Azərbaycan genişləndirilmiş “Maqnitski aktı”na düşəcəkmi?
Respublikaçı senator Con Makkeyn və onun Demokrat Partiyasından olan həmkarı Ben Kardin “Maqnitski qanunu”nun fəaliyyətinin bütün dünyada genişləndirilməsini təklif edib. Bu barədə demokratın rəsmi saytında dərc olunmuş bəyanatda deyilir. Bu qanun layihəsi bütün dünyada pisliklərin qarşısının alınmasında alət kimi təqdim edilir, həmçinin qanunsuz gəlirlərin yuyulmasının mümkünlüyünün qarşısını alır. Əsasən konkret şəxslərin ABŞ-a gəlişinə qadağa qoyulub, onların Amerika banklarındakı vəsaitləri isə dondurulur.
“ABŞ harada baş verməsindən asılı olmayaraq, korrupsiyaya və insan hüquqlarının pozulmasına qarşı mübarizədə liderliyini saxlamalıdır”, — B.Kardin bildirib. O qeyd edib ki, dünyanın hər yerində — Zimbabvedən tutmuş Ukraynayadək, Hondurasdan tutmuş Papya-Yeni Qvineyaya qədər hər yerdə insan hüquqları kobud şəkildə pozulur və bu pozuntulara yol verənlər məsuliyyətdən qaçmamalıdırlar.
“Maqnitski aktı” 2012-ci ildə ABŞ-da qəbul edilmiş qanundur, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir. Onlara ABŞ-a daxil olmaq qadağan edilib və onların Amerika banklarında maliyyə əməliyyatlarının aparılmasına məhdudiyyətlər qoyulub.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri qanunsuz həbslərdə, vətəndaşların hüquqlarının pozulmasında, korrupsiyada əli olan dövlət məmurlarına qarşı “Maqnitski aktı”nın tətbiqini təklif ediblər.
Əgər Makkeyn-Kardin təklifi qəbul olunarsa, günahsız adamları həbsə alan hakim və prokurorlar, vətəndaş fəallarını şikəst edən polislər bu siyahıya düşəcəklər, deyə Turan-ın xəbərində deyilir .