Muəllif:

Arif Əliyevə açıq məktub

Salam, əziz dost. Salamdan sonra mənim də əhvalımı xəbər almaq istəsən, boynuma alım ki, sənin «Son çağrı»nı oxuyandan sonra heç də özümü yaxşı hiss eləmirəm.
Qoy lap əvvəldən başlayım. Bu kitabın yazıldığını çoxdan bilirdim. Bu barədə aramızda çox söhbətlər olmuşdu. Hətta sənə sataşmışdım da, — «Qocalmısan, qardaş, daha memuar yazırsan»,- deyə. Adı «Son çağrı» imiş. Roman-reportaj. Oxudum. Sənin sözün olmasın,»ləzzzzətnən» oxudum. Roman deyilmiş. Reportaj da deyil. Bir az da qabağa gedib deyim ki, xətrinə dəyməsin, heç memuar da deyil. (Hm..Bəs nədir?)
Məni qınama, son vaxtlar kitaba həvəsim yaman azalıb. Ya qocalmışam, ya da maraqlı yazılar yazılmır. Ona görə də kitab mağazalarına az-az girirəm. Bəlkə də mağazaya girib bu kitabı görsəydim də, almazdım. (Müəllifini bilənə qədər). Amma bəxtim gətirdi. 3-5 manat qabağa düşüb özündən alası oldum. Xoşun gəlməsə belə avtoqraf da yazdırdım. Qəribədir, kitabını oxuduqca məndə elə təəssürat oyanırdı ki, sanki ordakı fikirləri və hadisələri haçansa mən sənə danışmışam, sən də mənim dediklərimi köçürmüsən kitabına. (O qədər evdə tək olanda gizlədilmiş içki və ya siqaret axtarmışam ki!) Bəlkə də bu ona görədir ki, yaşıdıq, eyni dövrü yaşamışıq, bərabər böyümüşük. Kitabdakı bir çox xatirələrin canlı şahidi olmuşam. Hələ orta məktəbdə oxuyanda məktəblərarası «Gəlin, a dostlar» televiziya yarışında iştirak edəndə neçə yaşımız var idi? İlahi, məktəbimiz qalib gələndə necə də xoşbəxt idik!
Bir şeyi etiraf edim ki, mən bu olub keçənləri sənin kimi gözəl yaza bilməzdim. Yeri gəlmişkən, gözəl dedim, yadıma düşdü, nə əcəbsə çox yerdə «kitab» cümlələri ilə yazmısan. Səndən çıxmayan iş! (Ədəbi tənqidçi də olduq.) Kitabını oxuduqca dodağım qaçan yerlər də olub, güldüyüm yerlər də. Bəzi sətirləri oxuyanda səni qınamışam da. Amma daha çox kövrəlmişəm (sindrom starosti?). Oteldə köynəyinin şərab ləkəsinə bulaşdığı səhnəni oxuyanda gülməkdən uğundum. (Ay səni, xətakar!) Ata ilə bağlı səhnəni oxuyanda, — bəlkə də belə yazmasaydın daha yaxşı olardı, — deyə düşündüm.
Yaşayıb keçdiyimiz dövr yenidən gözümün önündən keçdi. SSRİ boyda bir imperiyanın dağılmasının şahidi olduq. Aman tanrım, o nə dövr idi? «Yaxından» tanıdığımız neçə-neçə insanın dəyişdiyini gördük. Bəlkə də dəyişmədilər, şərait yaranan kimi iç üzlərini çölə qoydular. Leksikonumuza təzə ifadələr girdi: Filankəs sifətini qoruyan adamdır, filankəs isə … biri imiş. Nələr elədilər, nələr! Cavid əfəndi demişkən:
Sellər kibi qanlar tökür insan,
Canlar yakır, evlər yıkır insan.
Beynimdən bir fikir keçdi: «Görəsən Allah insanı yaratdığına peşiman olmayıb ki? Əgər belədirsə, bu iblisin qələbəsidir və Allah nahaq yerə onu (iblisi) öz dərgahından qovub». Bu fikir hardan ağlıma gəldi? Lap kafir olub getmişəm. Deyəsən bunun günahkarı sənsən, daha doğrusu, sənin kitabındır axı.
Kimlər yadıma düşdü… Rəhmətlik Nəcəf, Aydın Məmmədov… Heç yadımdan çıxmaz. 20 Yanvar qırğınından bir neçə gün sonra bir yerdə oturmuşduq. Hamı matəm içində, heç kim nə edəcəyini bilmir. Kimsə, sanki sükutu pozmaq üçün dilləndi: «Neynək, qələbə qurbansız olmur». Aydın rəhmətlik yuxusuz, yorğun gözləri ilə hamını süzdü və ömür boyu yadımdan çıxmayacaq bir cümlə dedi: «Məsələ qurbanda deyil, uşaqlar. Məsələ ondadır ki, gözümüzün qabağında anamızı zorladılar və biz heç nə edə bilmədik». Mən o anda nədənsə sənin üzünə baxdım. Gözlərin dolmuşdu. Mənim ağladığımı heç kim görməsin deyə, otaqdan çıxdım.
Nələri yada saldın, nələri! Bəzilərini unutmuşdum, bəzilərini unutmaq istəmişdim.
İndi sayəndə dünyanı nəhəng bir aeroport kimi görürəm. İnsanlar da sanki bu nəhəng aeroportun içərisində ora-bura vurnuxan sərnişinlərdir. Hərənin cibində bir bilet, öz uçağının vaxtını gözləyir. Görəsən hamı eyni yerə uçur? Ya biletlər fərqlidir? Nə fərq ola bilər ki, deyə düşündüm, dərhal da cənnət və cəhənnəm yadıma düşdü. Gənc yaşlarda insan nədənsə bu barədə heç fikirləşmir. Elə bilirik ki, biz də dünya durduqca duracağıq. Amma sonra yavaş-yavaş ətrafımızdan yaxınlarımız, dostlarımız bir-bir azalır. Hər dəfə itirdiyimiz kimsə, sanki özü ilə bizim də bir parçamızı aparır və biz yavaş-yavaş azalırıq, tükənirik. Beləcə azala-azala, tükənə-tükənə bir də görəcəyik ki, daha çiyinlərimiz illərin ağırlığına tab gətirmir və mağarın divarından öz şəklimiz asılıb. Həə… İnsanın öz yasında iştirakı (səndən də sözlər çıxır a…).
Yaşa dolduqca daha çox keçmişə boylanırıq. Nəyi çatdırdım, nəyi çatdırmadım, deyə. Deyəsən, ağ elədim. Çox pessimist oldu. Amma bu təkcə mənim günahım deyil. Bir az da sənin kitabının təsiridir. «Son çağrı»nı oxuyandan sonra bir neçə gün «depresyondayım» mahnısını oxumuşam. Əslində onu da sənə yaraşdırmadım. Mənim tanıdığım Arif heç vaxt, hətta ən çətin günlərdə də pessimist olmayıb. Nə oldu sənə birdən-birə? Bəlkə də səhv edirəm, bu pessimizm deyil, ahıllıqdır? Təzadlı və coşqun həyat yaşamış, kifayət qədər təcrübəli bir insanın həyata, onun əbədi olmadığına normal yanaşması. Müdriklik. Bəlkə də… Ağ və qaranı bir-birindən seçmək çox asandır. Ən çətini yəqin və bəlkə arasında seçim etməkdir. Şübhə mane olur.
Yenə fikrim qarışdı. Anlamaq istədiyim bir şey var. Sən bu kitabı nə məqsədlə yazdın? Ürəyini boşaltmaq istəyirdin? Yoxsa özünə sübut etmək istəyirdin ki, son çağrıya hazırsan? Bəlkə xof, qorxu və ya vicdan, məsuliyyət, borc? Yoxsa sən də özünü Gülhanə bağındakı yalqız ceviz ağacı kimi hiss elədin? Bilirsən, son vaxtlar qulağıma tez-tez həzin, kövrək bir mahnı səsi gəlir. Sanki kimsə içimdə hönkürtü ilə haray çəkir:
Aman təklik əlindən,
Bidad təklik əlindən.
Niyə, nədən məhz bu mahnı? Yoxsa bu yarım əsri çoxdan keçmiş bir ömrün «nə tez keçdi» harayıdır? Aman tanrım, yoxsa son çağrı? Deyəsən bir az qorxuram.
Nə idi bu son çağrı? «Səmimi» pessimizm, yoxsa müdriklik? Aeroport növbətçisinin uçağa gecikən ərköyün sərnişinə son xəbərdarlıq çağırışımı? Yoxsa həyatının bəlli bir hissəsini yaşayıb onun əbədi olmadığına normal və müdrik baxan birinə yönəlmiş mələk-Əzrayıl çağırışı?
Yenə şübhə… İçimdə bir təlatüm var. «Son çağrını» oxuyandan sonra iki hiss arasında çırpına-çırpına qalmışam. Bunun səbəbkarı sənsən. Bilmirəm müəllif olaraq savab qazandın, yoxsa günah? Məqsədin hansını qazanmaq idi? Bəlkə…
Nə isə… Sağ- salamat qal, əziz dost. Özündən muğayat ol. «Aeroportda» görüşənədək.
P.S. Allah Aslan əmiyə rəhmət eləsin. Sona xalaya isə sağlam və uzun ömür.
Hörmətlə: Mehdi Sadıxov.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 489