Muəllif:

Avropalı müsafir və bizim avtobus

Öncə etiraf edək ki, insafən Nəqliyyat Nazirliyinin mətbuat xidməti yaxşı işləyir. Elə həftə olmaz ki, onlar informasiya vasitələri ilə bu sferaya aid hansısa bir diqqətçəkici yeniliyi yaymasınlar. Toplumu düşündürən ciddi məsələlərdən yan keçməyi lazım bilən media orqanlar üçün bu «zərərsiz», «məsuliyyət qorxusu olmayan» xəbərlər göydəndüşmə olur. Bu deyilənlər qurtdalanmadan tirajlanır. Mənsə nə vaxtdır gündəlik ictimai nəqliyyatdan istifadə edən bir adam kimi, bu sferada durumun heç də deyilən kimi olmadığını bilir, dəfələrlə bu gözümlə gördüyüm və diqqət etdiyim gerçəklik və rəsmi ağızlardan yaradılan təsəvvür arasındakı yerlə göy fərqi barədə yazmaq fikrinə düşür, sonra, bu niyyətdən vaz keçməli olurdum. İş birdirmi, beşdirmi? O gün səhər gördüyüm bu mənzərə məni bu mövzuya qaytardı.
Belə düşünürəm ki, arxasında böyük pullar oynadılan, dövlət büdcəsi üçün önəmli bir məsələdən yaxamızı kənara çəkməyə sadəcə haqqımız yoxdur. İctimailəşməli olan hər şey ictimailəşməlidir ki, bəlkə ağıllanaq və bizə üz qarası gətirən fəsadlardan qurtula bilək.
Hə, işə getmək üçün yola çıxanda, küçəmizdə heç kəsin və heç bir avtobusun dayanmadığı modern dayanacaqda (dəqiqlik üçün deyim ki, küçəmizdə onlardan ikisi var, kim istəsə bu «yerində olmayan», insansız dayanacaqları aparıb göstərə bilərəm) «nəqliyyatı intellektual idarəetmə» yazılı bir avtomaşının yanında səliqəli geyimdə üç-dörd adam və dayanacaqda asılı monitoru açıb içini tozsoranlayan fəhləni gördükdə, bu barədə nəsə yazmağa qərar verdim.
Deyəsən bir ilin tozu idi, monitorun içindən bu qədər toz-duman qopduğuna ayaq saxlayıb heyrətlə baxmalı oldum.
Xatırladım ki, bunlardan biri də Yasamalda iş yerimizin düz qarşısında küçənin o tayındadır. Qurulandan bir neçə gün sonra səhər işə gələndə gördük ki, gecə «nəyə görəsə» bir maşın səkiyə dırmaşaraq onun dirəyinə çırpılıb. Yazığın çilik-çilik olmuş şüşəsi və əcaib şəkil almış monitoru bir neçə gün bu vəziyyətdə qaldı. Büdcə üçün xeyli pula oturmuşdu bu dayanacaq. Maraq üçün izlədik — bu hadisə ilə maraqlanan bir tanrı bəndəsi görünmədi. Sonra şüşə qırıntılarını kimsə bir insaflı adam süpürdü, lakin indinin özündə də ora şüşəsizdir.
Büdcəyə (yəni bizə) milyonlara başa gəlmiş «nəqliyyatı intellektual idarəetmə»ni bir kənara qoyaq. Daha bir yenilik də onun kimi — bəzi avtobuslarda kart sistemi quraşdırılıb, lakin ödənişi onunla edən görünmür. Bu da təəccüblü deyil, çünki ictimai nəqliyyatdan istifadə edən kasıb təbəqəyə mənsub insanlardır. Təbii ki, onların böyük qismi cibdə kart gəzdirmək praktikasına hələ «yiyələnməyib». 20 qəpiyini nağd ödəyib düşür.
Avropa Oyunlarına ev sahibliyi edəcəyimiz gün yaxınlaşdıqca, ictimai nəqliyyatda qayda yaratmaq imitasiyası da gözdən qaçmır. Bilmirəm bilirlərmi, bu şəhərin ictimai nəqliyyatının bir neçə ciddi azarı var və onu da bilmirəm ki, görəsən, Nəqliyyat Nazirliyinin və ya şəhər İH nəqliyyat departamentinin gücü çatarmı bu xroniki xəstəlikləri müalicə etməyə? Mənim yıxıb-sürüyən tənqidi yazı yazmaq praktikam yoxdur. Sadəcə maraq üçün soruşuram, qüsura baxmasınlar.
Məsələn, görəsən onlar dayanacaqdan kənar saxlamalara son qoymağı bacararlarmı? Bu barədə çox danışırdılar — avtobuslarda xəbərdarlıq vərəqi də asılıb. Lakin bu xəbərdarlığa, yumşaq desək, tüpürən belə yoxdur — yenə də adamlar dayanacaqdan kənarda avtobusu saxladır, minir və düşürlər. Sürücü gözünün önündən asılmış «xəbərdarlığı» (yolçulara və sürücülərə) bəlkə də unudub. Hələ mən buna görə yol polisinin və ya nəqliyyat müfəttişinin (üstündə belə bir yazı olan, içində şübhəli adamlar əyləşmiş, amma konkret nə işlə məşğul olduqları bilinməyən minik avtomobillərini özüm görmüşəm) hansı bir avtobusu isə saxladığını, sürücünü intizama dəvət etdiyini və ya cərimələdiyini görməmişəm.
Bir ara avtobuslarda «sanitar təmizlik» mövzusunda reydlər barədə oxuduq. Mən Nəqliyyat Nazirliyi və paytaxt İH-nin müvafiq qurumunu marşrutlara baxışa dəvət edərdim — əgər salonu təmiz bir avtobus tapsalar… əlimi qaldırıb təslim ollam. Necə bir natəmizliyin baş alıb getdiyini gündəlik ictimai nəqliyyatdan istifadə edən oxucuya xatırlatmağa lüzum yoxdur. Avtobusların salonlarında çirk, kir-pasaq qat bağlayıb, belə bir avtobusda yol getmənin sağlamlıq üçün nə kimi təhlükə olduğunu söyləməyə ehtiyac yoxdur.
Eynilə, siqaret məsələsi… Bakıda avtobuslarda adamlar siqaret çəkmir — bu bir ənənədir. Amma bu şəhərdə siqaret çəkməyən sürücüyə nadir hallarda rast gəlmək olar. Onlar çəkir və deyilənə görə, bunun da cəriməsi var — lakin bu xəbərdarlıq da havadan asılı qalıb. Necə deyərlər mexanizm işləmir və işləməyəcək də. Yeganə çıxış yolu — avtobus sürücülüyünə siqaret çəkməyənləri qəbul etmək. Belə bir şərt qoymaq olar.
Geyim forması… Bu tələb də işləmir. Bəzi sürücülərdə bircə kirli yaxalığından görünür ki, məlum boz formanı altdan geyinib.
Telefon da onun kimi… Avtobus sürücülərinin Bakıda bir əli qulağına tutduğu telefonda maşın idarə etməsi — bir normadır (danışıqların məzmunundan anlaşılır ki, müdiri ilə rabitə saxlayır). Bir dəfə polis və ya nəzarət müfəttişinin bunun üstündə kimisə saxladığını görməmişəm. Bəlkə kimsə bir başqası belə dərsverici halı görüb?
Bu şəhərdə yol polisi və nəqliyyata nəzarət müfəttişliyinin avtobuslara sanki aidiyyəti yoxdur.
Metro ağızlarında yapışıb qalmaq, yerindən qopa bilməmək, dayanacaqlarda avtobusa adam səsləyən adamların qulağı dəng edən çağırışları… Yəqin bu vaxt hövsələsi daralan yolçunun ürəyində, dodağının altında söyüşünün biri bir qəpiyə çıxır. Deyək ki, bu hal təkcə «Neftçilər», ya «Koroğlu» metro stansiyalarının ağzında belə deyil. Şəhərimizin qüruru olan Avtovağzalın qarşısındakı meydanda necə bir xaos yaşandığını görüb, adamın əl-ayağı yerdən üzülür. Bu qədər pula başa gəlmiş bir obyektdə normal xidmət hələ də əlçatmazdır. Primitivlik, pintilik, natəmizlik, külək qopanda yel vurub yengələr oynayan, qonaq qarşısında adam utandıran bir mənzərə…
Bu şəhərin abstraksiya dərəcəsində dolanbac və cəfəng marşrutları və onlar qədər anlaşılmaz intervalları, tısbağa sürəti barədə isə susuruq. Bu qeyri-optimal marşrutların kim tərəfindən təsdiqləndiyini öyrənməyə həvəsimiz yoxdur.
Nə isə, nizamlı və səviyyəli nəqliyyat xidmətini təmin etməli olan məlum qurumlar iş görməkdə acizdir. İşi yaxşılığa doğru dəyişməyi bacarmır, sözdən o yana keçə bilmirlər və qoy bunun əksini bizə sübut etməyə qalxışmasınlar. Sistem dəyişilmək istəmir, ilk baxışdan asan görünən bir işi — yolçu daşıma xidmətini yaxşılığa dəyişdirməyi bacarası adam da, ortada gözə dəymir. Bu da sizə bizim ictimai nəqliyyat barədə ürəyimi boşaltmaq istədiklərim — Avropa oyunlarının müsafirləri buyurub avtobusumuza minə bilər.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217