Azərbaycan-Macarıstan biznes forumu: viza proseduru sadələşəcək
Macarıstan Azərbaycan vətəndaşlarına viza prosedurunu sadələşdirməyə hazırlaşır. Bu barədə jurnalistlərə Macarıstanın xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Piter Siyarto bildirib. Onun sözlərinə görə, Macarıstan viza müraciətlərinin və vizaların verilməsinin emalı işlərinin autsorsinqinə müraciət etmək niyyətindədir: «Tezliklə bu işləri təkcə səfirlik deyil, şirkətlər də həyata keçirəcəklər».
Budapeştlə Bakı arasında birbaşa hava nəqliyyatının açılması iki ölkənin işgüzar, eləcə də turizm sahəsində əlaqələrinin inkişafına böyük töhfə verəcək. Dövlət katibi onu da qeyd edib ki, Azərbaycan və Macarıstan hava nəqliyyatı sahəsində bir sıra müqavilələr hazırlayırlar.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Macarıstan biznes forumunda deyib ki, iki ölkə arasında əməkdaşlıq üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb, 30-dan çox sənəd imzalanıb: «Bu bazanın inkişafı üzrə işlər davam edir. İT, turizm, təhsil sektorlarında sahələrarası sazişlərin imzalanması barədə razılıq əldə olunub. Bundan başqa, nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiyalar sahələrində bir sıra ikitərəfli sənədlər müzakirə mərhələsindədir».
Mustafayev qeyd edib ki, iki ölkə arasında əlaqələr sənaye, enerji, nəqliyyat, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühitin mühafizəsi, mədəniyyət, turizm və s. sahələrdə dinamik inkişaf edir: «Belə inkişafa səbəb 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 49 faiz artması olub».
Biznes forumunda 150-yə yaxın şirkət iştirak edib.
Nazir iki ölkənin şirkətlərini sənaye, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə birgə layihələri müzakirə etməyə dəvət edib.
Bundan başqa, Azərbaycan və Macarıstan təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni proqram həyata keçirməyə başlayır. Artıq 2014-cü ilin sentyabr ayından 200-dən artıq azərbaycanlı tələbə bir il müddətində Macarıstanın ali təhsil ocaqlarında təhsil ala biləcəklər. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto deyib.
Siyarto əlavə edib ki, iki ölkə arasında münasibətlərdə insan komponentinin də olması üçün Macarıstan hökuməti azərbaycanlı tələbələrə də təhsil sahəsində təqaüd ayırıb.
Dövlət katibi qeyd edib ki, hazırda Azərbaycan və Macarıstan kənd təsərrüfatı, enerji, su təsərrüfatının idarə olunması sahələrində uğurla əməkdaşlıq edir. Siyartonun fikrincə, yaxın gələcəkdə tikinti sektoru da bu sahələrə aid edilə bilər.
Forum çərçivəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşüb.
Görüş zamanı bildirilib ki, 2013-cü ildə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin həcmi 40%-ə yaxın artıb. Macarıstanın dövlət katibi qeyd edib ki, Azərbaycanla səhiyyə, kənd təsərrüfatı, turizm, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində mövcud vəziyyət və əməkdaşlığın inkişaf imkanları, o cümlədən, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.