Muəllif:

Azadlıq

Yazıçı E.Seton-Tompsonun hekayələrindən biri Amerika preriyalarında «at oynadan» bir mustanq (vəhşi at) haqqındadır. Yəqin ki, içərinizdə bu hekayəni oxuyanlar az deyil. «Yorğa mustanq» adlanır. İlxısını başına yığıb çöldə azad gəzən bu at, öz boy-buxununa, qaçışına, gözəlliyinə görə çox mustangerin (at ovçularının) hədəfinə çevrilir. Lakin bu gözəl ayğır uzun müddət öz gücü və çevikliyi sayəsində onu tutmaq istəyənlərin əlindən qaçmağı bacarır. Boynuna keçən kəməndin, ayaqlarına və qollarına dolanan iplərin onu tutub saxladığı günə qədər. Və həmin o məşum gün, bu iplərdən qurtulmaq üçün bütün varlığı ilə çarpışan at, görəndə ki, azad ola bilmir, son gücünü toplayıb yarğanın kənarına kimi sürünür və oradan özünü aşağı atır. Daşlara, qayalara çırpıla-çırpıla yarğanın dibinə düşən ayğır orada ölü, cansız, amma azad qalır.
Uşaq vaxtı bu hekayəni oxuyanda hər dəfə belə sonluğa görə ürəyimdə müəllifi qınayardım. Amma indi qınamıram və deyirəm, nə yaxşı ki, bu məğrur canlı, həyatı bahasına da olsa, öz azadlığını qoruyub saxladı. Azad yaşadı və öz «at» qürurunu sındırmadan, azad da öldü. Yəhərlənib-yüyənlənib kiminsə altına minik olmaqdansa…
Bir az ritorik də olsa, həmişə özümə bu sualı vermişəm ki, əslində azad olmaq nə deməkdir? Ələ, ayağa vurulmuş qandaldan, buxovdan azad olmaq? İçindəki qorxudan, xəbislikdən qurtulmaq? Ya bəlkə, hədd-hüdud bilmədən, heç kimə boyun əymədən yaşamaq? Məhkəmə sistemində işlədilən bir ifadə var, «azadlıqdan məhrum etmə». Həmişə düşünmüşəm ki, bu ifadədə nə isə düzgün deyil. Məncə, insanın qapalı bir yerə salınması onu tam mənada azadlıqdan məhrum etmə anlamına gəlmir. Dörd divar arasına salınmaq onu, sadəcə, ictimaiyyətdən təcrid edir və hərəkət dairəsini məhdudlaşdırır. Azadlıq yalnız bununla bitirmi? Bu gün məhbəs həyatı yaşayan nə qədər insan var. (Allah hamısının qapısını açsın.) Amma bu, onların fikrinin, qəlbinin, ruhunun da azadlıqdan məhrum olması deməkdirmi? Və yaxud, həbsdə olmayan, yəni «çöldə» olan həmvətənlərimizin hamısı azaddırlarmı? Kimsə vəzifəsinin əsiridir, kimsə bir parça çörəyin. Kimsə qorxunun, kimsə tamahın. Asılı olan kəsin azadlığından danışmaq gülünc deyilmi? Kaxetli bir dostumun çoxdan dediyi sağlıq (tost) yadıma düşdü. Bilirsiniz ki, gürcülər bəzək-düzəkli tost deməyə ustadırlar. Deyərdi ki, insan dünyaya gələrkən ilk öncə ağlayır, dost-tanış isə onun gəlişini sevinclə, gülə-gülə qarşılayır. Zaman keçir və bu dəfə insan dünyadan köçəndə özü gülümsəyir, dost-tanış isə ağlayır. Amma bu həmişə belə olmur. Yalnız xoşbəxt insan ölümdən qorxmur və onu təbəssümlə qarşılayır. Qorxu hissini yaradan isə insanın kimdən və ya nədənsə asılı olmasıdır. Deməli, xoşbəxtliyin yolu azadlıqdan keçir.
Görəsən gürcü dostumun bu meyarını əsas götürsək, Azərbaycanda nə qədər insan xoşbəxtdir?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 213