Ayaqqabı qutularında 4,5 milyon dollar aşkarlanan bank müdiri həbsdən buraxılıb
Dekabrın 17-də rüşvət və korrupsiya faktları ilə əlaqədar keçirilən əməliyyat zamanı həbs edilən dövlətə məxsus “Halkbank”ın baş direktoru Süleyman Aslan azadlığa buraxılıb. Məhkəmə Süleyman Aslanın ölkədən çıxmasına yasaq qoyaraq onun istintaq müddətində sərbəst qalmasına qərar verib.
Eyni əməliyyat çərçivəsində həbs olunan daha 7 nəfər azadlığa çıxıb. İş adamı Rza Zərrab və keçmiş nazirlər Müəmmər Gülər və Zəfər Çağlayanın övladları isə təcridxanada qalmağa davam edəcəklər.
Dekabrın 17-də Aslanın evində axtarış aparılarkən ayaqqabı qutularına doldurulmuş 4,5 milyon dollar pul aşkarlanıb. Ərdoğan hökuməti rüşvət və korrupsiya əməliyyatını xarici qüvvələr tərəfindən dəstəklənən nurçuların hökumətə qarşı qiyam cəhdi kimi qiymətləndirir. Əməliyyatı hazırlayıb həyata keçirən çoxlu sayda prokuror və polis məmuru vəzifədən uzaqlaşdırılıb. Hazırda istintaqı hökumətə yaxın prokurorlar aparır.

