Avstriyanın Raiffeisen bankı Krımdakı bütün filiallarını bağlayır
Rusiya və Krım baş verənlərin mənfi təsirlərini, separatizmin və zorakı işğalçılığın acı meyvələrini dadmaqdadır. Və bu proses davam edir. Son olaraq Avstriyanın Raiffeisen (Rayffayzen) bankı aprelin ortalarınadək Krımdakı bütün filiallarını bağlayır. Müvafiq açıqlama ilə “Rayffayzen Bank Aval” Ukrayna təmsilçisi çıxış edib. Qeyd edək ki, “Rayffayzen Bank Aval”ın 96,41 faiz səhmləri Avstriyanın “Raiffeisen Bank International”a məxsusdur.
Onun sözlərinə görə, Krımda ümumilikdə fəaliyyət göstərmiş 32 filialdan son 6-sı aprelin 15-dək bağlanır. “Rayffayzen Bank Aval” bildirir ki, bank geosiyasi və hüquqi səbəblərdən Krımda fəaliyyətini davam etdirə bilməyəcək.
Bundan əvvəl McDonald’s şirkəti Krımdakı bütün filiallarının bağlandığını elan edib.
Siyasi qərarlar da var- son olaraq NATO Parlament Assambleyası Rusiya parlamenti ilə əməkdaşlığın dayandırılmasına dair qərar qəbul edib. Qurumun Riqa toplantısından sonra NATO Parlament Assambleyasının prezidenti Hyu Beyli müvafiq açıqlama ilə çıxış edib. Qərar Ukrayna hadisələri və rusiyalı deputatların bu məsələ ilə bağlı mövqeyi ilə bağlıdır. Artıq Rusiya deputatlarının NATO PA tədbirlərində iştirakı yasaqdır, bütün formal əməkdaşlıq dayandırılır.
NATO Rusiya ilə hərbi və mülki əməkdaşlığı da dayandırığı barədə bəyanat verib.
Bundan başqa 20 iş istiqaməti üzrə çalışan Rusiya-ABŞ prezident komissiyası da Obama son sanksiyalar paketini imzaladıqdan sonra işini dayandırıb. ABŞ Rusiya ilə hərbi-siyası əməkdaşlığını, mühüm iqtisadi anlaşmaları da, dinc atom enerjisi sahəsində və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq da dayandırılır.
Kremldə və Rusiya isteblişmentində baş verənlərin fərqindədirlər, lakin özlərini o yerə qoymurlar.