Aqro-ərzaq zəncirinin inkişafında özəl sektorun rolu müzakirə edildi
Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (QDİƏT), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması” mövzusunda forum keçirilib.
Forum ƏKTT ilə QDİƏT Biznes Şurası arasında keçiriləcək ilk yüksək səviyyəli tədbir olmaqla, aqro-ərzaq sənayesinin inkişafı istiqamətində regional miqyasda məhsuldar əməkdaşlıq üçün real zəmin yaradıb. Forumun məqsədi aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi üzrə regional səviyyədə müzakirələrin aparılması, üzv ölkələr arasında təcrübə mübadiləsi, habelə çağırışların və prioritetlərin müəyyən olunması üzrə regional strategiyanın formalaşması və özəl-dövlət sektoru arasında tərəfdaşlığın təşviqi vasitəsilə kiçik və orta sahibkarlığın bu sahəyə cəlb olunması kimi məsələləri əhatə edib.
Forumda QDİƏT üzv ölkələrindən kənd təsərrüfatı və iqtisadiyyat nazirləri, habelə kənd təsərrüfatı sahəsindəi xtisaslaşmış qurumların (birliklər, assosiasiyalar, konfederasiyalar və s.) rəhbərləri və özəl sektor təmsilçiləri iştirak ediblər.
Forumu açan QDİƏT-in Biznes Şurasının Baş katibi Məmməd Zülfüqarov tədbirin əhəmiyyətindən , aqro-ərzaq zəncirinin inkişafının vacibliyindən söhbət açmışdır.
Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov forumda çıxış edərək bildirib ki, aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi ərzaq təhlükəsizliyi kontekstində çox mühüm əhəmiyyətə malik olduğundan, bununla bağlı forumun keçirilməsi təşəbbüsü yüksək qiymətə layiqdir. Aqrar sektorun iqtisadiyyatın inkişafında yeri və rolu, aqrar siyasət və onun vəzifələri, prinsipləri barədə məlumat verən Azər Əmiraslanov onu da qeyd etmişdir ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi strateji vəzifədir və bunun uğurla həyata keçirilməsi təkcə kənd təsərrüfatının yox, ümumiyyətlə aqrar-sənaye kompleksinin inkişafını tələb edir. Bu gün iqtisadi inkişafın davamlı, dayanıqlı şəkildə qurulması, təmin olunması aqrar sektorun inkişafından asılıdır. İqtisadiyyatın şaxələndirilməsinin, eyni zamanda qeyri-neft sektorunun inkişafının ən mühüm şərtlərindən biri kənd təsərrüfatının potensialının tam reallaşdırılmasından ibarətdir. Hazırda ölkəmizdə əhalinin yarısı kənd ərazisində yaşayır. Deməli, aqrar siyasət eyni zamanda ciddi sosial problemlərin həllinə yönəldilmişdir. Məşğul əhalinin 40 faizi kənd təsərrüfatında çalışmaqdadır və aqrar siyasət həm də iş yerlərinin açılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Yoxsulluğun azaldılmasına aqrar sahədə problemlərin həllinin mühüm təsiri vardır. A.Əmiraslanov vurğulayıb ki, aqrar sektora dövlət tərəfindən genişmiqyaslı dəstək proqramları həyata keçirilir. Bu dəstəyin istiqamətləri də çoxşaxəlidir. Məsələn, bu günlər bölgələrdə kənd təsərrüfatı üçün infrastruktur yaradılmaqdadır. Dövlət investisiyaları bu sahəyə yönəldilir. “Aqrolizinq” ASC dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və onun emalı sahələrinə yönəlmişdir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddır. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya olunur. Ümumiyyətlə, dövlət bütün istiqamətlər üzrə fermerlərə öz dəstəyini verməkdədir. Vəzifələrə gəldikdə, birinci mühüm məsələ dövlət dəstəyinin səmərəli təşkil olunmasıdır. Bu, aqrar siyasətdə prinsipial vəzifə kimi Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuşdur və aqrar siyasəti həyata keçirən qurumlar bu məsələyə xüsusi diqqət yetirməkdədirlər.A.Əmiraslanov qeyd edib ki, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə olunması da gündəlikdədir. Texnika parkının modernləşdirilməsi, daha müasir innovativ texnologiyaların tətbiqi də gündəmdə olan məsələlərdəndir. Həm bitkiçiliyin, həm də heyvandarlığın intensiv inkişaf etdirilməsi hesabına ölkədə məhsuldarlığın artırılması və kənd təsərrüfatının rəqabətqabiliyyətinin təmin olunması əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, əkin sahəsi strukturunun təkmilləşdirilməsinə, xüsusilə də gəlirli sahələrin ixrac potensialı olan yeni dəyər yaratmaq imkanlarına malik sahələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılacaqdır. A.Əmiraslanov deyib ki, Azərbaycanda aqrar sahədə institusional islahatların istiqamətləri müəyyən edilmişdir. Bununla bağlı dövlətimizin başçısı aqrar siyasəti həyata keçirən qurumlara ciddi tapşırıqlar vermişdir. Aqrar idarəçiliyin, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir. Dövlət dəstəyi mexanizminin də təkmilləşdirilməsi, subsidiya siyasətinə yenidən baxılması, kadr təminatı problemlərinin həll olunması, elektron kənd təsərrüfatı bu gün prioritet məsələlərdir. Elektron kənd təsərrüfatı çərçivəsində fermerlərin elektron qeydiyyat sisteminin yaradılması dövlət başçısı tərəfindən xüsusi olaraq tapşırılmışdır. Bu çərçivədə həyata keçiriləcək mühüm məsələlərdən biri də torpaqların elektron qeydiyyat sisteminin yaradılmasıdır.
A.Əmiraslanov bildirmişdir ki, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi, qida təhlükəsizliyi, müasir dövr üçün aqrar sənaye kompleksinin inkişaf strategiyasının hazırlanması da gündəlikdə olan məsələlərdəndir. Ölkədə fermerlərə dövlət dəstəyinin səmərəli təşkil edilməsi, kənd təsərrüfatının effektivliyinin təmin olunması, sahənin məhz bazar iqtisadiyyatı prinsipləri üzərində inkişafı, bitkiçiliyin şaxələndirilməsi, kənd təsərrüfatında müqayisəli üstünlüklərin nəzərə alınması, həm aqrar siyasətdə, həm də iqtisadi siyasətdə məhsul zənciri, dəyər zənciri əsas prinsiplərdəndir. Dəyər zəncirinin inkişafı aqrobiznesin və ərzaq bazarının daha səmərəli fəaliyyətini təmin edir. Ərzaq zənciri istehsal, logistika, emal, satış, istehlak mərhələlərinə kimi bütün həlqələri əhatə edir. Bu həlqələrin bir-biri ilə əlaqələndirilməsi vacibdir.
A.Əmiraslanov bu sahədə mövcud problemlər və görüləcək işlər barədə də danışmış, “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamının əhəmiyyətindən bəhs etmişdir.
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə ərzaq zəncirinin inkişafında özəl sektorun cəlb edilməsinin vacib olduğunu qeyd edib. S.Həsənova qeyd edib ki, kənd təsərrüfatı mürəkkəb dünya iqtisadiyyatı şəraitində artım nümayiş etdirməyə davam edən azsaylı sektorlardan biri oldu. FAO-nun proqnozlarına əsasən 2050-ci ildə ərzağa təlabat 2006-cı illə müqayisədə 70% artacaqdır. Bu, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsini daha da aktual edir. Bu problemin həlli ən vacib məsələlərdən biridir. Bu fakt onu göstərir ki, hazırda ərzaq təhlükəsizliyi probelminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir. S. Həsənova bildirib ki, qarşıda duran mühüm vəzifə ixrac potensialından maksimum dərəcədə faydalanmaq, milli istehsala əsaslanaraq kənd təsərrüfatı məhsulların dərin email və ixracına nail olmaqdır.Azərbaycanda kənd təsərrüfatı istehsalının təqribən bütün həcmləri özəl sektor tərəfindən təmin edilir. Onun sözlərinə görə, Azərbaycanda aqrar sahədə istehsalın əhəmiyyətli artımı sovet dövründən fərqli olaraq, özəl sahibkarların səyləri sayəsində əldə olunub. Hazırda özəl sektor ölkədə kənd təsərrüfatı istehsalının təxminən 100 faizini təmin edir. Nazir müavini əlavə edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən hesab olunur. Bu sahədə 2001-ci ildən ölkədə həyata keçirilən dövlət proqramları kənd təsərrüfatı məhsullarının istehsal həcmlərinin artmasında və əhalinin təminat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayıb. S.Həsənova qeyd edib ki, gündəlikdəki məsələlər yerli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının inkişafıdır. Bununla əlaqədar olaraq aqrar-sənaye kompleksi yeni iş yerlərinin yaradılması vasitəsi və əhalinin gəlirlərinin artırılması aləti kimi həlledici rol oynayacaq. Azərbaycan hökuməti kənd təsərrüfatı istehsalçılarına hər cür dəstək göstərir. Bu dəstək Sahibkarlığa Kömək Milli Fondunun xətti üzrə güzəştli kreditlərin verilməsi və kənd təsərrüfatı texnikasının güzəştli lizinqi mexanizmləri, eləcə də vergi tətilləri və digər vasitələrlə göstərilir. S.Həsənovanın sözlərinə görə, ölkənin aqrar-sənaye kompleksinin gələcək inkişafının prioritetlərindən biri Azərbaycanın ixrac potensialının genişləndirilməsidir. Bunun üçün ölkə daxilində və xaricində iri logistik mərkəzlər yaradılır. Biz həmçinin analoji obyektlərin MDB ölkələri, məsələn, Rusiyada tikilməsini təklif edirik. Bu layihələr FAO və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların da dəstəyini qazana bilər.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinaseur Azərbaycanda aqrar sahənin inkişaf etdrilməsi istiqamətində maraqlı təkliflərlər səsləndirib. M. Sinaseur Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin strukturunda yeni qurumların yaradılması təklifini edib. Onun sözlərinə görə, bu yeni qurumlar kadr hazırlığı və aqro-biznes üçün yeni proqramların inkişafına təkan verəcək. Qonaq Nazirliyin tərkibində marketinq şöbəsi yaradılmasını da zəruri hesab edib. Bildirib ki, bu, gələcəkdə ölkədə ərzaq təsərrüfatı, kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təminatına zəmin yaradacaq. Yeni şöbələrin yaradılması öz növbəsində yeni inkişaf proqramlarının həyata keçirilməsinə geniş imkanlar açacaqdır.
QDİƏT-in baş katibi Viktor Tvirkun Bakıda Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli beynəlxalq forumdan əvvəl bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) birgə fəaliyyət göstərmək niyyətindədirlər. Baş katib deyib ki, bu forum təkcə dövlətə deyil, hər bir insana aid aktual problemlərin müzakirəsi üçün nadir imkanlar yaradır. Söhbət ərzaq təhlükəsizliyindən, qida məhsulları ilə təminat və onların istehsalından gedir. Onun sözlərinə görə, forum iştirakçıları qarşısında duran vəzifələrdən biri həm regional, həm də qlobal miqyasda müxtəlif strukturların fəaliyyətinin sinxronlaşdırılmasıdır: «Sinxronlaşdırmadan danışarkən, mən QDİƏT-lə FAO arasındakı əməkdaşlığı nəzərdə tuturam. Bundan başqa, ümid edirəm ki, yaxın gələcəkdə biz təşkilatlarımız arasında qarşılıqlı anlaşma memorandumu imzalayacağıq. Bu sənəd təşkilatlarımızın vahid fəaliyyət planını yaratmağa imkan verəcək.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev də çıxış edib. İ.Quliyev bildirib ki, forum işgüzar əlaqələrin yaradılmasına imkan verəcəkdir.Forumda müzakirə edilən prioritet istiqamətlər və görüşlərin nəticələri aqrar sahədə geniş potensiala malik Azərbaycanda aqrar sahədə istehsal və sahələrində özəl bölmənin rolunun artmasına və aqrobiznes sektorunun inkişaf etdirilməsinə təkan verəcəkdir. Son illərdə aqrar sektorun inkişafı üzrə həyata keçirilən dövlət siyasətinin əsasını bu sahədə özəl sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi təşkil edir. İ.Quliyev onu da qeyd edib ki, forum çərçivəsində aparılacaq müzakirələrin nəticəsi olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq sənədlərin hazırlanmasında faydalı olacaqdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək aqro-ərzaq zəncirinin inkişafının, bu sahəyə özəl sektorun cəlb edilməsinin vacibliyindən danışıb. M.Musayev bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası forumun yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qara Dəniz İqtisadi Əməkdaşlıq Biznes Şurasının Yüksək Səviyyəli forumunda təşkilatçı kimi bu foruma maraq göstərən təşkilatın nümayəndələri ilə görüşdən məmnunluq duyur. Bu forumun Azərbaycanda keçirilməsi keçirilməsi, ölkənin nüfuzunun daha da yüksəlməsinə, iqtisadi proseslərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək, beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli olacaqdır. M.Musayev 2014-cü ildə qarşıda duran əsas vəzifələrdən də söhbət açaraq cari ildə aqrar sənayenin inkişaf etdirilməsi üçün ciddi tədbirlər görüldüyünü də istisna etməyib.
Forumda “2020 hədəfləri: Azərbaycanda aqro-ərzaq zəncirinin inkişafı”, “QDİƏT regionunun aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi üzrə prioritetlər və çağırışlar”, “Azərbaycanda kənd təsərrüfatı və aqrosənaye sahəsinin vəziyyəti və inkişaf prioritetləri” və digər mövzularda məruzələr dinlənilmiş, “dəyirmi masa”lar təşkil olunmuş, müzakirələr aparılmışdır.
Forumda QDİƏT-in Biznes Şurası ilə Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi arasında əməkdaşlıq müqaviləsi imzalanmış, forum iştirakçıları adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə olunmuşdur.