AŞPA: Rusiyanın səsvermə hüququ əlindən alındı
Monitorinq Komitəsinin günün ikinci yarısında keçirilmiş toplantısında isə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının alınması, 2015-ci ilədək səsvermə hüquqlarının dondurulması və ya əlavə sanksiyalarla bağlı müzakirələr keçirilib.
Bu məsələ ilə bağlı xüsusi qətnamə layihəsi də qəbul olunub. Komitə Rusiya heyətinin qurum daxilindəki hüquqları və AŞPA-dakı iştirakı ilə bağlı müsbət qərar versə də, gələn ilin yanvar sessiyasına kimi Rusiya heyətinin AŞPA-da səsvermə hüququnun əlindən alınması haqda qərar qəbul edib.
Bu qərar AŞPA-nın 10 aprel xüsusi plenar iclasında səsverməyə çıxarılacaq.
Komitənin toplantısında iştirak edən Rusiyanın AŞPA-dakı heyətinin üzvü Aleksey Puşkov bu qərarı mənfi qiymətləndirsə də, Komitə üzvlərinin Rusiya heyətinin tam hüquqlarının əlindən alınması və AŞPA-dan xaric edilməsinə səs vermədiklərini bildirib: “Bu qərar da bizim üçün çox mənfi hal hesab olunur, lakin bizim Assambleyadan uzaqlaşdırmamıza səs verilmədi. Yəni biz AŞPA-nın yay sessiyasından etibarən bütün il boyu fəaliyyət göstərəcəyik, sadəcə səsvermə hüququmuz olmayacaq. Lakin biz öz aramızda müzakirə aparıb qərar qəbul etdikdən sonra çox güman ki, bu qərara da etiraz olaraq, bu sessiyanı tərk edib gedəcəyik”.