ATƏT Qarabağ bölgəsində gərginliyin artmasından narahatdır, işğaldan isə yox
ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (RF), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üzrə danışıqları davam etdirmək məqsədilə yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər. Həmsədrlərin ATƏT tərəfindən yayılmış məlumatında deyilir ki, nazirlər və həmsədrlər iki ölkə prezidentinin 19 yanvar Vyana sammitinin və XİN rəhbərlərinin 5 dekabr Kiyev görüşünə əsaslanaraq, sülh prosesində irəliləyişlər əldə edilməsi üzrə əsas məsələləri müzakirə ediblər. Nazirlər yenidən dinc yolla tənzimləmə istiqamətində işi davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.
Görüş zamanı ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik həmsədrlərə sərhəddə və təmas xəttində son hadisələr haqqında məlumat verib. Həmsədrlər regionda zorakılığın davam etməsi ilə bağlı dərin narahatlıqlarını bildiriblər və qeyd ediblər ki, bu yaxınlarda baş verən insidentlər danışıqları pozur və sülh perspektivlərini azaldır. Onlar tərəfləri atəşkəs rejimi şərtlərinə tam və qeyd-şərtsiz riayət etməyə çağırıblar.
Həmsədrlər prezidentlərlə danışıqları davam etdirmək üçün yaxın həftələrdə regiona səfər etməyi planlaşdırırlar.