AXCP-dən 3 fəal 15-20 sutka həbs olundular
AXCP-nin iki fəalı Bəhruz Həsənli və Təzəxan Mirələmov fevralın 27-də müvafiq olaraq 20 və 15 sutka inzibati qaydada həbs ediliblər. Onlar polisə tabe olmamaqda ittiham olunurlar. Öz növbəsində AXCP bu ittihamları uydurma adlandırır və hesab edir ki, fəallar fevralın 26-da Xocalı soyqırımı qurbanlarını anım günündə AXCP tərəfdarlarının yürüşü ilə əlaqədar təqib olunurlar.
Əsasən AXCP sədri Əli Kərimlinin şəxsi mühafizəçisi olan (ictimai əsaslarla) B.Həsənli polisin partiya liderinə güc tətbiq etməsinə imkan verməyib. Müxalifçilərin “Xocalıya ədalət!”, “Şəhidlər ölməzdir, Vətən bölünməz!” şüarlarını səsləndirməsi polisin narazılığına səbəb olub.
Fevralın 27-də AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyn də həbs olunub. Son məlumata görə, Xəzər Rayon Məhkəməsi İlham Hüseyni polisə tabe olmamaqda təqsirli bilərək 20 sutka həbs edib.
Fevralın 27-də saxlanılan AXCP fəalları Fuad Əhmədli, Taleh Səmədov xəbərdarlıq edilərək sərbəst buraxılıb. AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynin işinə isə bu gün Xəzər Rayon Məhkəməsində baxılacaq. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Dünən AXCP-nin 5 fəalı polis tərəfindən saxlanmışdı. Onlardan AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib. Hər iki fəal polisə müqavimət göstərməkdə təqsirləndirilir.

