azərbaycan
Ölkəmiz tolerantlıqla bağlı mühüm beynəlxalq Forumlara ev sahibliyi etməklə dünyada irqi və milli ayrı-seçkilik streotiplərinə həmişə etiraz edir. Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması sahəsində də dövlət çox mühüm və ciddi addımlar atıb. Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə, «İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır». 1992-ci ildə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan «Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir». Azərbaycan prezidenti Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir. 1999-cu ildən etibarən, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr tolerantlıq günü elan edilib və hər il xüsusi olaraq qeyd edilir. Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə təşkil olunan toplantılar dini icmalar arasında əməkdaşlığın mühüm mesajını ortaya qoyur.
Xristianlar və yəhudilər öz dualarını etmək üçün hər cür imkanlara malikdirlər. 1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmiş Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy bu məbədi müqəddəs elan edərək ona baş kafedral kilsə statusu verib. Xüsusi vurğulamaq lazımdır ki, Allah evinin bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, müsəlman olan mərhum Aydın Qurbanov öz üzərinə götürmüşdü. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi — Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunub. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir. Qafqaz üçün xarakterik olmayan katoliklər belə Azərbaycanda öz inanclarını sərbəst bölüşmək imkanına malikdirlər. SSRİ-nin süqutundan sonra,90-cı illərin əvvəllərində ölkəmizə gələn katolik keşişləri özləri ilə ardıcıllarını da meydana çıxardı. Belə məsələlərə qısqanclıqla yanaşan mühafizəkar müsəlman dövlətlərindən fərqli olaraq Azərbaycanda katolik icması 1999-cu ildə qeydiyyatdan keçib. Onların öz ayinlərini icra etmək üçün ibadətxanaları da vardır. Hələ 2002-ci ilin may ayında Bakıda səfərdə olan Roma katolik kilsəsinin başçısı, papa II İohann Pavellə mərhum prezident Heydər Əliyevin görüşündə kilsə tikilməsi xahişi nəzərə alınıb.
2007-ci ildə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanıb. II İohann Pavel Azərbaycandakı tolerantlıq mədəniyyətini yüksək dəyərləndirmişdi.
Sınaqlardan çıxan birlik
Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Azərbaycanın başqa dinə iman edənlərə qarşı guya dözümsüz olması barədə körüklənən yalan məqsədinə yetmədi. Ölkəmizə düşmən olan qüvvələr hər imkandan istifadə edərək dünyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycanda «islam təhlükəsi» gözlənilir. Erməni lobbisinin və onun havadarlarının belə cəhdləri elə Azərbaycanda yaşayan müxtəlif dini icmaların birgə mövqeyi ilə iflasa uğradı. Belə murdar cəhdlər respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. İstər xalqımız üçün «qara gün» sayılan, sovet ordusunun qanlı müdaxiləsi nəticəsində qara tarixə çevrilmiş 20 yanvar 1990-cı il faciəsində, istərsə də Qarabağ müharibəsində və ondan sonrakı bütün çətin günlərdə müxtəlif dini konfessiyaların vahid mövqeyi siyasi kəmfürsətlərə böyük zərbə oldu. Müxtəlif inancları olan azərbaycanlılar — ruslar, yəhudilər, ukraynalılar və digərləri Qarabağ uğrunda müharibədə düşmənə qarşı bir səngərdə vuruşdular. Onların qəhrəmanlıq səhifələri Azərbaycanın öz azadlığı və ərazi bütövlüyü uğrunda apardığı mübarizəsinin şanlı salnaməsidir.
Bugünkü dünyamız yenə dini ayrı-seçkilik yöndə sınağa çəkilib. Dünyanın müxtəlif yerlərində «din» pərdəsi altında tökülən qanlar ilahi prinsiplərə zidd olmaqla sivilizasiyalar arası dialoqa öz zərbələrini vurmaqdadır. Müxtəlif maraqlı qüvvələri dünya hökmranlığı uğrunda apardığı geosiyasi mübarizələrini məharətlə «din» pərdəsi altında gizlədə bilirlər. Çağdaş əsrimizdə dinlər arasında mövcud fərqlərə əsaslanan «sivilizasiyaların toqquşması» nəzəriyyəsi populyarlaşıb və öz tərəfdarlarını tapıb. Siyasi maraqlarını təmin etmək üçün dindən «zərbə qüvvəsi» kimi istifadə edən bu qruplar öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə din amilindən istifadə edirlər. Fərqli inanclı insanları bir-birinə qarşı qoymaqla siyasi dividend əldə etmək istəyənlərin ambisiyalı maraqlarının at oynatdığı bir zamanda dinlər və xalqlar arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bunun üçün tolerantlıq ənənələri zəngin olan ölkənin təcrübəsi dünya üçün nümunə ola bilər. Bu baxımdan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir