Muəllif:

Azərbaycan aclığın coğrafi sərhədlərinə yaxındır: Ərzaq idxalından asılılıq real təhlükə yaradır

Dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə ərzaq istehsalı sürətlə artır. Onların qiyməti də paralel olaraq bahalaşır. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin azalması, enerji daşıyıcılarının qiymətinin qalxması, dünya əhalisinin artımı (hər il 90 milyon), qlobal istiləşmə (hər 10 ildə temperatur 0.2-0.3 dərəcə artır) dünyada ərzaq çatışmazlığını şərtləndirir.  Zəif iqtisadiyyat, təbii resursların tükənməsi, istehsalın azalması, iri miqrasiyalar və s. amillər ərzaq təhlükəsizliyini daim təhdid edir.

İqtisadi Təşəbbüslərə Yardım İB dünyada ərzaq təhlükəsizliyi sahəsində baş verən tendensiyalar, ölkədə ərzaq təhlüksizliyinin və aqrar sektorun mövcud vəziyyətini araşdırıb, maraqlı faktlar üzə çıxarıb. Bununla əlaqədar təşkil edilən tədbirdə iştirak edən Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayevin sözlərinə görə, insanların normal yaşaması və fəaliyyət göstərməsi üçün ərzaq məhsulları ilə etibarlı təmin edilməlidir. Normal qidalanma üçün gündəlik 2600 kkal tələb olunduğu halda 1800 kkal qidalanma aclıq həddi hesab olunur. Dünya Səhiyyə Təşkilatının (DST) normasına görə, zülalın adambaşına sutkalıq istehlakı 100 qram olduğu halda Azərbaycanda bu göstərici 2010-cu ildə 75,4 qram olub. Bu dövrdə yağların istehlakı 72,8 qram, karbohidratların istehlakı isə 460,5 qram olub. Halbuki DST normasında uyğun göstəricilər 75 qr və 425 qr təşkil edir. Yəni ölkədə insanların qidasında karbohidratlar üstünlük təşkil edir.

Dünya aclığın coğrafiyasına diqqət yetirən Qarayevin sözlərinə görə, dünyada 852 milyon insan aclıqdan əziyyət çəkir. Onların sayı son 10 ildə 18 milyon nəfər artıb. Aclıqdan əziyyət çəkən insanların 815 milyon nəfəri inkişaf etməkdə olan, 28 milyon nəfəri isə keçid dövründə olan ölkələrin payına düşür. 1,2 milyard adam gündə cəmi 1$ -la yaşayır. Dünyada 5 yaşlı uşaqların 1/3 lazımınca qidalanmadan əziyyət çəkir. Azərbaycan aclığın coğrafi sərhədlərinə yaxın ərazidə yerləşir.

Azərbaycanda fermer təsərrüfatlarının vəziyyətinə toxunan Qarayevin fikrincə, bir sıra amillər — əkin sahələrinin məhdudluğu, maddi texniki bazanın zəif olması, kredit təminatının aşağı olması gübrələrdən istifadənin zəif və birtərəfli olması, istehsal vastələrinin və xidmətlərin bahalığı son nəticədə məhsuldarlığı aşağı salır. Avropa ilə müqayisə etsək, Azərbaycanda məhsuldarlıq orta hesabla fərq ən azı 2 dəfə təşkil edir. Məsələn Avropada pomidorun məhsuldarlığı 70-90 kq olduğu halda, ölkəmizdə bu göstərici 25-30 kq təşkil edir. Məhsuldarlığa mane olan problemlərdən biri də toxmunun keyfiyyətsiz olmasıdır. Araşdırmalar göstərir ki, keyfiyyətli toxum məhsuldarlığı 30% artırır.

Meyvə-tərəvəzin ixrac imkanları var, digər məhsullar üzrə idxaldan asılılıq var. Əsas ərzaq məhsulları üzrə göstəricilərə nəzər salsaq, 2012-ci ilin yekunlarına görə, Azərbaycan Qazaxıstandan buğda alan ölkələr arasında Əfqanıstan və Qvatemaladan sonra 3-cü yeri tutur. İdxaldan asılılıq buğdada 43, kərə yağında 70, balıqda 27, düyüdə 88, şəkərdə 97, çayda 35, bitki yağında 58 faizdir. Ekspertlər hesab edirlər ki, ərzağın idxaldan asılılığı azaldılmalıdır. Burada söhbət təkcə iqtisadi təhlükəsizlikdən yox, daha çox genefond problemindən gedir.

Əsas ərzaq məhsullarının fizioloji və istehlak normalarının müqayisəsinə toxunan Qarayevin sözlərinə görə, keçmiş SSRİ, Dünya Səhiyyə Təşkilatı (DST) və Azərbaycan istehlak səbətini qarşılaşdırdıqda vəziyyətin bizim əleyhimizə olduğunu görə bilərik. Ancaq çörək istehlakı norması üzrə DST normasını qarşılaya bilirik. Digər məhsullarda vəziyyət ürəkaçan deyil.

Qeyd edək ki, dövlət ərzaqla təminatının 80%-ə qədərini özü edə bilirsə, həmin dövlət təhlükəsiz hesab olunur. Odur ki, Azərbaycan özünün ərzağa olan tələbatının 70-80%-ni təmin etməlidir.

Oksfam təşkilatının Regional Ərzaq Təhlükəsizliyi Proqramının rəhbəri Yulia Yevtuşok “Ərzaq Suverenliyi: Kənd təsərrüfatı və kənd inkişafı üçün dövlət siyasətləri”mövzusunda təqdimat edib. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi təkcə ərzaq təminatı deyil, həm də ərzağın müstəqilliyi məsələsidir. İstehsal olunan məhsul bazara uyğun olmalıdır. Fermerlər nə istehsal etdiklərini özləri müəyyənləşdirməlidir. Fermerlər məhsul istehsalında müstəqil qərar verməlidirlər. Məhsuldarlığa toxunun çıxışçının fikrincə, keçmiş sovet ölkələrində məhsuldarlıq həmişə aşağı olub. Ancaq bu o demək deyil ki, biz məhsuldarlıq dalınca qaçmalıyıq. Avropadakı məhsuldarlığa uyub onların tələsinə düşməməliyik. Avropa fermerləri kifayət qədər əziyyət çəkirlər. Çünki onlar daha çox məhsuldarlığa fikir verirlər. Müştərilərin maarifləndiriməsi aparılmalıdır. Fermerlərin problemləri cəmiyyətə çatdırılmalıdır. Dünya Ticarət Təşkilatına daxil olanda bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki ölkə ucuz məhsullarla dolacaq, yerli istehsal isə sıradan çıxa bilər. Yerli istehsalı stimullaşdırmaq lazımdır. Toxum məsələsi də vacibdir. Yaxşı olardı ki, baha və keyfiyyətsiz toxum almaqdansa, ənənəvi üsullara keçək və ölkədə toxum istehsalını təmin edək. Hazırda Avropanın özündə də geni modifikasiya olunmuş məhsullara qarşı çağırışlar var.

Xanım Yevtuşok investisiya məslələrinə də toxunub. Kənd təsərrüfatının inkişafı üçün investisiya vacibdir. Burda ən çox sual dövlətin, yoxsa özəl investiya olması müzakirə olunur. Təbii ki, kənd təsərrüfatı məsələsi sırf dövlət investisiyası olmalıdır. Ya da dövlət və özəl sektor qarşılığı olan əməkdaşlıq da ola bilər.

Təqdimatçı ərzaq müstəqilliyinin əhalinin fundamental hüququqna çevrilməsi təcrübəsindən də danışdı. Onun sözlərinə görə, bəzi dövlətlər ərzaq müstəqilliyi məsələsini Konstitusiyalarına daxil ediblər. Məsələn, Ekvadorda, Boliviya və Seneqal kimi ölkələr bunun əsas qanunları isə təsbit ediblər. Nepalda ərzaq təhlüksizliyi vətəndaşların fundamental hüquq kimi təmin edilib.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, heç bir ölkə özünü tam ərzaqla təmin edə bilməz və bunun arxasınca qaçmaq olmaz. İqtisadçı subsidiyalaşma mexanizmlərinin dəyişməsini təklif edərək əkilən ərazilərə görə yox məhsulun keyfiyyıtinə görə subsidiyalar verilməsini daha səmərəli üsul hesab edib. Bundan başqa idarəetmə mexanizmi dəyişməli, fermerə bazara çışış imkanı yaradılmalıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 249