Avro-4 standartlarına keçidə hazırlıq işləri gedir
Azərbaycanın emal müəssisələrinin imkanları gələcəkdə Avro-4 ekoloji standartlarına uyğun yanacaq istehsalını təmin etməyə imkan verəcək. Trend-in məlumatına görə, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, kimyəvi qatqı və əlavələr hesabına mümkün olacaq: «Hazırda ölkədə istehsal edilən yanacaq Avro-3 normalarına uyğundur və Dövlə Komitəsi müvafiq strukturlarla birlikdə yanacağa tətbiq edilən Avro-4 standartlarına hazırlıq işləri aparır».
R.Həsənov qeyd edib ki, ölkədə ekoloji standartların qəbulu templəri nəzərə alınmaqla ARDNŞ neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksdə Avro-5-i üstələyən standartlara uyğun yanacağın istehsalı imkanlarını nəzərdən keçirir.
Azərbaycanda Avro-4 ekoloji standartlarının qəbul edilməsi barədə qərar ölkəyə gətirilən avtomobillərin sayının artması ilə bağlıdır ki, bu da ətraf mühitə və vətəndaşların sağlamlığına mənfi təsir göstərir. Həsənovun sözlərinə görə, ölkəyə 100 minə yaxın avtomobil idxal olunub ki, bunun da 50 mindən çoxu işlənmiş avtomobillərdir: «2011-ci ildə bu göstərici müvafiq olaraq 64 və 27 min təşkil edib».
Həsənov qeyd edib ki, bu, böyük göstəricidir, ətraf mühitə və insanların sağlamlığına təsirin artdığını göstərir.