Avstriyadan «Silahların əfsanəsi» Bakıda sərgilənir
Bakıda Heydər Əliyev Mərkəzinlə Avstriya muzeyi ilə əməkdaşlıqda»Silahların əfsanəsi» sərgisi açılıb. Avstriyanın Yohanneum Muzeyinin direktoru Volfqanq Muhitç qeyd edib ki, bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrində səyahətindən sonra artıq Bakıya gəlib: «Mən çox sevinirəm ki, «Silahların əfsanəsi» sərgisində bizim kolleksiyamızın kiçik bir hissəsini görmək imkanı əldə edəcəksiniz. Bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrində səyahətindən sonra artıq Bakıya gəlib. Bayaq qeyd etdiyim kimi, biz bu kolleksiyanın kiçik bir hissəsini görəcəyik, bu sərgidə yüz eksponat təqdim edilir. Əslində muzeydə 42 min eksponat saxlanılır».
Onun sözlərinə görə, sərgidə nümayiş olunan eksponatlar Avropanın XVI-XVIII əsrlərinə aid tarixi silah və zirehli geyimləridir ki, bunlardan qitənin şərq və qərb hissələrinin müdafiəsi üçün istifadə olunub: «Bu eksponatlardan Alp dağı arasında olan bir ərazini əhatə edən o zamankı Avstriyanın paytaxtının müdafiəsi məqsədilə istifadə edilib. Bütün bu imperiyada baş verən bir sıra milli hərəkatlarda bu silah və zirehli geyimlərdən çox fəal şəkildə istifadə olunub».
Muhitçin bildirdiyinə görə, bu, regionda 12 muzeydən biridir ki, məhz bu eksponatların kolleksiyası saxlanılır: «Muzey 1857-ci ildə yaradılıb, ən tarixi, qədim və Mərkəzi Avropada 4,5 milyon eksponatdan ibarət ən böyük muzeylərdən biridir».
Daha sonra çıxış edən «Silahların əfsanəsi» sərgisinin kuratoru Johannes Ramharter bildirib ki, hazırda elə insanlar var ki, indiyədək keçmişin gözəl günləri ilə yaşayırlar. Bir qrup insanlar da var ki, o möcüzələri, tarixi hadisələri canlandıran proseslərin iştirakçısı olmaq istəyirlər: «Və mən düşünürəm ki, bu gün kolleksiyanı təqdim edəcəyimiz bu sərgidə həmin o möcüzənin kiçik bir hissəsini görmüş ola biləcəksiniz».
Ramharter qeyd edib ki, sərgidəki eksponatlar muzeydə hazırlanmış subyektlər deyillər, bunlar real, döyüş zamanı istifadə olunan silahlardır.
İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası — Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.
Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir. «Silahların əfsanəsi»nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.
Bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib.