Arayışlaşan kreditlər: Səbəb qaytarılmayan kreditlərin 1 milyarda çatmasıdır
Mərkəzi Bankın məlumatına görə, ödənilmə vaxtı keçmiş, amma qaytarılmayan kreditlərin miqdarı 1 milyard manat təşkil edir. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Bu məlumat Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağasına aydınlıq gətirdir.
Bank qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.Bəs problemli kreditlərin sayının artması nəyin görsənişidir və bununla mübarizədə atılan addımları nə dərəcədə effektli saymaq olar?
İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, son zamanlar yüngül sənədləşmə, amma ağır şərtlərlə kredit verilməsi dəbə minib. Ona görə bu istiqamətdə banklar arasında bir rəqabətin formalaşdığını deyən Q.İbadoğlu vurğuladı ki, hazırkı şəraitdə banklar daha çox müştəri cəlb etməyə çalışırlar: «Son bahalaşma prosesi, təlabatların genişlənməsi, ailə büdcəsinin idarə olunmasındakı çətinliklər vətəndaşları məcbur edir ki, onlar çətinliyi borc vəsaitləri hesabına qapatsınlar. Bu da getdikcə kütləviləşir. Milli Bankın narahatlığı məhz bu tendensiyadan qaynaqlanır. Mərkəzi Bank digər banklardan hesabatlar qəbul edir. Mərkəzi Bank verilən kreditlər, onların ödənilməsiylə bağlı daha çox məlumatlıdır. Çünki kommersiya bankları öz maliyyə durumlarını açıqlamasalar da, Mərkəzi Bank qarşısında hesabat verməyə məcburdurlar. Ona görə də Mərkəzi Bank kommersiya banklarının kredit portfelinin vəziyyətini dəyərləndirərək, belə bir qərar verib. Kredit portfeli də müxtəlif borclar haqqında məlumatlardan ibarətdir. Mərkəzi Bank təhlükənin qarşısını almaq üçün belə bir addım atıb. Çünki hazırkı durumun dava etməsi bir tərəfin maliyyə vəziyyətinin, digər tərəfin isə ailə büdcəsinin pisləşməsinə səbəb ola bilər».
Ölkədə istehlak kreditlərinin sayının və məbləğinin sürətlə artdığını deyən Q.İbadoğlu vurğuladı ki, bu isə onu göstərir ki, ailə büdcəsini idarə etmək asan deyil. Və vətəndaşlar ailə büdcəsini idarə etmək üçün əlavə borc vəsaitlərinə müraciət edirlər: «Azərbaycanda kreditlərin verilməsiylə başqa ölkələri müqayisə etmək düzgün deyil. Çünki digər ölkələrdə kreditlər aşağı faizlərlə verilir. Azərbaycanda isə istehlak kreditlərinin faizi kifayət qədər yüksəkdir. Bu isə əhəmiyyətli dərəcədə xərc tələb edir. Digər tərəfdən Azərbaycan vətəndaşının ABŞ vətəndaşı kimi ailə büdcəsini idarə etmək qabiliyyəti o qədər geniş deyil. Azərbaycanda hazırda hətta bəzi banklar digər banklara olan kredit borclarını qaytarmaq üçün borc elanları verirlər. Bəyan edirlər ki, gəl məndən borc götür və get başqa borclarını bağla. Bu o deməkdir ki, vətəndaşların bir çox banklar qarşısında böyük öhdəlikləri yaranıb».
İqtisadçı Samir Əliyev deyir ki, bu addım əslində Mərkəzi Bankın uzun müddətdən bəri həyata keçirməyə planlaşdırdığı strategiyanın tərkib hissəsidir. Strategiyanın qayəsini istehlak kreditləşməsini məhdudlaşdırmaqdır. Səbəb odur ki, ölkədə istehlak kreditləşməsinin həcmi ildırım sürəti ilə artır. İl ərzində artım tempi 30-40% təşkil edir. Bu artım həm ümumi kredit qoyuluşunun, həm də biznes kreditlərinin artımını üstələyir. Artıq 2013-cü ilin dekabrın 1-i tarixində istehlak kreditinin həcmi 6 milyard manatı keçib.
Onun fikrincə, artıma səbəb son dövrlər istehlak kreditləşməsi bazarında faiz dərəcələrinin nisbətən aşağı düşməsi, kreditin verilmə şərtlərinin yumşaldılmasıdır:”Biznesdə risk səviyyəsinin yüksək olması səbəbindən banklar bu sektoru maliyyələşdirməkdə maraqlı deyillər. İstehlak kreditləşməsi isə biznes kreditlərdən fərqli olaraq az vəsait tələb edir və qısa müddətə verilir. Faizləri isə biznes kreditlərindən yüksək olur.Misal üçün, bank ona müraciət edən şirkətə 10 milyon manat məbləğində kredit xətti açır. Həmin şirkət hansısa səbəbdən krediti qaytara bilmir. Bu vəsait böyük olduğundan banka da dəyən zərər yüksək olur. Amma bank həmin vəsaiti hər biri 10 min manat olmaqla ən azı 1000 nəfərə və ya hər biri 5 min manat olmaqla ən azı 2000 nəfərə istehlak krediti şəklində verir. Hətta müştərilərin müəyyən hissəsi krediti qaytara bilmədikdə bank yüksək faiz hesabına zərəri aradan qaldırır. Ona görə də bankların özlərini sığortalamaq və riskləri azaltmaq üçün istehlak kreditləşməsi bazarına üz tutmaq məcburiyyətində qalıblar. Əvvəllər əsasən kiçik banklar bu bazarın iştirakçıları idisə, indi böyük banklar da daxil olmağa başlayıb”.
İqtısadçı qeyd edir ki, istehlak kreditlərinin ümumi kreditlərdə payı 2010-cu ildə 30% idisə, hazırda bu göstərici 40%-ə çatıb. Bu templə 2014-cü ildə 50%-ə çatması da təəccüblü olmazdı. İstehlak kreditləşməsinin payının artması problemi təkcə Azərbaycanda yox, həmçinin MDB ölkələrində, o cümlədən Rusiyada aktualdır. Bu kreditlərin adından göründüyü kimi istehlak tələbatının ödənilməsi üçün istifadə edilir. İstehlak kreditləri iqtisadiyyatda əlavə təlabat yaratdığından bir qayda olaraq istehsalı stimullaşdırır. Ancaq Azərbaycan kimi ölkələrdə istehlak krediti (ipoteka krediti xaric) yerli istehsalı yox, xarici istehsalı stimullaşdırır. Almaniya, Fransa, Yaponiya və s kimi inkişaf etmiş ölkələrdə istehlak kreditləri həmin ölkələrinin istehsalçılarının məhsullarının (maşın, telefon, komputer və s.) alınmasına yönəldilir və bununla da yerli istehsalı stimullaşdırır. Azərbaycanda isə istehlak kreditini ona görə götürürlər ki, Almaniya, Fransa, Yaponiya kimi ölkələrin istehsalı olan avtomobilləri, komputerləri, televizorları, telefonları və s. alsınlar. Çünki ölkədə bu tip mallar istehsal olunmur. Banklarımız da onlardan asılı olan və olmayan səbəbdən yerli sahibkarlarımızı dirçəldəcək biznes kreditlərinə yox, xarici ölkələrdə sahibkarlığın inkişafına töhfə verə biləcək istehlak kreditlərinə üstünlük verməli olurlar. Nəticədə yerli istehsal vəsait qıtlığı səbəbindən sıradan çıxır, əvəzində idxal stimullaşır. İstehlak kreditləri ev təsərrüfatlarının xərclərini artır və buna uyğun olaraq ÜDM artır.
Əliyev xatırlatdı ki, istehlak kreditləşməsinin məhdudlaşdırılmasına və bankların biznes layihələrini kreditləşdirilməsinə sövq etməyə yönəldilsə də, bu addım ciddi nəticə verməyəcək. Çünki bankların biznes kreditləşməsində qaçmağının əsas səbəbi bu sahədə risklərin çox olmasıdır:”Nə qədər ki, ölkə iqtisadiyyatında iqtisadi və əksmərkəzləşmə islahatları aparılmayıb, mülkiyyət hüququ təmin edilməyib, məhkəmə sistemi norml işləmir, girov mexanizmi mürəkkəbdir, banklar çıxış yolunu ancaq istehlak kreditləşməsi bazarında görəcəklər.
Mərkəzi Bankı son addımını daha çox preventiv tədbir kimi qiymətləndirmək olar. Bu, yaxın dövr üçün müəyyən narahatçılıq yaratsa da uzunmüddətli dövrdə öz bəhrəsini verəcək. Mərkəzi Bankın tədbirləri daha çox post neft dövrü üçün bank sistemini qorumağa yönəlib”.