Muəllif:

«Aturpat»

Ötən yazımda Suraxanıdakı «Atəşgah»a və Mərdəkan qalalarından böyüyünə getməyim haqda yazacağıma söz vermişdim. Sözümün üstündə durmağa çalışıram, amma…
Xanımım neçə vaxtıydı ki, onu «Atəşgah»a aparmağımı xahiş edirdi. Mən də elə hey söz verir, amma hər dəfə də ortaya nəsə bir iş çıxırdı və səfər qalırdı sonraya. Yeni il tətillərinin son günü, nəhayət, yoldaşıma verdiyim sözü sözü tutdum.
Əsas məsələyə keçməzdən əvvəl Sizdən, əziz oxucu, bir şey soruşum. Sonuncu dəfə Bulvarda, Qız qalasında, Şirvanşahlar Sarayında, ümumiyyətlə, şəhərimizdəki hansısa bir muzeydə nə vaxt olmusunuz? Yəqin ki, unutmusunuz. Yanılıramsa, üzr istəyirəm, amma mən «Atəşgah»da son dəfə keçən əsrdə olmuşam, dəqiq desəm, 1985-ci ildə. O zamanlar tək «Atəşgah» deyil, bütün muzey və görməli yerlərdə tez-tez olurdum — işim beləydi. Xarici qonaqları aparırdım həmin yerlərə, hətta bir çox hallarda bələdçilərə də əziyyət vermirdim, çünki onların söyləyəcəklərini heç onlardan pis bilmirdim.
Amma bu dəfə bələdçiylə gəzdik «Atəşgah»ı. Həm aradan az qala 30 il ötürdü, həm də atəşgah daha o atəşgah deyildi. Ağlınıza başqa şey gəlməsin, yaxşı mənada deyirəm. O vaxtdan bu yana böyük abadlıq işləri aparılıb. Məsələn, məbədin həyətində aparılan arxeoloji qazıntılardan sonra xeyli yeni eksponatlar, söylənəsi məqamlar əmələ gəlib.
Bilmədiyim xeyli şeylər eşitdim. Bir sözlə, bələdçimiz olan gənc xanım «daş-divardan» danışmaqla yanaşı, həm də Zərdüşt dini haqda məlumat verdi. Adətən, bir çoxumuz zərdüştilərlə atəşpərəstləri eyniləşdiririk, amma bu heç də belə deyilmiş. Böyük oxşarlıqlar olsa da, prinsipial məqamlar da az deyilmiş. Məsələn, atəşpərəstlər ölənləri yandırarmışlarsa, zərdüştilərdə bu, günahdır, çünki alov müqəddəsdir və onun paklığına xələl gətirmək olmaz. Heç Novruz bayramında çatdığımız tonqalların üstündən hoppanmaq da olmazmış, hər halda zərdüştilərdə bu, yolverilməzdir. Deyəcəksiniz ki, bəs bizdə bu, adətdir və bu, bizə dədə-babalarımızdan qalıb. Bunun da izahı var, Novruzun kökləri zərdüştilikdən də qədimə gedib çıxır. Novruz adı da həmin bayramın sonradan, fars dilindən gələn adıdır. İlkin adını artıq bilən yoxdur…
Yazımın əvvəlində demişdim ki, atəşgahdan yazacam, amma… Amması odur ki, yazacağıma söz verəndə, nə kimi ağır bir işin altına girmiş olduğumu anlamamışdım. Bunu yalnız yazmağa başlayanda, daha doğrusu, cəhd edəndə hiss etdim. İndi hamının, siyasətçilərdən tutmuş hökumət üzvlərinədək, xoflandığı internetə girib atəşgah səfərinin doğurduğu konkret suallara konkret cavab axtaranda cavabların cavab əvəzinə yeni suallar doğurduğuyla üzləşdim. Və yaranan suallara cavab axtara-axtara haralara və kimlərə gedib çıxmadım — tenqriçilikdən tutmuş Atilla və Çinqiz xanadək…
Sizlərə, əziz oxucularım, nə zərdüştilikdən, nə tenqriçilikdən, nə islam, nə də xristianlıqdan ensiklopedik biliklər vermək fikrindəyəm. Bunları mənsiz də bilənləriniz var, bilməyənlər də, internetin canı sağ olsun, özləri istəsələr, oxuyarlar. Mən, sadəcə, düşüncələrimlə bölüşmək istəyirəm.
Zərdüşt dini üç əsas prinsip üzərində durur — təmiz, yəni xeyirxah düşüncə, söz və əməl. Bir Böyük Yaradana, axirət dünyasındakı cənnətə, daha doğrusu, behiştə və cəhənnəmə inanırlar. Bir də Xeyirlə Şərin mübarizəsindən ibarət olan həyatda sonunda mütləq Xeyrin qələbə çalacağına. Dua zamanı isə üzlərini Bir Yaradanın insanlara göndərdiyi müqəddəs Atəşə (Alova) tuturlar. Atəş (Alov) müasir dillə desək, bir araçı, təmsilçi qismində çıxış edir. Bəlkə də, elə buna görədir ki, nə qədər müqəddəs saysalar da, Atəşə (Alova) dua zamanı nə baş əyirlər, nə də qarşısında diz çökürlər. Məğrur şəkildə DİMDİK dururlar.
Gündə beş dəfə dua edirlər, hər dəfə də dəstəmaz alırlar — pak Atəşin hüzurunda pak fikir, söz və əməllərlə yanaşı, cismən də pak olmaq gərəkdir. Məbədə girərkən uzunsaçlı qadınların başını örtməsi labüddür. Kişili, qadınlı, uşaqlı hamı bir yerdə dua edir. Onların bir qəribə özəllikləri də var. İndini bilmirəm, amma o zamanlar dua vaxtı yanlarında müqəddəs saydıqları it də olmalıymış. İtlərin gözündə şər qüvvə və ruhları qova biləcək güc olduğuna inanırlarmış. Dəfn zamanı belə, iti qabağa buraxarmışlar ki, Şəri qovsun. Amma «Atəşgah»da olduğumuzda əsas Mehrabdakı odun istisinə bir pişiyin sığındığını gördüm. Bilərəkdən Atəş deyil, od yazdım, çünki bir vaxtlar buralarda Atəş (Alov) doğal idi, indi isə O, tükənib, «Atəşgah» «Azəriqaz»ın umuduna qalıb…
Hər halda pişiyin olduqca qeyri-adi, külçalarlı bəyaz rəngi vardı, özü də uzaqdan-uzağa çox müdrik görünürdü. Daha doğrusu, dünyagörmüş təsiri bağışlayırdı. Bəlkə də bu «müdrikliyi» ona olduğumuz yerin mistik aurası verirdi…
Bələdçimiz mərkəzi Mehrabı göstərəndə onu da dedi ki, müqəddəs Atəşi (Alovu) Aturpatlar qoruyurmuş. Yəni Atəşi (Alovu) qoruyanlara aturpat deyirlərmiş. Atəş (Alov) sönməməliymiş… Azərbaycanımızın adı da, zənnimcə, hansısa Atropat adlı hökmdarın ismindən deyil, məhz Atəş (Alov) qoruyucularının amalından irəli gəlir. Görəsən, indi o Atəş (Alov) və Amaldan bizdə zərrə qədər də qalanı varmı?! Bu məmləkət Atəşi (Alovu) qoruyanların torpağı olub axı!
***
İbrahim zəng vurmuşdu İstanbuldan. Hal-əhval tutduqdan sonra soruşdu ki, neynirsən. Dedim, söz vermişəm, Atəşgahdan yazım, amma özümü cəncələ salmışam — Suraxanıdan yazdığımıydı, gedib tenqriçilik, Atilla və Çingizxana çıxmışam. Qımışıb zarafatla cavab verdi ki, «Sən gedib Atillaynan Çingizxana çıxmısan, mən də Qulu Məhərrəmliyə». Uğunub getdim. Bir xeyli gülüşdükdən sonra toxtayıb dedi ki, «Qulu kitab dərc edir, mən də ona ön söz yazmışam ki, «Ayna»da çap edəsən». İndi dediyim odur ki, əziz oxucu, Atillaynan Çingizxan barədə gələn nömrə üçün yazacam, hələliksə İbrahim Nəbioğlunun Qulu Məhərrəmlinin kitabına yazdığı ön sözü oxuyun.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 293